KARTDAN KARTA LİMİTİNİN SƏBƏBİ: mahiyyət və fəsadları - Vəkil qeyri-şəffaflara şəffaflıq dərsi keçir

KARTDAN KARTA LİMİTİNİN SƏBƏBİ: mahiyyət və fəsadları - Vəkil qeyri-şəffaflara şəffaflıq dərsi keçir

İQTİSADİYYAT

Bugün, 00:07

Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən 1 avqustdan ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib: 1) kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər; 2) kartdan karta köçürmələrin maksimal ümumi məbləği 20000 manatdır.

Qeyd olunur ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir. Məqsədin səmimi olduğuna inanıram. Amma sivil ölkələrdə (uzağa getməyək, elə qonşumuz Gürcüstanda) bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini (mənbəyi ilə bərabər) bəyan edir. Buna görə də kartdan karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur (vergi və s.).
Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmir (halbuki 2005-ci ildən bunu tələb edən Qanunumuz var). Buna görə də bizdə çirkli pullarına yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsaz istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”! Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir.
Beləliklə, hazırda tətbiq olunmuş limitin, habelə illər öncə tətbiq edilməyə başlamış xarici valyuta alışına illik 20000 manatlıq limitin bir səbəbi var. Məmurlamız “qara” qaydada işləməyə davam etmək istədikləri üçün (gəlirlərini bəyan etmək istəmirlər) sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq üçün primitiv və kobud alətlərdən istifadə edirlər.
Təsadüfi deyil ki, bunun üçün seçilmiş yolun özü də bazar iqtisadiyyatı ruhuna uyğun deyil. Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü olaraq öz üzərlərinə məhdudiyyət qoyublar?
Necə ki, valyuta alışına illik 20000 manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki?.. Normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir. Dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi.
Əlbəttə ki, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə aylıq 20000 manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər, vəssalam! Və ən mənfisi də budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənşlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bumu bizə lazımdır?..
Ən əsası isə bu limitlər vicdanlı vətəndaşların hüquqlarının pozulmasıdır. Məsələn, tutaq ki, mənə bu ay hansısa şəxs 25000 manat borcunu ödəməlidir. Niyə bunu kartdan karta edə bilməz? Nədir-nədir, 20000 manatlıq aylıq limit var? Sivil ölkədə bu ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə də çətin deyil. Lakin bizdə kölgə iqtisadiyyatı ilk növbədə elə məmuların gəlirinin qeyri-şəffaf olmasına söykəndiyi üçün bu cür nəzarət mümkünsüzdür. Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir. Nəticədə isə sadəcə nağd dövriyyə artacaq...
Əkrəm Həsənov,
Vəkil
P.S. Yazı müəllifin Feysbuk hesabından götürülüb!
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR