Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə  yazır

Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə  yazır

YAZARLAR

Bugün, 15:47

Seymur Verdizadə

***

Rəhmətlik atam ali təhsilli müəllim idi. Yüksək maaş alırdı, indikindən yüz dəfə yaxşı dolanırdıq. Böyük bağçamız, həyətyanı təsərrüfatımız vardı.

İlin bütün fəsillərində ən azı iki inəyimiz sağılırdı. Əslində, atamın maaşı bizə gen-bol bəs edirdi. Amma bizim kənddə əkib-becərməyən, mal-qara saxlamayan kişiyə pis baxırdılar. Camaat tənbəl adamlara pis baxdığı üçün hamı yaxşı dolanırdı.

Halal zəhmət həyatımızın ayrılmaz hissəsi idi. Atam müəllim idi, amma bağda-bağçada işləyir, heyvan saxlayırdı. Onun əllərindəki qabarlar çox şey deyirdi. O qabarlar süfrəmizdəki çörəyin halal yolla qazanıldığının sübutu idi.

Azərbaycanın dörd bir guşəsində olduğu kimi, Cəbrayılda, doğma Soltanlı kəndində də insanlar əllərində olanı bir-biri ilə bölüşürdülər. Kimin həyətində meyvə çox idisə, qonşusuna pay aparırdı. Qonaq gələndə evdə olanın ən yaxşısı süfrəyə qoyulurdu. Biz kasıb deyildik, amma var-dövlətimizi də nümayiş etdirmirdik. Çünki kənddə insana vəzifəsinə, mal-mülkünə deyil, ürəyinin böyüklüyünə görə qiymət verirdilər.

Tale bizə sərt üzünü soyuq qışda deyil, qızmar yayda göstərdi. Yurd-yuvamızdan, isti ocağımızdan didərgin düşəndə bağçamızdakı meyvələrin çoxu hələ yetişməmişdi. Həmin il bolluq idi. Təbiət kənd camaatından öz səxavətini əsirgəməmişdi. Ağaclar o qədər bar gətirmişdi ki, budaqlar ağırlıqdan müvazinətini saxlaya bilmirdi…

Mən ilk dəfə köçkün həyatının əzabını bir ton meyvəni ağacların başında qoyub Bakıda alma növbəsində dayananda yaşamışdım. Mən başımıza gələn faciənin miqyasını ikimərtəbəli, bağlı-bağatlı evimizi tərk edib Bakıda eni-uzunu dörd metr olan yataqxanada yaşayanda dərk etmişdim.

O vaxt anladım ki, insanın evi sadəcə dörd divardan ibarət deyil. Həyətdəki ağac da evdir, kəhrizdən içdiyin su da, məktəbə gedən cığır da evdir. Rəhmətlik İbrahim əmimin həyətindəki qollu-budaqlı gilas ağacının başında quşların qurduğu yuvalar da evdir. Uşaqlıqda hər gün gördüyün, amma qiymətini bilmədiyin mənzərələr illər sonra insanın ən böyük sərvətinə çevrilir.

İllər keçdi. Biz böyüdük, uşaqlarımız böyüdü. Amma içimizdəki o kənd uşağı böyümədi. Çünki insan doğulduğu torpağı tərk edə bilər, amma o torpaqla bağlı xatirələr insanı heç vaxt tərk etmir.

Anam boğçasını hazırlayıb. Hər gün məndən Soltanlıya nə vaxt köçəcəyimizi soruşur. Danışdığım, soruşduğum adamlar “Az qalıb, lap az qalıb” deyirlər.

Hər dəfə kəndimizə gedib-gələndə, aparılan abadlıq işlərini görəndə, verilən vədlərin gerçək olacağına ümidim daha da artır.

Biz illər əvvəl evimizi itirdik, amma ümidimizi itirmədik.

Ümiddən arzu doğar.

Arzularımız çoxdan çiçək açıb.

Bu payız barını dərəcəyik…

Metbuat.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR