Deputat Qalib Salahzadə haqda şok iddialar

img

11-11-2014 [14:38]


Milli Məclisin deputatı Hacı Qalib Salahzadə parlamentin oktyabrın 28-də keçirilmiş plenar iclasında "bir az cürətli” çıxış etdi.
 
Özünün də etiraf etdiyi kimi, "düz danışdım” deməsinə yəqin özündən başqa inanan olmasa da, bu məsələ hələ də gündəmdən düşməyib. Həmin cəsarətli çıxışında Hacı Qalib qeyd etdi ki, artıq bələdiyyələrə seçiləcək şəxslərin, hətta sədrlərin də adları bəllidir. Beləliklə, o, icra strukturlarının seçkilərə müdaxiləsini önə çəkərək ölkənin seçki sisteminə böhtan atmaqdan belə çəkinmədi. Düz danışmadı, sadəcə yalanı cəsarətli danışdı...

Görəsən, bu cəsarəti o haradan və kimdən alıb? Bəziləri bunu hörmətli qudası Şeyxlə əlaqələndirməyə çalışdı. Bəziləri də başqa yerlərdə axtarmağa başladı. Məlum çıxışından iki gün sonra mətbuata müsahibə verən Hacı Qalib "mən İlham Əliyevin çörəyini yeyirəm” dedi. Özünün iqtidarın 1 nömrəli adamı olduğunu bildirdi?!

Yenə səhv etdi. Axı iqtidarın 1 nömrəli adamı iqtidar partiyası olan YAP-ın sədri cənab İlham Əliyevdir. Daha sonra isə YAP rəhbərliyinə daxil olan şəxslər gəlir. Bəs sıravi YAP-çı necə iqtidarın 1 nömrəli adamı ola bilər?

Yəqin buna da onun özündən başqa inanan olmadı... Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı və Bilgəh icra nümayəndəsinin təyinatı ilə bağlı başladığı açıq və qapalı konflikti onu parlamentdə bu cür danışmağa vadar etdi. Deməli, şəxsi maraqlar dövlət siyasəti və marağından da üstün imiş. Bəs onda bu şəxs iqtidarın 1 nömrəli adamı necə ola bilər?

Şəxsi maraq demiş, yadıma yaxın keçmiş düşdü. 90-cı illərdə hakimiyyət dəyişiklikləri zamanı Hacı Qalib digər hakimiyyətlərdə də olduğu kimi, şəxsi maraqları naminə həmin hakimiyyətdə olan şəxslərlə əlaqə yaradaraq biznesini artırdı, ayrı-ayrı şəxslərin torpaqlarını əllərindən ala bildi. Zəfəran sovxozunun torpaqlarını öznünküləşdirdi.

Vəzirov dönəmində hakimiyyətə yaxınlığı ilə seçilən "Kommunist” nəşriyyatının direktoru Cəmil Əlibəyovla əlaqə yaradaraq şəxsi maraqlarını təmin etdi.

Daha sonra Bakı meri mərhum Sənan Əlizadə ilə əlaqə yaratsa da, sonralar o vəzifədən getdikdən sonra S.Əlizadənin Bilgəhdəki bağına gedən yolu və suyu kəsdi. Çünki artıq başqa hakimiyyət gəlmişdi və adını çəkmək istəmədiyim digər nüfuzlu şəxslə əlaqə qurmuşdu.

Həmin müsahibəsində jurnalistin sualına bir daha "cəsarətli danışdım, ancaq düz danışdım” deyən Hacı Qalib, növbəti sualda ona bu çıxışı üçün Siyavuş Novruzov və Arif Rəhimzadə tərəfindən irad tutulduğunu bildirən jurnalistə cavabında "mən onların fikirləri ilə razıyam. Elə ona görə də o kəlməni işlətdim ki, mən cəsarətli danışdım, amma düz danışdım” deyə cavab verir (bax: müsavat.com – 31.1.2014, 10:42).

Məncə oxuculara Hacı Qalibin artıq hansı bilik, məntiq sahibi olduğunu şərh etməyə ehtiyac yoxdur.

Elə həmin gün analitika.az saytında  Hacı Qalib haqqında gedən yazıda Hacı Qalibin nənəsindən qalmış 7 mərtəbəli binadan tutmuş onun babasından qalmış qızıl onluqlara qədər fikirləri ilə tanış olan oxucular pul qazanmağı öyrənən, lakin deputatlığı öyrənməyən, ölkənin siyasi sisteminin əsasını təşkil edən seçkilər haqqında əsassız fikirlər söyləyən, özünü təhsili dəqiq bilinməyən "kadr” kimi təqdim edən "deputat” Hacı Qaliblə tanış oldular.

Bütün hakimiyyətlər dövründə Bakı və onun kəndlərindən ölkənin siyasi hakimiyyətində, parlamentində gözəl ziyalı və söz sahibi olan ağsaqqallar təmsil olunublar. Lakin araşdırmalarımız göstərir ki, öz kəndi Bilgəhdən başqa digər Bakı kəndlərində nüfuz və söz sahibi olmayan Hacı Qalibin bu cür davranışı və çıxışının arxasında yenə də şəxsi maraqları durur.

Allah bütün hakimiyyətləri bu cür "kadr”lardan qorusun!

TİA.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA