"Tava-Təpə"dəki qədim kompleksin Qafqaz üçün unikallığını qeyd ediblər

 \"Tava-Təpə\"dəki qədim kompleksin Qafqaz üçün unikallığını qeyd ediblər

MƏDƏNİYYƏT

Bugün, 15:25

Azərbaycanın Ağstafa rayonunda yerləşən qədim "Tava-Təpə" yaşayış məskənində aparılan arxeoloji qazıntıların nəticələri qədim cəmiyyətlərin məişəti və dini mərasim ənənələri haqqında təsəvvürlərimizi dəyişə biləcək sensasion faktları üzə çıxarıb. Burada aşkar edilmiş təxminən 3,2 min il yaşı olan mərasim mətbəxi Qafqaz arxeologiyasında analoqu olmayan unikal tapıntıdır.

Bu barədə cari ildə arxeoloji qazıntıların son nəticələrini təqdim edən İspaniyanın "La Brújula Verde" elmi nəşri yazıb.

Kataniya Universiteti (İtaliya) bu istiqamətdə tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq çərçivəsində aparır.

Eramızdan əvvəl təxminən 1300–1000-ci illərə aid edilən tikili 2024-cü ildə aşkar edilib. Əvvəlcə mütəxəssislər onu ayrıca təsərrüfat tikilisi hesab etsələr də, son qazıntıların nəticələri göstərib ki, bu, bir neçə nəsil ərzində qorunub saxlanılan, uzunmüddətli tikinti və mərasim ənənəsinin ən son hissəsi olub.

Bu ilin arxeoloji qazıntı işlərinə Kataniya Universitetinin professoru Nikola Laneri rəhbərlik edir. Ekspedisiyanın tərkibi Kataniya Universitetinin tədqiqatçıları və tələbələri, eləcə də Roma La Sapientsa Universitetinin doktorantlarından ibarət olub. Mütəxəssislər müəyyən ediblər ki, 2024-cü ildə tapılmış tikili təsadüfi və ya müvəqqəti bir qurğu olmayıb. O, eyni yerdə dəfələrlə yenidən qurulmuş binanın zaman etibarilə ən son hissəsini təşkil edib.

Arxeoloqlar tikilidə platforma və ya terras da aşkar ediblər. Onun mərkəzi hissəsində xüsusi səliqə ilə hazırlanmış böyük dairəvi manqal yerləşir. Onun yeməklərin hazırlandığı əsas yer olduğu ehtimal edilir.

Manqalın ətrafında müxtəlif ləvazimatlar və keramik qablar yerləşib. Yemək hazırlamaq üçün nəzərdə tutulmuş böyük qablar bilavasitə ocağın yanına toplanıb. Yüzlərlə kasa və piyalə isə küllə dolu sobanın daxilinə yığılıb.

Tədqiqatçıların fikrincə, əşyaların bu cür yerləşdirilməsi təsadüfi deyil. Bu, mərasim məkanının növbəti yenidənqurmasından əvvəl həyata keçirilən xüsusi bir ayinin mövcudluğundan xəbər verə bilər.

"Aşkar etdiyimiz mərasim mətbəxi unikal məkandır. Əvvəllər bu regionda buna bənzər heç nə tapılmamışdı", - Nikola Laneri deyib.

Beynəlxalq mütəxəssislər qrupu tapılan qabların daxili divarlarında qorunub saxlanmış üzvi qalıqların analizinə başlayıblar. İlkin nəticələr burada balla şirinləşdirilən darı sıyığı hazırlandığını göstərib. Onu ümumi ziyafət iştirakçılarının rasionunda mühüm yer tutan öküz əti ilə birlikdə süfrəyə verdikləri ehtimal olunur.

Tapılan əşyalar arasında pintader kimi tanınan naxışlı keramika möhürləri də xüsusi diqqət çəkir. Onların köməyi ilə xəmirin üzərinə həndəsi naxışların vurulduğu və ya çörək bişirilməzdən əvvəl işarələrin qoyulduğu düşünülür.

"Tava-Təpə" müxtəlif icmaların birgə yemək hazırlamaq və qidalanmaq üçün müntəzəm olaraq toplaşdığı kəsişmə nöqtəsi ola bilər. Bu birgə yeməklər sayəsində onlar sosial əlaqələrini möhkəmləndirir və kollektiv kimliklərini təsdiqləyirdilər", - missiya rəhbəri izah edib.

Bu ənənənin əhəmiyyətini mərasim məkanının uzun müddət ərzində istifadə olunması və bir neçə dəfə yenidən qurulması da sübut edir. Tədqiqatçılar ardıcıl yenidənqurma işlərini bu yerin Son Tunc dövrü insanlarının ictimai həyatında nə qədər mühüm rol oynadığının ən aydın isbatı kimi qiymətləndirirlər.

"Tava-Təpə"nin öyrənilməsi layihəsi yalnız elmi əhəmiyyət daşımır. O, həmçinin İtaliya və Azərbaycan arasında arxeologiya və mədəni irs sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verib", - "La Brújula Verde" qeyd edib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR