YENİ NAZİRİN TƏƏCCÜB DOĞURAN YENİ ƏMRİ - "Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur"

YENİ NAZİRİN TƏƏCCÜB DOĞURAN YENİ ƏMRİ - \"Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur\"

GÜNDƏM

Bugün, 09:07

Səhiyyə Nazirliyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə təcili yardım maşınları ilə bağlı maraqlı göstəriş verilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, tapşırığa əsasən, təcili yardım maşınları çağırışa gedərkən və ya dönərkən maşında xəstə olub-olmamasından aslı olmayaraq, hərəkətdədirsə, mütləq siren açıq olmalıdır.

Məlumata görə, bu möhkəm siren səsi şəhər sakinləri ilə yanaşı, sürücülərin, hətta onlarla birgə çağırışa gedən həkimləri də narahat etməyə başlayıb: "Təsəvvür edin ki, yol boşdur və təcili yardım maşını sireni açıb, buna qulağmı dözər?!".   

Məlumatda deyilir ki, tapşırığa əməl etməyən sürücüləri mərkəz rəhbərliyi cəzalandırır:

"Bu səs məsələsinə Mərkəzin "Operativ" şöbəsinin müdiri Bəsirə Kərimova nəzarət edir. O, yollarda hərəkətdə olan təcili yardım maşınlarını yoxlayır, əgər hansısa birini sireni bağlı halda tutsa, dərhal saxladır və təhdid edir. Çox açıq deyirlər ki, bu, əmrdir və əmri də yeni Səhiyyə naziri Anar Bayramov verib, icrası mütləqdir. İndi siz təsəvvür edin ki, yollar boşdur, ancaq siren dayanmamalıdır. Axı, şəhərdə hər yan yaşayış massividir, camaatın evində xəstəsi, körpəsi var. Boş-boşuna ucadan  siren nəyə lazimdir?

Ancaq sürücülər sanki maşında xəstə varmış kimi fasiləsiz sireni açmağa məcbur edilirlər. Bu da bir yandan həm də qəza vəziyyəti yaradır". 

Məlumatda o da deyilir ki, çağırışa gedən həkimlərin təhcizatı da yetərli deyil: "Forma, dərman, hətta işçi çatımazlığı var. Yeni rəhbərliyin hərəsi ordan-buradan gəliblər, bu sahəni bilmirlər, ancaq nəsə etmək istəyirlər. Lakin "qaş düzəltmək yerinə, vurub gözü" də çıxarırlar. Belə çox getməz".

Təcili yardım maşınlarına sirenlərlə bağlı verilən göstərişin nə dərəcə doğru olub-olmamasına nəqliyyat üzrə tanınmış ekspert Elməddin Muradlı münasibət öyrəndik.

ELMƏDDİN MURADLI, Ekspert

O, Mia.az-a açıqlamasında bildirib ki, sirenin yerli-yersiz işə salınması düzgün deyil: "Bəribaşdan deyim ki, təcili yardım maşınlarının fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Hətta deyərdim ki, sürücülər necə gəldi işə götürülüb. Ki, bunun də fəsadı ortadadır. Bu gün google axtarış sistemində "təcili yardım, qəza" yazıb axtarış verəndə, acı mənzərə göz önünə sərilir. Sürücülərə təlim keçirilmir, nizam-intizam aşağı səviyyədədir və sair.

Xatırlayıram, TƏBİB-in keçmiş rəhbərliyinə sürücülərə təlim keçmək barədə təklif verdik, lakin heç baxan olmadı. Görünür, onlaar hazırkı xaotik vəziyyət lazımdır. Axə, nə qədər avtomobil qəzaya düşür? Nə qədər xəstə yolda keçinir? Sürücü, həkimlər xəsarətlər alır. Bəzən təcili yardım maşını siren səsini qoşaraq dönər almağa, bazarlığa gedir.

Baxın, bu yaxınlarda qəza olub. Onun görüntülərinə baxdım, klinikalardan birinə məxsus təcili yardım maşını ilə tikinti materialı daşınır. O da qaydanı pozub, başqa maşınla toqquşub. Yəni, bu sahədə vəziyyət həqiqətən ürəkaçan deyil. İndi də bəzi hallarda sireni qoşub ağıllarına gələni edirlər.

Şəxsən mən Səbail rayonu ərazisində təcili yardım maşını görmüşəm ki, lüzumsuz yerə mayakları yandırıb, siren səsi açıq gedir. Hamı da çəkilir, ona yol verir. Yaxınlaşıb baxırsan ki, adam çağırışa getmir, qayıdır, içində də xəstə yoxdur. Ancaq düşüb yolun ortasına, heç kimi də saymır, özü də telefonda qurdalanır. Bir sözlə, zərurət olmadan belə hərəkətləri edirlər. Ona görə, hesab edirəm ki, Səhiyyə Nazirliyi, TƏBİB bu məsələyə çox ciddi yanaşmalıdır".

Ekspertin sözlərinə görə, təcili yardım maşınları ilə bağlı standartlar müəyyənləşməlidir: "Müxtəlif texologiyalarla sürücülərə nəzarət edilməlidir. Bayaq qeyd etdiyim kimi, biz bir dəfə bu barədə təklif verdik, ancaq ümumiyyətlə, baxan, maraqlanan olmadı. Deyəsən, onlara heç sərf eləmədi. Belə çıxır ki, sürücülərə nəzarət, peşəkarlıq onlara lazım deyil. Bəlkə də onlara dövlətin pulunun dağılması xoşdur. Təbii ki, bu məsələ bizi ciddi şəkildə narahat edir.

Qaldı təcili yardım maşınlarına səhiyyə təşkilatının töhmət və sair cəza verməsinə, bu, onların daxili qaydasıdır. Ona münasibət bildirə bilmərəm. Lakin təkrar edirəm, əgər yol boşdursa, sirenə nə hacət var?!

Onu da bildirim ki, sürücüləri "Yol Hərəkəti haqqında" qanuna görə yalnız polis cərimələyə bilər. Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR