Xidmət çilingərləri 480-540, "Qəza-Dispetçer"in növbə çilingərləri 900-1100, növbə ustaları 1600-1700 manat... - Komitə sədri "Azəriqaz"dakı anormal iş qrafiki və maaşdan yazır

Xidmət çilingərləri 480-540, \"Qəza-Dispetçer\"in növbə çilingərləri 900-1100, növbə ustaları 1600-1700 manat... - Komitə sədri \"Azəriqaz\"dakı anormal iş qrafiki və maaşdan yazır

İQTİSADİYYAT

Bugün, 13:21

"Son dövrlərdə Azəriqaz İB-nin struktur bölmələrində fəaliyyət göstərən Sayğac Əməliyyatları Xidmətinin çilingərlərinin əmək şəraiti və üzərlərinə düşən iş yükü ilə bağlı ciddi narazılıqlar səsləndirilir. Əməkdaşların bildirdiyinə görə, aldıqları əmək haqqı onlara həvalə olunan və ildən-ilə artan iş həcmi ilə uyğunluq təşkil etmir".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O bildirib ki, iddialara görə, çilingərlər yalnız öz əsas vəzifələrini yerinə yetirməklə kifayətlənmir, ay ərzində 5, bəzən isə 6–7 gün qeyri-iş günlərində də işə cəlb olunur.

Komitə sədri yazıb ki, mövcud işlərin çoxluğu səbəbindən bəzi hallarda əməkdaşların iş vaxtından sonra, saat 18:00-dan etibarən də fəaliyyət göstərmələri tələb olunur:

"Halbuki Sayğac Əməliyyatları Xidmətinin əməkdaşları gündəlik olaraq bir sıra mühüm texniki işləri icra edirlər:

• Qaz sayğaclarının əvəzlənməsi;
• Qəza xidməti tərəfindən zədələnmiş və ya açılmış plombun yenisi ilə əvəz edilməsi;
• Ödəniş etməyən abonentlərin qaz təchizatının müvəqqəti dayandırılması;
• Borclu abonentlərə fərdi qaydada mobil telefon vasitəsilə zəng edilərək ödənişlərin edilməsinin tələb olunması;
• Qaz sayğaclarına texniki baxışların keçirilməsi;
• Yeni qeydiyyata alınmış fərdi yaşayış evlərində qaz sayğaclarının quraşdırılması və plomblanması;
• Yararsız vəziyyətə düşmüş qaz sayğacı kranlarının dəyişdirilməsi.
Bütün bu vəzifələrə baxmayaraq, çilingərlərin üzərinə növbəti əlavə iş yükü kimi abonent məlumatlarının dürüstləşdirilməsi prosesi də həvalə olunub. “Əmlak sahəsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi” çərçivəsində abonent bazasında mövcud olan FİN kodları, şəxsiyyət vəsiqəsi məlumatları, elektron poçt ünvanları, mobil telefon nömrələri və yaşayış ünvanlarının yenilənməsi məqsədilə Manage Fields (MF) sistemində “Ünvan dürüstləşdirmə” modulu yaradılıb və bu işlərin də çilingərlər tərəfindən icra olunması tələb edilir.
Sahədə çalışan əməkdaşlar sual edirlər: texniki xidmət, sayğac quraşdırılması, abonentlərlə iş, borcların yığılması və digər çoxsaylı vəzifələri yerinə yetirən bir çilingərin üzərinə əlavə olaraq geniş həcmli məlumat toplama və rəqəmsallaşdırma işlərinin qoyulması nə dərəcədə məqsədəuyğundur?"
Komitə sədrinin sözlərinə görə, məsələ ilə bağlı əsas narazılıq ondan ibarətdir ki, artan iş həcmi və əlavə məsuliyyətlərə baxmayaraq, əmək haqqı və iş şəraitinin eyni səviyyədə qalması əməkdaşlar arasında narahatlıq yaradır:
"Əməkdaşlar görülən işlərin həcminin yenidən qiymətləndirilməsini, vəzifə bölgüsünün düzgün aparılmasını və əmək haqqının görülən işin ağırlığına uyğun tənzimlənməsini gözləyirlər.
Qeyd edilir ki, may ayı üzrə ən ağır iş yükünü daşıyan Sayğac Əməliyyatları Xidmətinin çilingərlərinin orta aylıq əmək haqqısı cəmi 480-540 manat olduğu halda, Qəza-Dispetçer Xidmətinin növbə çilingərləri 900-1100 manat, növbə ustaları isə 1600-1700 manat əmək haqqı almışdır. Bu fərq əmək haqqı siyasətində ciddi disbalansın mövcudluğunu göstərir".
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR