Xidmət rəhbəri müşavirdə: "Mil-Muğan regionunda on minlərlə hektar sahə..." (YENİLƏNİB)

Xidmət rəhbəri müşavirdə: \"Mil-Muğan regionunda on minlərlə hektar sahə...\" (YENİLƏNİB)

İQTİSADİYYAT

Bugün, 12:59

"Mil-Muğan regionunda on minlərlə hektar sahəni əhatə edən suvarma layihələri icra olunacaq".

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, region üzrə su təminatının yaxşılaşdırılması məqsədilə müvafiq olaraq Sabir, Baş Muğan və Köhnə Xanqızı kanallarının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb, ekspertiza rəyləri alınıb və tender prosesləri həyata keçirilərək tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur: "Eyni zamanda Rəsularx kanalının yenidənqurulması üzrə hazırlıq işləri başa çatdırılıb və növbəti ildə layihənin icrasına başlanılması planlaşdırılır. Həmçinin Aşağı Muğan kanalının yenidənqurulması işlərinə başlanılıb".

Z.Quliyev əlavə edib ki, Azərbaycanda müasir suvarma sistemləri hələ də əkin sahələrinin 10 %-ni əhatə edir: "2025-ci ildə istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənmiş, 2 813 metr daş-beton bənd və 204 subartezian quyusu təmir olunub. Cari təmir planı çərçivəsində 6 378 subartezian quyusunda, 842 nasos stansiyasında və 2 779 hidrotexniki qurğuda təmir aparılıb, suvarma kanallarında 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetrə yaxın həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Bundan əlavə, çay məcralarında 10 milyon kubmetrə yaxın təmizləmə və tənzimləmə işləri yerinə yetirilib. Bu tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır".

***

Azərbaycanda aqrar sahədə rəqəmsal monitorinq və su uçotu genişləndiriləcək.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalı, əsas diqqət hər kubmetr sudan daha səmərəli istifadənin təmin olunmasına yönəldilməlidir: "Bu baxımdan müasir suvarma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Damcılı, yağışyağdırma və pivot suvarma sistemləri ənənəvi suvarma üsulları ilə müqayisədə su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, məhsuldarlığı artırır və istehsal gəlirlərinin optimallaşdırılmasına imkan yaradır. Yeni Dövlət Proqramında da bu istiqamət prioritet sahə kimi müəyyən edilib. Proqram çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su istifadəçilərinin maarifləndirilməsi, rəqəmsal monitorinq sistemlərinin qurulması və su uçotunun təkmilləşdirilməsi nəzərdə tutulur."

O qeyd edib ki, Mil-Muğan bölgəsində 77,5 min istehsalçı suvarma suyu ilə təmin olunur: "ADSEA bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir: "Eyni zamanda su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Beyləqan rayonunda 51 min 356 hektar, İmişli rayonunda 58 714 hektar, Saatlı rayonunda 59 124 hektar və Sabirabad rayonunda 71 240 hektar suvarılan sahə mövcuddur. Bu sahələrin su təminatının həyata keçirilməsi məqsədilə ümumilikdə 6 704 km suvarma şəbəkəsi, 213 nasos stansiyası, 100-dən artıq subartezian quyusu, 19 500 hidrotexniki qurğu və digər infrastruktur obyektləri istismar olunur. Ötən il həmin ərazilərin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 2 milyard 26 milyon kubmetr su götürülüb, bunun 1 milyard 427 milyon kubmetri təsərrüfatlara verilib. Bu rayonlar üzrə təxminən 77,5 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda bu proses davam etdirilir."

Z. Quliyev bildirib ki, Mil-Muğan iqtisadi rayonunda on minlərlə hektar sahənin su təminatı yaxşılaşdırılıb: "Regionda tikintisi və yenidənqurulması başa çatdırılmış layihələr üzrə İmişli rayonunda 10 838 hektar sahənin suvarma suyu ilə təminatını yaxşılaşdıran, uzunluğu 29,5 km və suburaxma qabiliyyəti 10,5 m³/san olan Qızılarx kanalının yenidən qurulması işləri yekunlaşdırılıb. Eyni zamanda İmişli (8 900 ha) və Beyləqan (891 ha) rayonlarını əhatə etməklə ümumilikdə 9 791 hektar sahənin su təminatının yaxşılaşdırılması məqsədilə uzunluğu 45 km və sərfi 8 m³/san olan Boztəpə kanalının yenidənqurulması da başa çatdırılıb.

Sabirabad rayonunda isə 11 698 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə nasos stansiyası, basqılı boru kəmərləri və beton kanallar tikilərək istismara verilib. Bununla yanaşı, 15 950 hektar əkin dövriyyəsinə daxil edilmiş qış otlaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün suqəbuledici qurğular, nasos stansiyaları, magistral və paylayıcı kanallar, həmçinin kollektor-drenaj şəbəkələri inşa edilərək istifadəyə verilib"/Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR