"Tualetlik nə işin varsa, indidən gör..."

img

17-11-2014 [12:45]


Emin Tarverdiyev email: [email protected]

Xudu yaxşı qonşudu, halalına haram qatmayan adamdı. Keçən yazıda necə tərif etmişəmsə buna ləzzət edib, bu səbəbdəndi ki, məhəlləmizdə futbolla maraqlanan-maraqlanmayan, bütün kişi, arvad, yaşlı, qoca, cavan - hamısına məni tərifləyib. Həmin yazıdan qazanan həm Xudu olub, həm də saytımız. Onun dükanına sarımsaqlı şoraba almaq üçün müştəri axını başlayıb, o da hər müştərisinə balaca kağızlarda "Arvadın yanındakı kişi" yazımın linkini verir, deyir ki, imkan olsa, oxuyarsız, mənim haqqımda da yazıblar. Amma yazıq gözə gəldi, vergi "ilişib" tifilə. O gün mənə dedi ki, onlardan da yaz. Dedim ay Xudu, futbol, hokkey, basketbol oynasalar, yazaram, mən onlardan nə yazım? Dedi oynayırlar da ay Emin, qazandığım pulla oynayırlar, çörəyimlə oynayırlar, uşağımın boğazı ilə oynayırlar, həftəbecər şorabasını satmaq üçün kassa aparatı qoydurmaq istəyirlər mənə. Sözləri məni kövrəltdi, inanın ki, həmin gün gecə saatlarınacan o sözlər qulağımda cingildədi.

Xudu başımı necə qatıbsa, futbol yadımdan çıxıb e. Milli komandamız altı ildən sonra ilk dəfə olaraq Berti Foqtssuz çıxdı meydana. "11"-liyin himnimizi oxuması ləzzət elədi. Ən azı qürurverici idi. Çünki Bertinin vaxtında o qədər legioner "dürtmüşdülər" komandamıza ki, himnimiz oxunanda "broyler" toyuqlarını xatırladırdılar. "Şişmişdilər", himnimizi bilməmələri cəhənnəmə, nə öyrənmək istəyirdilər, nə də düz-əməlli oyun oynayırdılar.

Çox cahilsiz. Cahil deyəndə inciməyin e, ərk edib deyirəm. Bilirəm ki, bu oyunda "Professor"un komandasından qələbə gözləyirdiz. Belə də ki, düz edib cahil deyirəm sizə, bu millidən qələbə gözləmək olardı? Bundan belə hələ çox məğlubiyyətlər görəcəyik, amma səbrli olmaq lazımdı. Bilirsiz niyə?

Kənddən biri gəlir şəhərə, gecə dostunun evində qalası olur. Yeyib-içirlər, gecə yatmaq vaxtı gələndə, dostu pıçıldayır ki, tualetlik nə işin varsa, indidən gör. Otaqlarımız iç-içədi, gecə durub tualetə gedə bilməyəcəksən. Qonaq dostuna fikir vermir, deyir mən gecə başımı qoyub yatıram, bir də səhər dururam. Gecənin bir aləmində qonaq görür ki, vəziyyət xarabdı, qarnı sözünə baxmır. Dilxor olur, ha özünü sıxır, bəlkə qarınağrısı keçə, görür ki, yox ee, lap bərkiyir. Durub birtəhər çıxır balkona. Görür ki, balkonda yekə bir gül dibçəyi var. Torpağın yarısını boşaldır yerə, ehtiyacını ödəyir və yenidən torpağı doldurur dibçəyə. Qonaq qayıdır girir yorğan-döşəyə, amma səhərəcən ilanvuran yatır, bu yatmır, o başdan durub çıxır dostugildən. 

Əlaqələr itir, iki-üç il bu dostların bir-birindən xəbəri olmur. Günlərin birində kəndə teleqram gəlir. Teleqramda dostu yazırdı: "Qardaş, hər nə eləmisən, canın sağ olsun. Amma xahiş edirəm, o zibili hara etmisənsə, onun yerini de. Səndən sonra 4-5 ev dəyişmişik, amma o iy bütün evlərimizdən gəlir".

İndi də bizim bu milli komandamız… Hələ çox uduzacaqlar. Çünki bu komandanın içinə Berti Foqts elə "etdi" ki, hələ "iyi" çox gələcək. Necə ki, həmyerlisi Hans Yurgen Gede də vaxtiylə "Neftçi"ni "iyləndirmişdi", uzun illər "Neftçi" bu iydən xilas ola bilmədi. 

Dostum Tahir Tahiroviç iddia edir ki, Azərbaycan millisinin baş məşqçisi postuna Əsgər Abdullayev gətirilməlidi. "Niyə"sinə isə bu günlərdə Komanda.az-a yazacağı köşəsində aydınlıq gətirəcək.

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA