"Həə, “professor”, əvvəllər səsiniz çıxmırdı, indi dəyişən nədir?"

img

20-10-2014 [17:39]


Emin Tarverdiyev email: [email protected]

Siz Əbuzəri tanıyırsız? Yəqin ki, yox. Heç mən də tanımıram, hərdən səs-sədası qulağıma gəlib çatır. Eşitdiyimə görə, köşə yazılarımı da həvəslə oxuyur. 

Əbuzər yaxın dostum İlqarın daim müraciət etdiyi personadı. Belə ki, bu Əbuzər boş-boş söhbətləriylə yaddaşımızda qalıb. Və həmişə də axına qarşı gedib. Camaat "get” deyəndə, bu "qal” deyib. Bəlkə də özünü ağıllı göstərmək üçün belə edir. Amma bu dəfə fərqli olub, Berti Foqtsun istefasına bizim kimi sevinənlərdən biri olub Əbuzər. Hətta deyib ki, vaxtiylə dilini dinməz yerinə qoyanlar danışacaq indi.

"Professor” ləqəbli Mahmud Qurbanovun sükutu pozması Əbuzəri də cin atına mindirib. İndicə Əbuzər dostum vasitəsiylə mənə milli komandamızla bağlı 15-dən çox sual yollayıb. Amma birini sizinlə bölüşəcəm bu sualın. Ki, cavab verilməsi bir az çətin sualdı: "Niyə Foqts burda olanda belə kükrəmirdilər? Mahmud o vaxt niyə ağzına su alıb durmuşdu?”. Qalmışam naəlac, nə cavab verim bu tifilə, dediyində həqiqət var.

Əbuzər mənə bir lətifə də yollayıb, deyib yaz, qoy futbolumuzun "dovşanlar”ını millət tanısın.

Bir gün dovşan meşənin içiylə gedərkən, yolunun üstündə şirin uzandığını görür. Qorxu və həyəcan içində şirə yaxınlaşıb deyir:

- Olar üstündən keçim gedim? 

Şir deyir:

- Olar.

Gün ərzində 4-5 dəfə belə edən dovşanın yolu gecə vaxtı yenidən ordan düşür. Dovşan yenə yaxınlaşıb qorxa-qorxa soruşur:

- Olar üstündən keçim gedim?

Şir deyir:

- Nə istəyirsən ee məndən? Görmürsən ayağım tələyə düşüb, dura bilmirəm? Keç get dəə…

Tələ söhbətini eşidən dovşan cavab verir:

- Nə deyirsən əə?? Özü də bilirsən nə var, qışqırma üstümə!!!

Həə, "Professor”... Əvvəllər səsiniz çıxmırdı, indi dəyişən nədi? Bertinin quyruğu tələyə düşən kimi niyə belə fəallaşdız? Artıq səsiniz gur gəlir. Əbuzərin bu fikrinə mən nə cavab verim? Niyə məni dost-düşmən qarşısında belə aciz qoymağa çalışırsız? Deyim düz edib "Professor”? Deyəcəm düz edib, yenə deyəcək niyə əvvəllər demirdilər belə? Deyəcəm səhv edib, yenə də sual verəcək ki, onda Mahmudu niyə millidə saxlayırsız?

İlqar iddia edir ki, Əbuzərin futboldan qandığı yoxdu. Çünki tələbə vaxtı İlqarla çempionatımızın hansısa oyununa baxırmışlar, oyun heç-heçə bitir. Bu dönüb İlqardan soruşur ki, kim uddu? İlqar da qayıdır ki, 0:0 oldu. Əbuzər əsəbləşir ki, bilirəm 0:0 oldu, amma kim uddu?

Deyəsən, Əbuzər heç yaxşı uşaq deyil, ayın-günün bu vaxtında belə sual verib məni dərdə salmazdı.

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA