Qarabağ və Naxçıvan investisiyaların yeni ünvanı... - Güzəştlər biznesə yol açır

Qarabağ və Naxçıvan investisiyaların yeni ünvanı... - Güzəştlər biznesə yol açır

İQTİSADİYYAT

Bugün, 19:25

İnvestor üçün hər hansı regiona kapital yatırmaq qərarı yalnız iqtisadi potensialla deyil, investisiyanın təhlükəsizliyi, gəlirliliyi və uzunmüddətli perspektivi ilə müəyyən olunur. Vergi yükü, maliyyə resurslarına çıxış, infrastruktur və dövlət dəstəyi bu qərara birbaşa təsir göstərən əsas amillərdir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda tətbiq edilən yeni iqtisadi təşviq mexanizmləri xüsusi əhəmiyyət daşıyır.

Sahibkarlara təqdim olunan 10 illik vergi güzəştləri, sosial sığorta subsidiyaları, idxal üzrə vergi və gömrük azadolmaları, kreditlərə dövlət zəmanəti və faiz subsidiyaları regionlara özəl kapitalın cəlbi üçün yeni imkanlar yaradır. Xüsusilə 2026-cı ildən Naxçıvanda da 10 illik vergi güzəştlərinin tətbiqinə başlanılması regional iqtisadi inkişaf siyasətinin əhatəsini genişləndirir. Lakin əsas məsələ güzəştlərin mövcudluğu deyil, onların real investisiyaya, istehsala və yeni iş yerlərinə çevrilməsidir. İşğaldan azad edilmiş ərazilərdə 2023-cü ildən tətbiq olunan xüsusi vergi rejimi sahibkarları 2033-cü ilədək bir sıra vergilərdən azad edir.

Mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlərlə yanaşı, müəyyən istehsal sahələrində istifadə olunan texnika, avadanlıq və xammalın idxalına ƏDV və gömrük rüsumları üzrə azadolmalar nəzərdə tutulur. İstehsal müəssisələrinin elektrik enerjisi, qaz, su və tullantı suları üzrə kommunal xərclərinin 20 faizi də dövlət tərəfindən qarşılanır. Bu dəstək yalnız sahibkarları deyil, regionlarda çalışan insanları da əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə çalışan və məskunlaşan mütəxəssislər üçün əlavə məzuniyyət, əməkhaqqına əlavələr və 600 manat birdəfəlik müavinət kimi stimullar tətbiq olunur. 2026-cı ildə investisiya imkanlarını genişləndirən digər mühüm yenilik idxal güzəştlərinin əhatə dairəsinin artırılmasıdır.

Yeni təşviq olunan istiqamətlərə əczaçılıq, bərpa olunan enerji, şərabçılıq, elmi-tədqiqat, ət və süd məhsullarının emalı, heyvandarlıq, balıqçılıq, heyvan yemi istehsalı və kənd təsərrüfatı məhsullarının qablaşdırılması daxildir. Bu, regionlarda yalnız xammal istehsalının deyil, bütöv istehsal zəncirinin formalaşdırılması üçün imkan yaradır. Məsələn, heyvandarlıq təsərrüfatı yaradan investor eyni zamanda süd və ət emalı, soyuducu anbar və qablaşdırma müəssisələri qura bilər. Nəticədə əlavə dəyər regionda qalır, məşğulluq artır və yerli məhsulun bazara çıxışı genişlənir.

Naxçıvanda 2026-cı il yanvarın 1-dən tətbiq edilən 10 illik vergi güzəştləri isə 2036-cı ilədək davam edəcək. Müvafiq rezident sahibkarlar mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilir. Bununla belə, idxal olunan bütün avadanlıq və xammal avtomatik olaraq ƏDV və gömrük güzəştlərinə daxil deyil. Bu azadolmalar qanunvericilikdə müəyyən edilmiş xüsusi kateqoriyalara şamil olunur.

Naxçıvanda digər mühüm dəstək sosial sığorta subsidiyalarıdır. 2026–2029-cu illərdə uyğun istehsal, emal və hasilat müəssisələrinin işçiləri üzrə sosial sığorta haqlarının 100 faizi dövlət tərəfindən qarşılanır. Bu göstərici 2029–2032-ci illərdə 80, 2032–2034-cü illərdə 60, 2034–2036-cı illərdə isə 40 faiz təşkil edəcək. Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən fərdi sahibkarların özləri üçün ödədikləri sosial sığorta haqları da 2036-cı ilədək tam subsidiyalaşdırılır. İqtisadi baxımdan bu mexanizmlər xüsusilə istehsal və emal müəssisələri üçün əhəmiyyətlidir. Çünki sosial sığorta ödənişlərinin dövlət tərəfindən qarşılanması sahibkarın daimi xərclərini azaldır, yeni işçilərin cəlb edilməsini və istehsal gücünün artırılmasını stimullaşdırır.

İnvestisiya mühitində maliyyə resurslarına çıxış da həlledici amildir. İşğaldan azad edilmiş ərazilərdə və digər regionlarda sahibkarlar üçün kreditlərə dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri təkmilləşdirilib. Prezidentin 9 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Bakı və Abşeron istisna olmaqla, digər ərazilərdə sahibkarlara verilən kreditlərin illik faizinin 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Faiz dərəcəsinin yuxarı həddi 13 faiz müəyyən edilib. Kreditlərin əsas borcunun 90 faizədək hissəsinə işğaldan azad edilmiş ərazilərdə, digər regionlarda isə 50 faizədək hissəsinə dövlət zəmanəti verilir.

Bu mexanizmlər sahibkarın maliyyə yükünü azaldır, bank kreditlərinə çıxış imkanlarını genişləndirir və investisiya layihələrinin reallaşmasını asanlaşdırır. Mövcud güzəştləri regionların iqtisadi potensialı ilə birlikdə qiymətləndirdikdə bir neçə istiqamət xüsusi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda aqrar-sənaye, heyvandarlıq, quşçuluq, meyvəçilik və ərzaq məhsullarının emalı böyük perspektivə malikdir. Ağdam Sənaye Parkı və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı isə tikinti materialları, qida sənayesi, elektrik avadanlıqları və digər istehsal sahələrinə investisiya üçün mühüm platformadır.

Bərpa olunan enerji, turizm və xidmət sektoru da yeni biznes imkanları yaradır. Şuşa, Laçın, Kəlbəcər və Zəngilanda turizm infrastrukturunun inkişafı hotel, restoran, nəqliyyat və xidmət müəssisələrinə tələbi artırır. Naxçıvanda isə qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, logistika, anbar təsərrüfatı və tikinti materialları istehsalı diqqətəlayiq investisiya istiqamətləridir.

Bununla belə, investor üçün əsas məsələ yalnız vergi güzəşti deyil. O, məhsulunu harada satacağını, xammalı necə əldə edəcəyini, işçi qüvvəsini haradan cəlb edəcəyini və layihənin nə qədər müddətə gəlir gətirəcəyini bilməlidir.

Bu səbəbdən bir neçə istiqamətdə əlavə addımlar vacibdir. Birincisi, hər iqtisadi rayon üzrə resursları, infrastruktur imkanlarını və bazar tələbatını əks etdirən investisiya xəritələri hazırlanmalıdır. İkincisi, sahibkarlar üçün maliyyə hesablamaları və gəlirlilik proqnozları olan hazır biznes layihələri bankı yaradılmalıdır. Üçüncüsü, kiçik və orta sahibkarların kreditlərə çıxışını məhdudlaşdıran girov və ilkin kapital problemləri azaldılmalıdır. Dördücüsü, regionlarda peşəkar kadr hazırlığı və müasir texniki bacarıqların inkişafı dəstəklənməlidir. Beşincisi, dövlət güzəştlərinin nəticələri cəlb olunan investisiyanın həcmi, yaradılan iş yerləri, istehsal və ixrac göstəriciləri əsasında qiymətləndirilməlidir.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda tətbiq olunan iqtisadi təşviqlər regional inkişaf siyasətində yeni mərhələnin əsasını qoyur. Hədəf yalnız sahibkarın vergi yükünü azaltmaq deyil, özəl kapitalı regionlara yönəltmək, yerli resursları iqtisadi dövriyyəyə cəlb etmək, istehsalı və məşğulluğu artırmaqdır.

Əsas məsələ dövlətin yaratdığı güzəşt imkanlarını sahibkarın real investisiya təşəbbüsləri ilə birləşdirməkdir. Çünki Qarabağda, Şərqi Zəngəzurda və Naxçıvanda qurulan hər yeni müəssisə, yaradılan hər iş yeri və istehsal olunan hər yerli məhsul təkcə regional inkişafın deyil, Azərbaycanın ümumi iqtisadi gücünün artmasının göstəricisidir.

Çinarə Ağayeva 

Biznes məsləhətçi

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR