"Kimisi bacısını, qızını uduzdu bu oyunda..." - Topaz haqqında yazı

img

02-10-2014 [15:57]


Emin Tarverdiyev email: [email protected]

İdman mətbuatında Ceyhun Əliyevi və Kamal Rzanı tanımayan yoxdu. Tanımayan varsa, deməli, bu sahədə yenilərdəndi. Çalışıb tanıtmaq lazımdı, çünki dəyərli insanlardı.

2009-cu il idi, adını qeyd etdiyim yazarlarla əl-ələ verib "Neftçi" jurnalını çıxardırdıq. Ən qəşəngi də o idi ki, dörd nəfər idik, aramızda "işverənimiz" də yox idi. Hamı işini bilirdi, get gəz, dolan, ye, iç, yat - amma hər ayın əvvəlinə jurnal hazır olmalıydı. "Azərbaycan Nəşriyyatı"nda idi ofisimiz, elə gün olurdu ki, "Neftçibaza"ya gündə iki-üç dəfə gedib gəlirdik. Vaxt olub ki, bazaya getməyə pulumuz olub, qayıtmağa yox. Amma və lakin... Hər şey əla idi.

Futbola, xokkeyə, at oyunlarına pul qoyuluşlarının xarici bukmekerlərlə həyata keçirilən vaxtları idi. Ceyhunun əli yaxşı gətirirdi, tez-tez udurdu, amma həmişə narazılıq edirdi ki, bu pul hardan gəlir, hara gedir, heç bilmirəm. Azad adlı dizaynerimiz var idi, Ceyhuna baxıb həvəsləndi, gedib bankda hesab açdırdı, hələ hesabına 100 manat da qoydu ki, bukmekerlərdən pul udacaq. "Kasıbı dəvənin üstündə ilan vurar" məsələsi oldu. Azad elə o 100 manatı iki oyuna "itirdi".

Dekabrın əvvəlləri, havanın soyuq vaxtı idi. Kamalla 4-cü mərtəbəyə enirdik ki, "xəngəlləyək". Oranı seçməyimizdə başqa məqamı da mən "kəşf etmişdim", ən çox mən istəyirdim 4-cü mərtəbəni. Çünki deputat Aqil Abbas da çox vaxt orda "obed" edirdi və masa ətrafında əyləşənlərlə ya şeir deyirdilər, ya da futboldan danışırdılar. Qısası, ləzzət edirdi. Yeməkxananın yolunu tutanda Kamaldan xahiş etdim ki, "bolşe" - "menşe"ni mənə də öyrətsin, pul qoyum, pul qazanım. Dostum başını buladı, "qəti etmə, sonra min dəfə ölənlərimə rəhmət oxuyacaqsan" dedi. Çünki Kamal artıq çox "yandırmışdı" deyə, bir qardaş məsləhəti gördü mənə.

Sonralar bukmekerlərin insanların başına açdığı faciələrdən xəbərdar olduq. Kimisi anasını, arvadını öldürdü, kimisi bacısını, qızını uduzdu bu oyunda...

Bugünlərdə deputat Fazil Mustafa da bu mövzuda çıxış etmişdi və düşünürəm ki, qeyd etdiklərində millət vəkili haqlı idi. Daha TV kanalları kimi yox. "Topaz"ın reklamı gedir, uşaq sual verir ki, ay ata, bu nədi? Aciz qalırsan, sanki dilin quruyur ağzında. Nə cavab verəsən? "Bala, bu, qumardı, haram puldu" deyəcəksən , qayıdıb deyəcək ki, elədisə, burda niyə göstərirlər? Övladın qarşısında bu qədər aciz olmaq çətindi.

Hələ də "bolşe" - "menşe"ni başa düşmürəm. Amma hərdən dağılan tifaqları görəndə sevinirəm: nə yaxşı ki, bunu başa düşmürəm. Çalışaq, Allahın verdiyi ruzimizlə ailəmizi saxlayaq, hazıra nazir olmayaq.

P.S. Kamal, verdiyin məsləhətə görə bu gün də sənə minnətdaram. Allah ölənlərinə rəhmət eləsin.

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA