Azərbaycan Premyer liqası: komandalar yeni mövsümə necə hazırlaşır?

Azərbaycan Premyer liqası: komandalar yeni mövsümə necə hazırlaşır?

İDMAN

Bugün, 17:59

Futbol üzrə Azərbaycan 1-ci liqasının builki mövsümü sentyabrın 3-də, 2-ci liqa isə sentyabrın 1-də başlanacaq.

Mia.az bildirir ki,  bu gün  növbəti mövsüm üçün Premyer liqanın püşkatması baş tutub.

Builki mövsüm avqustun 14-də start götürür.

Birinci turun ilk oyunu Tovuzda olacaq: bu il avrokuboklardan kənarda qalan tovuzlular premyer liqanın mövsüm açılışıyla təsəlli tapacaq.

Premyer liqada debütünü edən “Şəfa” isə “Zirə”ylə qarşılaşacaq.

Yeri gəlmişkən, bu gün “Şəfa” “İmişli” ilə yoxlama oyunu keçirir.

Ümumiyyətlə, yay təlim-məşq toplanışı çərçivəsində “Şəfa” 5 yoxlama oyunu keçirəcək. Maraqlıdı ki, premyer liqa klubları arasında “Şəfa”ya “isti” münasibətiylə seçilən yalnız bir komanda var: o da “Sabah”dı. Hələ 2 ay əvvəl “Şəfa” 1-ci liqanın çempionu olanda onu sosial şəbəkə üzərindən yalnız “Sabah” təbrik etmişdi.

Payız-yaz sistemi ilə təşkil olunacaq Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümünün də başlama tarixi müəyyənləşib.

Yeni mövsümdə turnirdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların əvəzedici komandaları mübarizə aparacaq. Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümünə avqustun 21-də start veriləcək.

Əsas həyəcan isə 1-ci liqa klublarının düşərgəsində baş verir. Ötən mövsüm 2-ci liqadan 1-ciyə yüksələn komandaların yüksək liqa ambisiyası indidən hiss olunur. 1-ci liqada yerini bərkidən komandalar üçün “aşağı”dan gələnlərin emosiyası təhlükəli sayılır. Nəzərə alaq ki, “Şahdağ-Qusar” kimi klublar premyer liqa ambisiyasını indidən səsləndirib. “Xankəndi” də 1-ci liqaya ayaq basar-basmaz yüksək şüarlarla diqqəti cəlb edir.

1-ci liqa klublarında bəhsə-bəhs bir sıra yeni qərarlar, təyinatlarla müşayiət olunur. Xüsusilə maliyyə sabitliyi və sponsor dayanıqlığı diqqətdən kənarda qala bilməz. Keçən mövsüm forma satmaqla maliyyə sıxıntılarını həll etməyə çalışan klublar indi dayanıqlı və yetərli sponsorları ilə boy göstərir. 1-ci liqada bu mövsümün hərarətli keçəcəyi şəksizdir.

Premyer liqa komandalarının tərkibində yenilənmələri “aşağı”lar da diqqətlə izləyib. Premyer liqadan kənarda qalan futbolçular dərhal 1-ci liqa klublarına dəvət alıb. Maraqlıdı ki, bu mövsümdə də futbolçuların böyük əksəriyyəti ənənəvi “əsgərlik” problemiylə üz-üzə, daha dəqiq desək, təkbaşına qalıb. Klubların bəzisi müqaviləsi başa çatan oyunçularla yenidən müqavilə bağlamağa tələsməyib: “əsgərlik” probleminin “həll”ini futbolçuların öhdəsinə buraxaraq, bu işi başa çatdıra bilən futbolçularla müqavilə bağlayıb. Bu səbəbdən bəzi futbolçlar premyer liqadan kənarda qalıb. Onları 1-ci liqa klubları böyük həvəslə dəvət edib. Təbii ki, premyer liqadan aşağı düşən oyunçular bu enişin “acı”sını babat maaş təyini ilə çıxarıb.

“Karvan-Yevlax”dan ayrılan baş məşqçi Fizuli Məmmədov 1-ci liqada “Şahdağ Qusar”a, eyni posta təyinat alıb. F.Məmmədov indidən premyer liqa ambisiyalarını gizlətməyib. Maraqllıdı ki, şimal bölgəsi təmsilçisinin regionda geniş azarkeş kütləsi və hətta siyasi dəstəyi var: Qusar icra hakimiyyəti klubla görüş keçirib və onlara hər bir dəstək göstərəcəyini gizlətməyib.

“Karvan-Yevlax” yenə pafoslu açıqlamalarla, gələcək planlar və ideyaların bəyan edilməsiylə yayı başa vurub. Premyer liqa ambisiyasından tamamilə kənara çəkilən Yevlax klubu bundan sonra 1-ci liqada “başını qatmaq”la məşğul olacaq.

1-ci liqanın yüksək gərginlik xəttində “Xankəndi”, “Səbail”, “Qaradağ-Lökbatan” da var.

AFFA builki mövsümün sonunda premyer liqada komandaların sayının yenə də artırılması məsələsinə baxa bilər.

Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR