Mətbuatda ədəbi dil normalarının qorunması - Tədbir

img

27-10-2014 [18:55]


Gəncədə "Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda "dəyirmi masa” keçirilib.

 Mətbuat Şurasından bildirilib ki, "Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində reallaşdırılan tədbirdə Gəncə ilə yanaşı, ətraf bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər.
Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə təşkil etdiyi "dəyirmi masa”da Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsən Məmmədov layihənin əhəmiyyətindən bəhs edərək ana dilinin qorunması işində bütövlükdə cəmiyyətin mütəşəkkillik göstərməsinin vacibliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirir. Şura müxtəlif illərdə bu istiqamətdə təşəbbüslər reallaşdırıb və KİV-in monitorinqini aparıb. Hazırkı layihə medianın bu sahədəki fəaliyyətini daha da intensivləşdirmək məqsədi daşıyır. Ə.Amaşov vurğulayıb ki, bu layihə eyni zamanda Azərbaycan dövlətinin dil məsələlərinə həssas münasibətinin göstəricisidir. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Proqram məsələyə fundamental yanaşma baxımından son dərəcə faydalıdır və Mətbuat Şurasının üzərinə də məsuliyyət qoyur. Buna görə də qurum həm monitorinqləri davam etdirir, həm də müxtəlif maarifləndirici tədbirlər həyata keçirir.

Şuranın İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ana dilinin qorunması ilə bağlı proseslərin daim nəzarətdə saxlanılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, xüsusən internet mediada dil xətalarının çoxluğu narahatlıq doğurur. Belə hallara ictimaiyyət də öz münasibətini bildirməlidir. Baş redaktor eyni zamanda deyib ki, bununla bağlı KİV nümayəndələri tərəfindən irəli sürülən təkliflərin Milli Məclisin müvafiq komitəsinə təqdim edilməsi faydalı olardı.

"Xalq qəzeti”nin şöbə müdiri, Şuranın monitorinq qrupunun rəhbəri İlham Abbasov mediada ana dilindən istifadə ilə bağlı bir sıra xarakterik pozuntu hallarına diqqət çəkib.

"Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, "Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, "İnteraz” TV-nin bölgə müxbiri Qalib Rəhimli və başqaları ana dilindən istifadə sahəsindəki pozuntulara qarşı cəmiyyətin yekdil reaksiyasını formalaşdırmağa ehtiyac duyulduğunu vurğulayıb, bir sıra konkret təkliflər irəli sürüblər(AzerTac).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...