Baş prokurorluq 21 yaşlı Fatimənin cinayət işini nəzarətə götürüdü: erməni qadın, Azərbaycan vətəndaşı olan sevgili... - TƏFƏRRÜAT (YENİLƏNİB)

Baş prokurorluq 21 yaşlı Fatimənin cinayət işini nəzarətə götürüdü: erməni qadın, Azərbaycan vətəndaşı olan sevgili... - TƏFƏRRÜAT (YENİLƏNİB)

KRİMİNAL

06.07.2026, 11:49

Azərbaycan Baş Prokurorluğu Gürcüstanda 21 yaşlı Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir:

"Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.

Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, habelə digər qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquq və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində saxlayır.

Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək”.

***

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız öldürülüb.

Bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.

Bildirilib ki, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova xüsusi amansızlıqla qətlə yetirilib.

B.Pataraia qeyd edib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və orada qızın cəsədini tapıb. Onun verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb.

“Sapari” təşkilatının rəhbəri yazır ki, artıq prokurorluğa müraciət edib və qurumdan qətlə yetirilən qızın bacısının adından işə cəlb olunmaları tələb edilir.

“Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) instaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi.

Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona “Gürcüstanda birlikdə yaşayarıq və işləyərik” deyib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi qızın “IPhone” telefonunu lombarda qoyub, bundan əvvəl isə onu amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb.

Döyülmüş və yad bir ölkədə köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və “Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana aparacağam” deyərək qızı aparıb.

Sanki hər şey qaydasında idi, lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib və deyib: “İkinci gündür onunla əlaqə saxlaya bilmirəm, bəlkə, mənzilinə gedib baxasınız”. Erməni qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş (Təbii ki, polisə heç kim zəng etməyib. Bu ölkədə bunu hələ də öyrənə bilmədik).

Həmin erməni qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub.

Bu gün səhər prokurorluğa müraciət etmişik, order göndərib və işə cəlb olunmasını tələb etmişik. İndi prokurorun qərarından asılıdır ki, bizə bu işdə hüquqşünas kimi iştirak etməyə icazə veriləcək, ya yox. Çünki mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.

Heç bir şeyin ört-basdır olunmaması, gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün biz səsimizi ucaltmalıyıq! Gürcüstan və xarici mediaları bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, bu işin materiallarını öyrənmək imkanımız olsun”, - deyə B.Pataraia yazıb.

Gürcüstan mediasında yayılmış digər məlumata görə, hadisə bu il iyunun 26-sı baş verib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə girov kimi saxlanılıb. Xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Yayılan məlumata görə, azərbaycanlı qız Tbilisiyə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, F.Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə qohumu - xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı öldürmək olub.

Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, o, yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb/Qafqazinfo.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR