"Bakı yalnız hazır hərbi vasitələrin əldə olunmasında maraqlı deyil, əsas məsələ..." - TƏHLİL

\"Bakı yalnız hazır hərbi vasitələrin əldə olunmasında maraqlı deyil, əsas məsələ...\" - TƏHLİL

SİYASƏT

Bugün, 14:53

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlıdır.

Hesab edirəm ki, səfərin ən diqqət çəkən tərəfi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri ilə yerində tanış olmalarıdır.
Əslində, Azərbaycanın pilotsuz texnologiyalara marağı yeni deyil. Son illərdə Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə edən ordulardan birinə çevrilib. İndiyədək bu texnologiyanın əsas tətbiq sahəsi hava məkanı olub. 44 günlük Vətən müharibəsi və daha sonra lokal xarakterli antiterror əməliyyatları zamanı pilotsuz sistemlərdən istifadə ordunun kəşfiyyat, müşahidə və zərbə imkanlarının artırılmasında mühüm rol oynayıb. Başqa sözlə, Azərbaycanın müharibə təcrübəsi pilotsuz texnologiyaların müasir döyüş meydanında nə qədər ciddi üstünlük yarada bildiyini praktik olaraq göstərib.
İndi isə Bakı bu təcrübəni dənizə daşımağa çalışır. Düzdür, Xəzər dənizində hazırda konkret hərbi qarşıdurma və ya müharibə təhlükəsi yoxdur. Lakin bu, Azərbaycanın dənizdən müdafiə imkanlarının inkişaf etdirilməsini strateji baxımdan əhəmiyyətsiz etmir.
Əksinə, Xəzər dənizində Azərbaycanın strateji obyektlərinin, enerji infrastrukturu və dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin olunması, eləcə də ölkənin davamlı müdafiə imkanlarının qorunması baxımından Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
Donanma saxlamaq kifayət qədər böyük maliyyə və insan resursu tələb edir. Hərbi gəmilərin alınması, istismarı, texniki xidməti və peşəkar şəxsi heyətin hazırlanması uzunmüddətli və bahalı prosesdir.
Pilotsuz dəniz vasitələri isə bu mənzərəni müəyyən qədər dəyişə bilər.
Daha az şəxsi heyətlə idarə olunan, müxtəlif kəşfiyyat və müşahidə imkanlarına malik, lazım gəldikdə zərbə funksiyası daşıya bilən belə sistemlər gələcəyin dəniz müharibəsində mühüm rol oynaya bilər.
Məhz buna görə Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrində pilotsuz dəniz vasitələri ilə şəxsən tanış olması diqqət çəkir.
Səfərin başqa bir maraqlı detalı isə Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırımın da Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə iştirak etməsidir. Qeyd edim ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Əziz Yıldırıma məxsusdur.
Bakı yalnız hazır hərbi vasitələrin əldə olunmasında maraqlı deyil. Əsas məsələ həmin texnologiyaların ölkə daxilində istehsalı, inkişaf etdirilməsi və Azərbaycan Ordusunun ehtiyaclarına uyğunlaşdırılmasıdır. SALVO və KAYRA kimi sistemlərin yerli istehsal imkanlarının yaradılması, o cümlədən Əziz Yıldırımın “DEARSAN” şirkəti ilə əmkdaşlıq mühümdür.
Bu gün hava məkanında pilotsuz sistemlər necə döyüş meydanının ayrılmaz elementinə çevrilibsə, gələcəyin dənizlərində də pilotsuz vasitələrin rolunun sürətlə artacağı gözlənilir. Azərbaycan isə məhz buna görə Xəzərdə indidən müdafiə sahəsində müvafiq addımlar atır.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR