İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)

İlham Əliyev yeni səfirlərin  etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)

GÜNDƏM

Bugün, 12:14

Prezident İlham Əliyev sentyabrın 23-də Estoniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğuladı.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd etdi.

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirdi.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulandı, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Növbəti illərdə də ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu deyən dövlətimizin başçısı bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin önəminə toxundu, investisiya, ticarət, biznes sahələrində tərəfdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün səylə çalışacağını vurğuladı.

Səfir Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Həmçinin iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirdi.

İsveçdə çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini deyən səfir tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını ifadə etdi.

Luis Morsinq Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdəki müsbət dinamikaya da toxundu və bu xüsusda ikitərəfli saziş üzrə danışıqların bərpa olunduğunu vurğuladı.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək dəyərləndirdi.

Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunan Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarının və müəllifinin məhz Azərbaycan olduğunu dedi, iki ölkə arasında əldə edilən sülhü dünyada presedenti olmayan bir hal kimi qiymətləndirdi.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çox yaxşı olduğunu bildirən dövlətimizin başçısı bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfərlərini, həmçinin onlarla beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri xatırladı.

Görüşdə Azərbaycanla İsveç arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübabiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR