İntiqam Əliyevin müayinələri haqda məlumat - qızı danışdı

img

01-11-2014 [23:25]


Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı aparılan müayinələrin nəticəsi açıqlanıb.

Hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoyun AzadlıqRadiosuna bildirdiyinə görə, onun boyun nahiyəsində osteoxondroz (duzlaşma), belində isə protruziya (yırtıq) aşkar edilib. 

Oktyabrın 31-də İntiqam Əliyevlə görüşən Nərmin Kamilsoy bildirir ki, atası etiraf etməsə də, onun səhhətində ciddi geriləmə hiss olunur:

«Pozitiv görünməyə çalışsa da, ayaqüstə dayana bilmir. Bu da belindəki yırtığa görədir. Bizə bildirdilər ki, müalicə ambulator şəraitdə davam edəcək. Baş ağrıları artıb. Özünün dediyinə görə, bu, həbsdən sonra əsəb sisteminin pozulduğuna və psixoloji gərginlik keçirdiyinə görədir. Gün ərzində cəmi 2-3 saat yata bilir. Çox sayda əsəbləri sakitləşdirən dərmanlar qəbul edir».

Nərmin Kamilsoy deyir ki, atasının səhhətinin ağırlaşmasına digər səbəb saxlanıldığı kamerada istilik sisteminin olmamasıdır:

«Kameralar çox soyuq olduğu üçün atam tez-tez qrip olur. Təcridxananın istilik sistemi noyabrın 15-də işə salınacaq. Ancaq söz veriblər ki, kameraya qızdırıcı veriləcək». 

İntiqam Əliyevin səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA