Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - FOTOLAR

Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - FOTOLAR

İDMAN

Bugün, 13:48

Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib və Gənclər və İdman nazirinın sabiq müavini Mariana Vasileva federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.
Mia.az Kontekst.az-a istinadla xəbər verir ki, təyinat idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çünki hələ təyinat ərəfəsində ölkənin idman mətbuatında Mariana Vasiyeva haqqında kəskin yazılar gedib.
Məsələn, futbolinfo.az saytında bir həftə öncə dərc edilən "Ştatdankənar məmur" yazısında deyilir:
"Mariana Vasileva – Azərbaycanın gənclər və idman nazirinin bolqar müavini… Sabiq və bəlkə də hazırkı…
Təyinatı narazılıq doğurdu; işdən çıxarılması biabırçı səbəbdən reallaşdı; hələ də işini davam etdirməsi bir başqa fiaskodur… Postundan azad edilib, amma məmuriyyətinə “ştatdankənar” davam edir. AGİN-in tədbirlərində iştirak edir, nazirliyin idarəetməsində birbaşa rol alır, kimsə onun göstərişlərindən çıxa bilmir.
Vasileva elə nüfuz və hörmət sahibidir ki (!), işdən çıxarılanda nazir Fərid Qayıbov belə buna üzüldüyünü paylaşım edərək göstərmişdi. İstefanın səbəbinə, işdən çıxaranın kimliyinə baxmadan… Deyəsən, küskün nazirin könlünü almaq üçün ona qeyri-rəsmi şəkildə Mariana xanımın işini davam etdirəcəyini dedilər və o, sakitləşdi".
Qeyd edək ki, Mariana Toteva Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi. O, 16 yanvar 2025-ci ildə işdən çıxarıldı.
Onun işdən çıxarılmasının səbəblərinə gəlincə, mətbuatda bu barədə kifayət qədər yazılar dərc olunub. Həmin səbəblərə toxunmazdan öncə qeyd edək ki,1974-cü ildə anadan olan Vasileva gənc yaşlarında vətəni Bolqarıstanda bədii gimnast kimi tanınıb. Bu idman növündə əldə etdiyi uğurlara görə Bolqarıstanda kifayət qədər tanınıb və sevilib. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasında məşqçi işləmək təklifi alıb, ailəsi ilə birgə Bakıya köçüb. 2009-cu ildə Azərbaycan yığmasına baş məşqçi təyin edilib.
Futbolinfo.az-ın məlumatına görə, Azərbaycanda yaşayan Vasileva və ailə üzvləri (həyat yoldaşı ilə iki qız övladı) Bolqarıstan vətəndaşlığını qorumaqla, həm də Azərbaycan vətəndaşlığını daşıyır. Baxmayaraq ki, Azərbaycanda ikili vətəndaşlıq qanunla tənzimlənmir!
Bundan başqa, Vasilevanın 1996-ci il doğumlu böyük qızı Siyana gimnastikada ilk addımlarını Bolqarıstanda atsa da, karyerasını 2008-ci ildən Azərbaycanda davam etdirib və 2011-ci ildə milli komandaya dəvət alıb. Sonra hətta baş məşqçi postunu tutub.
Sayt bu məqama toxunaraq yazır: "Bu qədər əzizlənən birinin vəzifədən kənarlaşdırılması qəribə görünə bilər. Amma o qədər ciddi səbəb var idi ki, onu qorumaq mümkün olmadı".
İndisə gələk həmin ciddi səbəblərə. Məsələ burasındadır ki, 2013-cü ildə Azərbaycanda Əməkdar məşqçi adı alan Vasileva çəki artımına görə atletləri döyüb, onları təhqir edib, özlərini yaxşı hiss etmədikləri halda atletlərin sağlamlığını risk altına qoyaraq onları məşqə məcbur edib.
Deyilənlərə görə, həmçinin, nazirlikdə Vasileva ilə digər əməkdaşlar arasında narazılıq yaşanıb. Bundan başqa, Mariana xanım Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən hər hansı tədbirdən 8 il müddətinə uzaqlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib. Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Siyana Vasileva (Mariananın qızı) 18 ay, məşqçi Yevgeniya Vilyayeva isə 12 ay müddətinə uzaqlaşdırılıb.
Mətbuatda yayılan iddialara inansaq, Vasileva atletlərin pul və ya mükafatlarını mənimsəyib, onların ailələri ilə və ya digər şəxsi əlaqələrini məhdudlaşdıraraq mobil telefonlarından istifadə etmələrinə qadağa qoyub. O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilevaya təqdim etdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınıb.
O da iddia olunur ki, bu məsələlər ciddi şəkildə insidentə səbəb olduğu üçün siyasi rəhbərliyin nəzərinə çatdırılıb. Vasilevanın gimnastlara qarşı kobud, qeyri-insani davranışı, özünü müştəbeh aparması haqda məruzə edildikdən sonra onun işdən azad olunması qərarı verilib. Ayrıca Vasilevanın klubların birindən yayılan rəqs görüntüləri də ciddi qalmaqa və müzakirələrə səbəb olmuş və onun vəziəsindən uzaqlaşdırılmasında rol oynamışdı.
Bununla belə, nazirlikdəki vəzifəsindən uzaqlaşdırılmasına rəğmən, Vasilevanın postu hələ də boşdur. Bu səbəbdən onun həmin vəzifəni hələ də qeyri-rəsmi olaraq yerinə yetirdiyinə dair iddialar da var.
Bütün bunlardan sonra, Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun qalmaqallı gimnasta vəzifə verməsi də xeyli suallar doğurur. Çünki bu addımı həm idarəçilik prinsipləri, həm də ictimai rəy baxımından ciddi tənqidlərə dözümsüzdür və həm dövlət maraqları, həm də idman sahəsindəki islahatlarla birbaşa ziddiyyət təşkil edir.
İlk növbədə bu, beynəlxalq rüsvayçılığa və qadağalara məhəl qoymamaqdır. Çünki Mariana Vasileva sıradan bir səbəbdən yox, idmançıları döymək, təhqir etmək və onların sağlamlığını riskə atmaq kimi ağır ittihamlarla vəzifəsindən kənarlaşdırılıb. O zaman görəsən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsində olan tədbirlərdən 8 il, istənilən federasiyada baş məşqçilikdən isə ömürlük uzaqlaşdırılan, "Fəxri Məşqçi" diplomu belə geri alınan bir şəxsə Cavid Qurbanovun qucaq açmasının arxasında hansı niyyət və arqumentlər dayanır?
Ən önəmlisi isə, Vasileva özbaşınalığına, idmançılara qarşı qeyri-insani davranışlarına görə məhz ölkə rəhbərliyinin iradəsi ilə işdən qovulub. Cavid Qurbanovun siyasi rəhbərlik tərəfindən idarəçilikdən kənarlaşdırılan, fəaliyyətində ciddi nöqsanlar aşkarlanan birini çox keçmədən Atletika Federasiyasına icraçı direktor təyin etməsi dövlət qərarlarına və siyasi iradəyə qarşı açıq-aşkar hörmətsizlik deyilmi?
Azərbaycanda ikili vətəndaşlığa qanunla yol verilmədiyi halda, həm Bolqarıstan, həm də Azərbaycan vətəndaşlığını daşıyan, üstəlik, ailəvi şəkildə korrupsiyaya və qadağalara bulaşmış bir şəxsə mühüm post etibar etmək Cavid Qurbanovun kadr siyasətinin yarıtmaz olduğunu göstərir. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkədə yüzlərlə gənc, savadlı, idman idarəçiliyini bilən kadr olduğu halda, məhz adı qalmaqallarda hallanan Vasilevaya belə canfəşanlıqla sahib çıxılması heç bir məntiqə sığmır.
Ən nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, Vasilevanın bu təyinata qədər rəsmi vəzifəsi olmadığı halda belə Gənclər və İdman Nazirliyinin idarəçiliyinə müdaxilə etdiyinə dair iddialar var. Cavid Qurbanov ona rəsmi status verməklə bu qanunsuz "kölgə idarəçiliyini" leqallaşdırır və onu məsuliyyətdən qaçıracaq yeni bir sığınacaqla təmin edir. Sabah federasiyada baş verəcək hər hansı bir qanunsuzluğa görə mənəvi və hüquqi məsuliyyət birbaşa Federasiya prezidenti kimi Cavid Qurbanovun üzərinə düşəcək. Hətta ona Vasilyevanı görəvləndirmək tapşırığı nazir Fərid Qayıbovdan gəlsə belə...
Sonda onu da vurğulayaq ki, Cavid Qurbanovun bu addımı Azərbaycan idmanının nüfuzuna vurulan növbəti zərbədir. Müsbət imici olmayan, rəsmi qaydada cəzalandırılmış bir şəxsə vəzifə vermək dövlət və ictimai maraqlardan deyil, yalnız idman sahəsindəki yüksək vəzifəli şəxslərin şəxsi maraq və ambisiyalardan xəbər verir.
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR