Gözətçinin arvadı və tapşırılan futbolçu...

img

11-10-2014 [15:18]


Emin Tarverdiyev email: [email protected]

Off, bezdik e, belə sərsəm şeyləri eşitməkdən. Bir yaxın yoldaş danışdı, evə çatan kimi oturdum kompyuterin arxasına. Sizin oxuyub-bilməniz daha yaxşıdı. Dəyər verənimiz elə sizsiz. Özlərinə desək, and-aman edəcəklər, daş atıb başlarını tutacaqlar.

Deməli belə, futbol təsərrüfatında çalışanlardan biri klublarımızdan birinin baş məşqçisinə zəng edərək xahiş edib ki, "filankəsi götür komandana". Bir misal var: üz-üzdən utanar. Yazıq baş məşqçi də odla-su arasında qala-qala, bu futbolçunu götürüb heyətə. Amma oynada bilməyib. İstəyib heç olmasa "18-liy"ə salsın, o da alınmayıb. Bu dəfə o qohum yenə zəng edib: "Müəllim, bizim o qohumu çalış heyətə də sal. Dörd-beş oyun oynasa, milliyə də saldıracam. Sizin də komandanızdan millinin oyunçusu olacaq".

...Günlərin birində rəhmətlik Səməndər Rzayev truppası ilə rayonlardan birinə səfər edir. Getdikləri rayonda teatrın direktoru Səməndər Rzayevin tələbə yoldaşı olur. Səməndər müəllimgil teatra təşrif buyururlar, hamı mərhum aktyorumuzla hal-əhval tutub salamlaşır. Bu arada teatrın gözətçisi Səməndər müəllimə yaxınlaşır.

- Salam, Səməndər müəllim. 

Bariton səsə sahib olan Səməndər Rzayev cavab verir:

- Ay əleykim salam. 

- Necəsiz, Səməndər müəllim?

- Çox sağ olun, siz necəsiz?

- Yaxşıyıq. Səməndər müəllim, deyəsən, bizim teatrın müdiri sizin tələbə yoldaşınız olub.

- Bəli, biz tələbə yoldaşı olmuşuq. İyirmi ildən artıqdı ki, bir-birimizi tanıyırıq.

- Hə, lap yaxşı. Sizə işim düşüb, Səməndər müəllim.

- Buyur, eşidirəm.

- Mənim yoldaşım bu teatrda aktrisa işlə... (gözətçinin sözünü ağzında kəsir)
- Narahat olma, tapşıraram yaxşı rollar verər yoldaşına.

- Yox, Səməndər müəllim, başqa söz de... (yenə gözətçinin sözünü kəsir)
- Narahat olma, tapşıraram yaxşı qonorar yazar.

- Yox, ay Səməndər müəllim, ona deyin ki... ( yenə fikrini ağzında qoyur gözətçinin)

- Dedim narahat olma, tapşıraram maaşını qaldırar. 

- Ehh, Səməndər müəllim. Heç nə lazım deyil. O dostunuza deyin, mənim aktrisa arvadımla işi olmasın. Dəfələrlə özüm tutmuşam ki...

Səməndər müəllim vəziyyətin qəlizləşdiyini görür, qayıdır ki, narahat olma, tapşıraram, sizin arvadınızla işi olmaz.

Səməndər müəllimgil həmin rayonda qastrollarını başa vurub Bakıya qayıdırlar. Amma dostuna "tapşırmağ"ı unudur.

Bu hadisənin üstündən iki-üç ay keçir. Səməndər müəllim səhər-səhər övladlarının əlindən tutub bağçaya aparır. Yolu keçmək istəyəndə görür ki, qarşıdan trolleybus gəlir və bunlar yolda "pauza" verməli olurlar. Bu dəm trolleybusun arxa pəncərəsi açılır və bir baş ordan çıxıb nəyi var uca səslə Səməndər müəllimi salamlayır:

- Sabahınız xeyirrrrrr, Səməndər müəllim!

- Sabahınız xeyir (Bu an Səməndər müəllim fikrə gedir ki, bu adam kimdi mənə salam verir, həm də nə vacibdi ki, trolleybusdan başını çıxarır? Birdən yadına düşür ki, bu həmin gözətçidi).

- O məsələ nə oldu, ay Səməndər müəllim?

"Tapşırmışam, tapşırmışam" deyəndə kişi pəncərədən iki əlini də çıxarıb birləşdirərək qışqırır:

- Nə tapşırmısan eeee, arvadı elə yenə...

İndi də bu bədbəxtin balası... Qardaşım, adını futbolçu qoymusansa, get məşqini elə, etimad qazan, heyətə düş. Bu futboldu, burda səndən sürət, texnika və bir az diqqətli olmaq tələb olunur. Ta gedib "tapşırtdırma". "Tapşırtdıranlar"ın sonunu gözətçinin aktrisa arvadının aqibəti gözləyir.

P.S. Tapşırılan futbolçu, onu tapşıran futbol rəsmisi və futbolçunun tapşırıldığı baş məşqçi haqda yəqin ki, tezliklə komanda.az-da məlumat veriləcək.

komanda.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA