PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANDA: yeni sənədlər imzalandı, mühüm mesajlar + VİDEO, FOTOLAR (YENİLƏNİB)

PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANDA: yeni sənədlər imzalandı, mühüm mesajlar + VİDEO, FOTOLAR (YENİLƏNİB)

GÜNDƏM

24.08.2026, 00:31

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

Mia.az xəbər verir ki, əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış edib.

x x x

Prezident Şavkat Mirziyoyevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri.

Sizin iştirakınızla Azərbaycan Respublikasının Prezidenti, mənim əziz qardaşım, hörmətli İlham Heydər oğlu Əliyevi və bütün Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Özbəkistan torpağında bir daha ürəkdən salamlamaqdan çox məmnunam.

Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır. Biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir.

Əziz dostlar, biz Özbəkistanda qardaş Azərbaycanın hər bir uğuruna, onun davamlı iqtisadi inkişafına və artan beynəlxalq nüfuzuna həmişə səmimi-qəlbdən sevinirik. İlham Heydər oğlunun siyasi kursunun məqsədyönlülüyünü xüsusilə qeyd etmək istərdim. Bu kurs sayəsində ölkənin bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir. Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir. Münasibətlərimizin təməlində vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır. Məhz bu dərin bağlılıq münasibətlərimizi monolit və xarici konyunkturun təsirinə qarşı dayanıqlı edir.

Hörmətli jurnalistlər, hazırkı sammitdən əvvəl ciddi hazırlıq işləri aparılıb. Hökumətlərarası Komissiyanın, biznes şurasının və regional forumların iclasları məhsuldar keçib. Dövlət səfərinin əsas tədbiri olan Ali Dövlətlərarası Şuranın üçüncü iclasını indicə keçirdik, çox mühüm qərarlar qəbul etdik, çoxşaxəli münasibətlərimizin bütün spektrini ətraflı müzakirə etdik, nümayəndə heyətlərinin üzvlərinin əsas istiqamətlər üzrə məruzələrini dinlədik. İlk növbədə, söhbət ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, mədəniyyət və digər sahələrdən gedir. Siyasi dialoqu gücləndirmək, parlamentlər və hökumətlər, sənaye qurumları və regionlar arasında fəal əlaqələri dəstəkləmək barədə razılığa gəldik. İqtisadiyyat məsələlərinə xüsusi diqqət yetirdik, əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq imkanlarını müzakirə etdik. Lakin biz razılaşdıq ki, bu, son hədd deyil, bunu dəfələrlə artırmaq mümkündür.

Biz bunu edəcəyik. Komandalarımızın bütün hesablamaları, resursları və səlahiyyətləri var. Bu mühüm göstəriciyə nail olmaq üçün konkret tədbirləri nəzərdə tutan müvafiq proqram bu gün qəbul edilib. Həmçinin sənaye kooperasiyasının yeni inkişaf istiqamətlərini müəyyən etdik, ilk növbədə iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı şəkildə tamamladığı sahələrdə. Bu səfərə qədər energetika, geologiya, kimya, tikinti, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə kooperasiya layihələrindən ibarət əhatəli layihələr portfeli formalaşdırılıb.

Bir neçə il əvvəl yaradılmış investisiya fondu bu layihələrin irəlilədilməsində mühüm rol oynayır və qısa müddət ərzində birgə biznes təşəbbüslərimizin dəstəklənməsinin səmərəli mexanizminə çevrilib. Həmçinin regionlarımızın imkanlarından maksimum istifadə etmək barədə razılığa gəldik. Məhz regionlar iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsinin əsas hərəkətverici qüvvəsidir. Bu məqsədlə cari ayda Daşkənd şəhərinin, Buxara və Namanqan vilayətlərinin hakimləri Azərbaycana səfər ediblər. Bu gün isə onlar buradadırlar. Səmimi demək istəyirəm ki, onlar mənə gördükləri işlər barədə danışırlar. İlham Heydər oğlu, mənə çox xoşdur ki, onların real nəticələri var.

Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq. Bunun üçün Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq.

Xalqlarımız arasında etibarlı dostluq körpüsü rolunu sıx mədəni-humanitar əlaqələrimiz oynayır. İlham Heydər oğlu ilə birlikdə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasını açacağıq.

Bilirsiniz, mən bunu çoxdan planlaşdırırdım, çünki universitet 1935-ci ildə tikilib, lakin Daşkənd şəhərindəki universitet müxtəlif yerlərdə yerləşib və bu günün müasir səviyyəsinə uyğun gəlmirdi. Mən təməl daşı qoyarkən ümid edirdim ki, bunu mütləq İlham Heydər oğlu ilə birlikdə açacağıq və bu gün həmin tarixi hadisə həyata keçiriləcək. "Yeni Daşkənd"də Azərbaycan parkının tikintisinə start verəcəyik. Əminəm ki, bu obyektlər sarsılmaz qardaşlığımızın və xalqlarımızın yaxınlığının parlaq rəmzlərinə çevriləcək.

Qarşılıqlı humanitar əlaqələrimiz çox dinamik qrafik üzrə inkişaf edir. İlin sonunadək Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərini və Azərbaycanda ali məktəb rektorlarının İkinci Forumunu keçirəcəyik. Əlamətdar hadisə Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin yaradılması olacaq. Biz İlham Heydər oğlu ilə bu barədə razılığa gəlmişik.

İctimaiyyət və gənclər arasında əlaqələri hər vasitə ilə dəstəkləyəcək, ünsiyyət, yaradıcılıq və innovativ ideyaların mübadiləsi üçün məkanlar yaradacağıq.

Bildiyiniz kimi, FIFA-nın qərarına əsasən, gələn il Özbəkistan və Azərbaycan gənclər arasında futbol üzrə dünya çempionatına birlikdə ev sahibliyi edəcəklər – bu, əhəmiyyətinə və nüfuzuna görə dünyada ikinci turnirdir. Bu möhtəşəm idman hadisəsi çərçivəsində ölkələrimiz "İki ölkə – bir çempionat" adlı genişmiqyaslı dövlət proqramının həyata keçirilməsini təklif edib.

Sonda vurğulamaq istəyirəm ki, Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı tarixi qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşdırılması istiqamətində mühüm addım oldu. Biz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər strukturlar çərçivəsində əsas beynəlxalq platformalarda müttəfiqlik dialoqunu gücləndirərək diplomatik fəaliyyətimizi ardıcıl şəkildə əlaqələndiririk.

Əziz dostlar, həyatın özü və müzakirələrimizin dərinliyi Özbəkistan-Azərbaycan praktiki əməkdaşlıq gündəliyinin nə qədər geniş vüsət aldığını və heyrətamiz dinamika qazandığını nümayiş etdirir.

Bu gün keçirilən məhsuldar danışıqların yekunlarına əsasən, qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələri üzrə əhəmiyyətli sazişlər paketini təsdiq etdik. Hörmətli İlham Heydər oğlu, bununla əlaqədar qətiyyətli mövqeyinizə və bütün təkliflərimizi dəstəklədiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, tarixi səfərin nəticələri tərəfdaşlığımızı konkret məzmunla zənginləşdirəcək, birgə layihələr və iki qardaş ölkənin davamlı inkişafı üçün yeni üfüqlər açacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Təşəkkür edirəm, hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

İlk növbədə, dəvətə, qonaqpərvərliyə, Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz belə səmimi münasibətə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim.

Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.

Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir.

Mən bu gün artıq bu barədə danışmışam: əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib.

Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.

Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.

Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.

Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.

Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir.

İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Yenə də başladığım yerə qayıdıram. Şavkat Miromonoviçin böyük xidməti ondan ibarətdir ki, məhz o, öz islahatları, əzmkarlığı və müdrikliyi sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə imkan verən investisiya mühiti yaradıb.

Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq. Şavkat Miromonoviç, sonda Sizin üçün əlverişli vaxtda Sizi Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.

***

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"ni və "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında kinologiya sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Özbəkistan Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Özbəkistan Turizm Komitəsinin sədri Abdulaziz Akkulov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov mübadilə etdilər.

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram"ı və "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı"nı (Yol Xəritəsi)" Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı"nı, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı"nı, həmçinin "Xankəndi şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol"u, "Naxçıvan şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol"u və "Laçın şəhəri (Azərbaycan Respublikası) ilə Buxara şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

***

Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Mia.az xəbər verir ki, əvvəlcə Özbəkistan ilə Azərbaycan arasında dostluq, ticarət və investisiya əməkdaşlığı haqqında qısa film nümayiş olundu.

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək dedi.

-Hörmətli İlham Heydər oğlu, əziz qardaşım. İclasın hörmətli iştirakçıları.

Sizi və qardaş Azərbaycan nümayəndə heyətini Daşkənddə bir daha səmimi-qəlbdən salamlayıram. Özbəkistana xoş gəlmisiniz.

Sizin səfəriniz bizim üçün ortaq tarix, mədəni yaxınlıq və qarşılıqlı hörmətlə bir-birinə bağlı olan, ruhən yaxın dövlətlərin görüşüdür. Bu gün Ali Dövlətlərarası Şuranın artıq üçüncü iclasını açırıq. Bu mexanizmin qüsursuz fəaliyyəti ölkələrimizin əldə etdiyi müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin ən yaxşı nümayişidir.

Gündəlikdəki məsələlərə keçməzdən əvvəl, hörmətli İlham Heydər oğlu, Sizi Azərbaycanda həyata keçirdiyiniz uzaqgörən dərin islahatlar kursunun uğurla reallaşdırılması münasibətilə təbrik etmək istəyirəm. Biz qardaşlar və müttəfiqlər olaraq Azərbaycan iqtisadiyyatının necə dinamik və dayanıqlı inkişaf etdiyinə, yeni sahələrin və müasir infrastrukturun yaradılmasına səmimi-qəlbdən sevinirik. Bütün bunlar Azərbaycan xalqının rifahının sabit şəkildə yüksəlməsinə gətirib çıxarır. Sizin qətiyyətlə həyata keçirdiyiniz suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəlilədilməsinə xidmət edir.

Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını Sizin şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir, Sizə yeni böyük uğurlar arzulayıram.

Hörmətli iclas iştirakçıları.

Biz ikitərəfli münasibətlərimizi tamamilə tarixi bir zirvəyə çatdırmışıq. Bunun təsdiqi kimi, hazırkı sammitin yekunları üzrə Əbədi dostluq haqqında tarixi Müqavilənin imzalanmasını göstərmək olar.

Ən başlıcası odur ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin hər bir müddəası konkret, real işlərdə öz əksini tapır. Son beş ildə qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bu da heç də son hədd deyil. Səfərə hazırlıq çərçivəsində Hökumətlərarası Komissiyanın iclası, Biznes Şurasının və Regionlar Forumunun toplantıları uğurla keçirilib və həmin tədbirlər çərçivəsində birgə layihə və proqramların icrası üzrə sıçrayış xarakterli təşəbbüslər hazırlanıb. İndi iki ölkənin hökumətlərinin, nazirliklərinin və idarələrinin əsas vəzifəsi onların səmərəli icrasını təmin etməkdir. Biz Dövlətlərarası Şuranın iclasını hər dəfə keçirərkən İlham Heydər oğlu ilə birlikdə həmişə sizə deyirik ki, məsələləri ciddi nəzarətə götürəcəyik.

Hərtərəfli əməkdaşlığımızın prioritet istiqamətlərini qısaca diqqətinizə çatdırmaq istəyirəm:

Birincisi, regional və beynəlxalq platformalarda ortaq maraqlarımızı təşviq etmək məqsədilə xarici siyasət idarələrimiz arasında sıx koordinasiyanı davam etdirmək vacibdir. Həmçinin məhdud formatda parlamentlər, hökumətlər, nazirliklər, idarələr və bölgələrimiz arasında əlaqələrə güclü təkan vermək barədə razılığa gəldik.

İkincisi, indi dediyim kimi, ən yaxın hədəfimiz 1 milyard dollarlıq ticarət dövriyyəsi həddinə çatmaqdır. Bunun üçün əsas bu gün qəbul etdiyimiz və həmin mühüm mərhələyə çatmaq üçün konkret tədbirləri müəyyənləşdirən proqram olacaq.

Üçüncüsü, sənaye kooperasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Ölkələrimizin biznes icmaları geologiya, energetika, kimya, maliyyə, tikinti, kənd təsərrüfatı və digər sahələrdə bir sıra layihələri uğurla həyata keçirir. Bu iclas çərçivəsində yeni layihələrə start verəcəyik. Təşəbbüsləri dəstəkləmək üçün birgə investisiya şirkətindən vəsaitləri fəal şəkildə cəlb etməliyik. İlham Heydər oğlu ilə razılaşdıq ki, 500 milyon vəsaiti tez bir zamanda istifadə etməliyik, sonra isə bu fondu artıracağıq. Çünki onun vəsaitlərini düzgün istiqamətdə tətbiq etmək üzrə yaxşı birgə təcrübə əldə etmişik. Bugünkü iclasda ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə müfəssəl planlarına dair Hökumətlərarası Komissiyanın həmsədrlərini dinləyəcəyik.

Dördüncüsü, nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın istifadəyə verilməsini sürətləndirməliyik. Həmçinin Xəzər dənizində vahid operatoru olan ayrıca Özbəkistan-Azərbaycan dəhlizi yaratmaqda maraqlıyıq.

Beşincisi, müttəfiqliyimiz çoxəsrlik ortaq tarixə və iki qardaş xalqın mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bu zəngin irsi diqqətlə qorumaq və artırmaq, müntəzəm olaraq qarşılıqlı Mədəniyyət günlərini lazımi miqyasda keçirmək bizim borcumuzdur. Həm də bu cür tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin bölgələrində keçirilməlidir. Bu gün biz birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacağıq və Yeni Daşkənddə "Azərbaycan" parkının tikintisinə start verəcəyik.

Xalqlarımızı daha da yaxınlaşdırmaq üçün Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında birgə filmlərin, ədəbi körpünün yaradılmasını təklif edirik. Bu, xalqlarımız üçün gözəl yaxınlaşma imkanı və gənclər üçün nümunə olardı. Biz belə silsilə filmlər yaratmalıyıq.

Biz bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı universitetlərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik. Gələn il ölkələrimiz mühüm idman tədbirinə - gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bununla əlaqədar yarışlardan əvvəl keçirilən idman, mədəni və gənclər tədbirlərimizi bir araya gətirəcək genişmiqyaslı "İki ölkə - bir çempionat" proqramı hazırlamalıyıq. Həmçinin gənclərin təkcə idman arenalarında deyil, həm də intellektual fənlərdə yarışa biləcəyi Özbəkistan-Azərbaycan İdman Oyunlarının yaradılmasını təklif edirik. İlham Heydər oğlu, bunu komandalarımıza həvalə etsək, çox gözəl olardı.

Hörmətli iclas iştirakçıları.

Ölkələrimiz regional konsolidasiyanı və əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Daşkəndin və Bakının regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələri kimi öz rollarını təmin etmələri sevindirici haldır. Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlər açıb. Ortaq səylərlə səmərəli şəkildə yeni geoiqtisadi reallıq - birgə inkişaf üçün güclü potensiala malik vahid, özünü təmin edən makroregion yaradırıq.

Bu gün çoxşaxəli Özbəkistan-Azərbaycan tərəfdaşlığının digər məsələlərini də müzakirə edəcəyik. Bilməlisiniz ki, biz, sözün əsl mənasında, hər bir sahə üzrə əlimizdə qələmlə araşdırma aparmışıq. İlham Heydər oğlu ilə bütün digər istiqamətlərdə güclü, böyük layihələr həyata keçirmək üçün qarşılıqlı yaxşı istəyimiz var.

İlham Heydər oğlu, məmnunluqla sözü Sizə verirəm. Buyurun.

x x x

Qardaş Özbəkistana səfərə dəvətə, qonaqpərvərliyə, Azərbaycana və xalqımıza xoş münasibətinə, həmçinin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi şəxsi töhfəyə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev iclasdan əvvəl nümayiş etdirilən videoçarxda hazırda üzərində işlənilən layihələrin peşəkar şəkildə təqdim olunduğunu, onların bir hissəsinin artıq reallaşdığını, bir hissəsinin isə həyata keçiriləcəyini bildirib. "Əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var. Əminəm ki, artıq müəyyən edilmiş layihələr həyata keçirildikcə yeni layihələr də meydana çıxacaq və bu videotəqdimata daha çox vaxt lazım olacaq. Əslində, mən belə bir təqdimata çox müsbət mənada təəccübləndim, çünki burada bu gün bizi birləşdirən əsas istiqamətlər öz əksini tapıb".

Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərini və Özbəkistanın əldə etdiyi uğurları yüksək qiymətləndirərək deyib: "İlk növbədə, Sizi, hörmətli Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir. Bu isə ilk növbədə Sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz. Sizin də düzgün qeyd etdiyiniz kimi, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik. Bu, avtomatik rejimdə baş verir".

Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda gedən müsbət proseslərə verdiyi qiymətə görə Şavkat Mirziyoyevə təşəkkür edib. Bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması nəticəsində bu gün region, nəhayət rahat nəfəs ala və dinc inkişafın üstünlüklərini görə bilər.

Birgə İnvestisiya Fondunun potensialına toxunan Azərbaycan Prezidenti deyib: "Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Həmçinin Daşkənddə həyata keçirilən layihələr, – hotel kompleksləri və yaşayış kompleksləri, – bu İnvestisiya Fondunun çərçivəsindən kənardadır. Ona görə də ümumilikdə investisiya portfelinə baxsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan xeyli böyük olduğunu görərik".

Prezident İlham Əliyev Qarabağın bərpa edilməsi prosesində göstərilən dəstəyə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistan və onun dövlət başçısı azad olunmuş ərazilərə praktiki yardım göstərən ilk ölkə və ilk Prezident olub. "Mirzə Uluqbəy adına məktəb bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib. Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir. Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, - xüsusilə qadınlar üçün, - hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin bu gün Azərbaycana da ötürüldüyünü xatırladan dövlətimizin başçısı qeyd edib ki, ilk layihə həyata keçirilib, lakin hazırda tam istehsal dövründən söhbət gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək.

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir".

Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.

"Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur", - deyə dövlətimizin başçısı əlavə edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv kimi cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu vurğulayan dövlətimizin başçısı bu qərarın Daşkənddə keçirilən görüşdə qəbul edilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və buna görə təşəkkürünü ifadə edib. Azərbaycanın bu formatda tamhüquqlu iştirakının təmin edilməsində Özbəkistan liderinin şəxsi rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində məsuliyyətlidir və bu işə böyük həvəslə yanaşır.

***

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

***

Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

***

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə "Yangi Uzbekiston" ("Yeni Özbəkistan") kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.

***

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

Mia.az bər verir ki, "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib.

Mia.az xəbər verir ki, səfərlə bağlı Daşkındin yollarında iki ölkənin dövlət bayraqları asılıb.

Məlumata görə, Prezidentin təyyarəsi artıq Daşkəndə çatıb.

Həmin görüntüləri təqdim edirik:

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR