Son zamanlar beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqləri artan tendensiya üzrə davam edir. Avropa Parlamentinin son qətnaməsinin ardınca Azərbaycan məmurlarının sanksiyalara məruz qoyulmasını təklif edənlərin sayı artır. "Freedom House” təşkilatının prezidenti Devid Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiq edilməsinə çağırış edib.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov "Yeni Müsavat”a kifayət qədər maraqlı detalların yer aldığı müsahibəsində təzyiqlərin mövcudluğunu etiraf etsə də, rəsmi Bakının öz yoluna davam edəcəyini söylədi.
- Siyavuş bəy, bəzi müşahidələrə görə Azərbaycana qarşı təzyiqlər sondan əvvəlki mərhələyə daxil olub və sanksiyaların bir addımlığındayıq. "Freedom House" təşkilatının prezidenti Devid Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiq edilməsinə çağırış edib. Vəziyyət doğrudanmı belə kritikdir?
- Qəti şəkildə. Bu, mümkün deyil. Təbii ki, Azərbaycana təzyiq göstərmək niyyəti var. Azərbaycanın imzaladığı neft müqavilələrinin 20 illiyidir. TAP, Cənub Dəhlizi layihəsi Avropa İttifaqının iradəsindən kənar məsələdir. Bunu yeni komissar özü də qeyd elədi. Amma bununla yanaşı, Avropa İttifaqının Azərbaycanda çoxlu birgə layihələrinin olduğunu da vurğuladı. Yəni o təzyiqlər bütün məsələlərin məntiqi nəticəsidir. Azərbaycanın artan iqtisadi inkişafı, Azərbaycanda olan ictimai-siyasi sabitlik və bunu gözü götürməyənlər. Həm erməni lobbisi, həm Avropada müəyyən qüvvələr var, həm enerji sektorunda olan rəqabətin nəticəsidir.
O ki qaldı Kozlariçə, bu, kimdir, mənim başım çıxmır. Bu adam adi bir institut müəllimidir. O, vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəyirdi, ancaq imkan verilmədi. İstəyirdi ki, güzəştli şəkildə Azərbaycanın enerji sektorundan o da nəsə əldə eləsin. Amerika səfirlərinin bir çoxu elə Azərbaycanda qaldı və müddəti bitdikdən sonra ölkəsinə getmədi. O cümlədən başqa ölkələrin də səfirləri var ki, missiyasını başa vurandan sonra Azərbaycandan qayıtmayıblar. Onlar Azərbaycandakı şəraiti, burdakı biznes mühitini nəzərə alıb burda öz fəaliyyətlərini davam etdiriblər.
- Keçmiş səfir Eskuderonun YAP-a üzv qəbul olunduğu barədə də çox danışıldı...
- Oğlu YAP-ın üzvüdür. O, birbaşa bizim Mərkəzi Aparata müraciət etmişdi, o da qəbul olunub. Səfirin özü isə... Bizdə vətəndaşlıq məsələsi var. Oğlu Azərbaycanda evlənib, biznes fəaliyyətində fəaliyyət göstərir və YAP-ın təəssübkeşidir.
- Riçard Kozlariçlə hakimiyyət arasındakı problemin kökü hardadır?
""Bəzi qüvvələr istəyir ki, Azərbaycanı zorla dartıb antirus koalisiyasına qoşsun”
- Kozlariç təqribən 1997-ci ildə səfir işləyib. Onun üstündən 20 ilə yaxın vaxt keçib. Bu müddətdə Azərbaycanda olmayıb, burdakı dəyişikliklərdən məlumatı yoxdur. Sadəcə olaraq, müxtəlif şəxslərin məlumatı və özünün şəxsi qərəzi nəticəsində belə mövqe sərgiləyir. Çünki enerji sektorundan bəhrələnmək istəyirdi, alınmadı deyə, bu gün Azərbaycana qarşı belə mövqe tutur və ayrı-ayrı təşkilatlardan da maliyyə dəstəyi alır.
- Kozlariç enerji sektorundan necə bəhrələnmək istəyirdi ki?
- O, enerji sektorunda öz adamlarını yerləşdirmək, müxtəlif layihələrdə iştirak etmək niyyətində idi. Bu da baş tutmayandan sonra Azərbaycana qarşı qərəzli mövqe tutmağa başladı. İndi də onun qərəzi açıq görünür.
- Bakı həm Eskudero, həm Brayzaya şərait yaratdığı halda nədən Kozlariçin əməkdaşlıq təklifindən imtina edib?
- Onların məşğul olduğu tamam başqa sahələrdir. Ancaq bunun arzu etdiyi və istədiyi sahə fərqli idi.
- Bəlkə Kozlariç insan haqları və demokratiya məsələlərindən daha çox danışdığı üçün onunla körpülər qurmaq mümkün olmayıb...
- O, Azərbaycanda olanda bir dəfə də olsun insan haqları və demokratiya haqqında danışmayıb. Dəfələrlə burda siyasi partiyalarla birgə, yaxud səfirlikdə, rəsmi qonaqlıqlarda görüşmüşük. Biz onu dəvət etmişik, o da bizi. Ancaq bu barədə söhbət olmayıb. Nədənsə Amerikaya qayıtdıqdan və arzuları həyata keçmədikdən sonra demokratiya və insan haqları yadına düşüb.
- Ancaq Azərbaycandakı vəziyyətə tənqidi yanaşan təkcə o deyil. "Freedom House” təşkilatının prezidenti Devid Kramer də Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiq edilməsinə çağırış edib.
- Bu təşkilatların ipi erməni lobbisinin əlindədir. İpi dartan kimi onlar başlayırlar. 20 ildir onlar eyni şeyləri təkrar edirlər. Biz onlara əhəmiyyət vermirik. Çünki bunlar başqa ölkənin ərazisində olan QHT-lərdir. Bir QHT başqa bir dövlətdəki vəziyyət haqqında hesabat verə bilməz. Bu mandatı ona heç kəs verməyib. Azərbaycanda 5 mindən artıq QHT var. Onda hərəsi durub desin ki, İngiltərədə, Amerikada vəziyyət belədir, bu, o ölkələrin vecinə olacaqmı? Yox.
- Ancaq həmin QHT-lər beynəlxalq səviyyəli təşkilatlar kimi qəbul olunur...
- Qəbul olunmur. Heç yerdə onlara BMT tərəfindən mandat verilməyib. BMT-nin özünün insan hüquqları ilə bağlı strukturu var. Bu barədə hansısa mövqe olanda artıq ciddi bir təşkilatın adından verilmiş bəyanat kimi qəbul olunur. Ancaq "Freedom House”, yaxud "Human Rights Watch”, nə bilim nə...5-6 dələduz yığışıb bir təşkilat yaradıb, ölkələr haqda bəyanat verirlər. Heç kəs buna əhəmiyyət vermir. Hər birinin idarə heyətində, katibliyində 2-3 erməni çalışır. Bu da bəllidir ki, o təşkilatlar məhz belə bəyanatlar verəcək.
- Bəs Azərbaycan iqtidarı imkanlarından istifadə edib həmin təşkilatlara azərbaycanlıları yerləşdirə bilmir?
- Bu, uzunmüddətli məsələdir. Erməni lobbisi bizim müstəqilliyimizdən 100 il qabaq Amerika və Avropanın siyasi çevrələrində yerləşib, kök atıb, müxtəlif ştatlarda onların bazaları, biznes sektorları var. Konqresmen və senatorlar da var ki, onlar bu ermənilərdən bilavasitə asılıdırlar. Ermənilər onların seçki fonduna azacıq da olsa, maliyyə yardımı göstərməklə proseslərdə iştirak edilər. Sonradan gedib qapısını kəsir ki, mən sənin seçki fondunun formalaşmasında iştirak etmişəm. Tutaq ki, hər senatorun hesabına 3 min dollar pul keçirirsə, bu, Amerikada böyük pul sayılır. Pul köçürmədən sonra şərtlər və tələblər qoyurlar. Eyni zamanda işlədikləri təşkilatların Azərbaycan haqqında düzgün olmayan rəy formalaşdırmasına çalışırlar.
"Həqiqətən də çətinliklər, təzyiqlər var, lakin biz öz yolumuzla gedirik və bu yoldan dönməyəcəyik”
- Bu arada Azərbaycan məmurlarına qarşı sanksiyaların qəbul olunması məsələsi də müzakirə predmetidir, üstəlik, "Maqnitski Aktı” xatırlanır. Hökumət üzvlərinə qarşı sanksiyaların tətbiqi mümkündürmü?
- O boş şeydir, düzgün olmayan fikirdir. Bir neçə nəfərin bu cür fikirlər səsləndirməsi, yaxud çağırış etməsi Azərbaycan üçün ciddi narahatlıq yaratmır. Azərbaycanda ciddi şəkildə insan hüquqları pozuntusu yoxdur. Bu ölkədə qanunu pozan, hərbi kəşfiyyata işləyən insanların məsuliyyətə cəlb olunması var. Məsələnin bir ucu da gedib onlara çıxacaq ki, ayırdıqları vəsaitlər hansı istiqamətə yönəldilib. Bu zaman çox böyük beynəlxalq skandal yaranacaq. Artıq Avropa təşkilatları haqqında konkret ifadələr var. Ona görə də bunlar canfəşanlıq edirlər ki, çirkin əməllərinin üstü açılmasın.
- Belə çıxır ki, Azərbaycanda QHT rəhbərləri ilə bağlı məhkəmə istintaqı başlayanda xarici donor təşkilatların məhkəməyə çağırılması məsələsi də gündəmə gələcək?
- Təbii. Çünki donor təşkilatlar ayrılan qrantın bir hissəsini bunlara verməyib. Özlərində saxlayıb mənimsəyiblər. Onlar da elə adamlar axtarır ki, həmin qrantdan hissə-hissə yesinlər. Həmçinin bunlara ayrılan qrantlar düzgün istiqamətdə yönəlməyib. Həm vergidən yayındırıb, həm də hansısa partiyanın saxlanmasına və ya qəzetlərin çapına sərf olunub. Yeyintilərin olması faktları artıq məlumdur. Elə təşkilat var ki, 150-180 min vergi borcu var. Amerika kimi bir dövlətdə vergini bir gün gecikdirsən, səni dərhal həbs edərlər. Hələ bunların pensiya fondu var, əmək müqaviləsi bağlanmalıydı. Heç biri olmayıb.
- Hesab olunur ki, Obamanın Azərbaycanı tənqidindən sonra təpkilər daha da artacaq. Eyni zamanda Bakının Moskva ilə yaxınlaşması təzyiqlərin sərt mərhələyə keçməsinə təkan verə bilərmi?
- Bəzi qüvvələr istəyir ki, Azərbaycanı zorla dartıb antirus koalisiyasına qoşsunlar. Lakin Azərbaycan müstəqil dövlətdir, indiyə qədər apardığı siyasətini davam etdirir, hər bir dövlətlə qarşılıqlı münasibətlərini davam etdirir. Vaxtilə Azərbaycanın ərazisində baza yerləşdirib İrana təzyiq göstərmək istəyirdilər, onda Bakı buna etiraz etdi. Baxmayaraq ki, İranla o qədər də isti münasibətlərimiz yox idi. Ancaq dedik ki, Azərbaycanın ərazisindən İrana qarşı istifadə oluna bilməz. Avropa və Amerikanın öz maraqları var, hansısa qərarlar qəbul edirlər. Azərbaycan isə ona etirazını bildirir ki, mən qarşılıqlı münasibətə üstünlük verirəm. Azərbaycan eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bu, bir daha göstərir ki, Azərbaycanın yürütdüyü müstəqil siyasəti bəzi dövlətlərin gözü götürmür. İstəyirlər ki, Azərbaycan əlaltı olsun, onların tapşırıqlarını yerinə yetirsin. Həqiqətən də çətinliklər, təzyiqlər var, lakin biz öz yolumuzla gedirik və bu yoldan dönməyəcəyik.
- İŞİD-in Azərbaycan hakimiyyətini devirmək planının olması xəbəri necə, ciddiyə alınırmı?
- O da bir xəbərdarlıqdır ki, İŞİD-ə də himayəçiliyi biz edirik, İŞİD-dən bir dəstə göndərə bilərik. Bütün hallarda Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, Ermənistanı çıxmaq şərtilə qonşularla, böyük dövlətlər, beynəlxalq təşkilatlarla normal münasibətlərini qoruyub-saxlayacaq.
- Siyasi məhbusların bir qrupuna beynəlxalq mükafat verilməsinə YAP-da münasibət necədir? Yeri gəlmişkən, bu ərəfədə əfv gözləntisi də var idi...
- Əfvlə bağlı gərək prezidentə və Əfv Komissiyasına müraciət edilsin. Burda da araşdırma aparılır. Kimin əfv olunmasına qanunvericilik, törətdiyi əməl, bu əməldən peşmançılıq çəkməsi yol verirsə, əfv olunur. Əks təqdirdə, məsələ həll olunmamış qalır. Mükafatlara gəldikdə, aydın məsələdir, onlar ancaq o cür mükafatlar verə bilər. Onlar Mübariz İbrahimova, yaxud Xocalıda bütün ailəsini itirmiş kimsəsizə mükafat verməz. Bunlar ancaq özlərinin əlaltılarına, birgə maliyyə oğurladığı adamlara, ermənilərə işləyənlərə mükafat verər. Necə ki, ermənilər Əkrəm Əylislini Nobel mükafatına təqdim ediblər. Çünki onun "Daş yuxuları”nda islamçılıq, azərbaycançılıq təhqir olunub, ermənilər yüksəldilib. Bunlar əməlisaleh, düzgün, vətəninə, xalqına yox, satqına, xəyanətkara mükafat verirlər.
- NİDA-çılar əfv müraciəti etsə də, müsbət nəticə olmadı...
- Bu müraciətlərə baxılır. Adətən Qurban bayramında əfv olmur. Əfv əsasən Respublika günündə, Müstəqillik günündə, digər hallarda olur. Hələ qarşıda bayramlarımız var, yəqin ki, məsələyə baxılar.
- Qarşıda 18 oktyabr bayramı da var...
- Təbii, təbii...