Energetika Nazirliyi: "IRENA ilə COP31-in enerji gündəliyi müzakirə edilib"

Energetika Nazirliyi: \"IRENA ilə COP31-in enerji gündəliyi müzakirə edilib\"

İQTİSADİYYAT

Bugün, 17:43

Energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera arasında görüş olub.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə IRENA arasında uzunmüddətli və səmərəli əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Françesko La Kamera Azərbaycanın Agentliyin ən fəal və etibarlı tərəfdaşlarından biri olduğunu bildirib, COP29 çərçivəsində enerji saxlanc sistemləri, elektrik şəbəkələri və hidrogen üzrə irəli sürülmüş təşəbbüslərin qlobal enerji gündəliyinə mühüm töhfə verdiyini vurğulayıb. 

Görüşdə COP31-ə hazırlıq məsələləri müzakirə olunub. Antalyada COP29-un “Qlobal Enerji Saxlanc Sistemləri və Şəbəkələr üzrə Öhdəliyi”nin icrasına və “Hidrogen Bəyannaməsi” üzrə öhdəliklərin praktik həyata keçirilməsinə həsr olunacaq tədbirlərin təşkili, bu təşəbbüslərin inkişafına dəstəklə bağlı fikir mübadiləsi aparılıb. Hidrogenin enerji keçidində rolu, təmiz yanacaqların aviasiya və gəmiçilikdə artan əhəmiyyəti qeyd olunub.

Görüşdə IRENA tərəfindən Azərbaycanın “Qlobal Dəniz Külək Alyansı”na qoşulması təklif olunub. Azərbaycanın Xəzər dənizində böyük külək potensialı nəzərə alınaraq bu təşəbbüsün ölkənin yaşıl enerji gündəliyi baxımından əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanın IRENA-nın Baş Assambleyasında növbəti dövr üçün vitse-prezident kimi fəaliyyəti və Agentliklə əməkdaşlığın gələcək istiqamətləri də nəzərdən keçirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR