ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

İQTİSADİYYAT

Bugün, 19:10

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu baş tutub.

ARDNF-dən Mia.az-a bildirilib ki, tədbir dövlət qurumlarının yüksəkvəzifəli nümayəndələrini, beynəlxalq investisiya institutlarının təmsilçilərini və biznes liderlərini bir araya gətirərək rəqəmsal, enerji və nəqliyyat infrastrukturu sahələrində qlobal tendensiyalar və investisiya imkanları ətrafında fikir mübadiləsi üçün platforma yaradıb.

Tədbir çərçivəsində infrastruktur investisiyalarının əsas istiqamətlərini əhatə edən üç panel müzakirəsi keçirilib.

“Süni intellekt və rəqəmsal infrastruktur” mövzusuna həsr olunmuş ilk panelə “BlackRock”un baş direktoru, Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami moderatorluq edib. Müzakirədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Temasek”in Qlobal İnvestisiyalar üzrə prezidenti və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə rəhbəri Nagi Hamiyeh, həmçinin “Coravel, ACS” şirkətinin baş icraçı direktoru Hovard Bovil iştirak ediblər. Müzakirələr süni intellekt və rəqəmsal infrastruktur sahəsində əsas inkişaf meyilləri, süni intellekt texnologiyalarının tətbiqinin genişlənməsi, eləcə də, məlumatların emalı və saxlanması imkanlarının artırılması kimi məsələləri əhatə edib. Həmçinin bu istiqamətlər üzrə investisiya imkanları və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Enerji infrastrukturu” mövzusunda keçirilən ikinci panelin moderatoru “Global Infrastructure Partners” (GIP) şirkətinin tərəfdaşı və Kapitalın Cəlb Edilməsi Qrupunun qlobal rəhbəri Erik Varvel olub. Paneldə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Vision Invest” şirkətinin prezidenti və baş icraçı direktoru Ömər N. Əl-Midani, eləcə də “Skyborn Renewables” şirkətinin baş icraçı direktoru Patrik Lammers iştirak ediblər. Müzakirələrdə enerji infrastrukturu sahəsində qlobal tendensiyalar, dəyişən investisiya prioritetləri, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrinin artan rolu ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar, həmçinin, enerji layihələrinə institusional investisiyaların cəlb edilməsi imkanlarını, dayanıqlı və etibarlı enerji infrastrukturunun inkişafında dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini müzakirə ediblər.

Dialoq “GIP” şirkətinin baş direktoru və aparat rəhbəri Mustafa Riffatın moderatorluğu ilə keçirilən “Strateji nəqliyyat və logistika dəhlizləri” mövzusuna həsr olunmuş sonuncu panel sessiyası ilə yekunlaşıb. Paneldə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “NEQSOL Holding”in baş icraçı direktoru Kirill Rubinski, “Eldridge Industries” şirkətinin sədri və baş icraçı direktoru Todd Boehli, həmçinin Qatvik Hava Limanının maliyyə direktoru Cim Batler iştirak ediblər. Panel çərçivəsində nəqliyyat və logistika infrastrukturuna investisiya imkanları, regional bağlantıların gücləndirilməsi və strateji nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunub. Azərbaycanın regional bazarlar arasında bağlantıların təmin edilməsində oynadığı rol da müzakirələrin əsas mövzularından biri olub.

Tədbirin sonunda ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov gün ərzində aparılan müzakirələri ümumiləşdirərək qeyd edib: “Bugünkü müzakirələr Azərbaycanın uzunmüddətli hədəfləri və bu istiqamətdə investorların və biznes liderlərinin yanaşmaları ətrafında fikir mübadiləsi aparmağa imkan verdi. Növbəti mərhələdə əsas diqqət real maraq doğuran istiqamətlərin müəyyənləşdirilməsinə, hər bir investisiya imkanının reallaşdırılması üçün zəruri şərtlərin dəyərləndirilməsinə və müvafiq dövlət və özəl sektor tərəfdaşlarının bir araya gətirilməsinə yönələcək. Ümid edirik ki, bu Dialoq gələcək əməkdaşlığın inkişafına və konkret nəticələrin əldə olunmasına töhfə verəcək”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR