Türkiyə dərsliyində Ege dənizi ilə bağlı dəyişiklik... - TƏHLİL

Türkiyə dərsliyində Ege dənizi ilə bağlı dəyişiklik... - TƏHLİL

SİYASƏT

Bugün, 12:56

Türkiyədə məktəblərin tədris proqramında edilən yeni dəyişikliklər ölkədə və regionda geniş müzakirələrə səbəb olub. Xüsusilə “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması diqqət çəkir.

Türkiyə ilə Yunanıstan arasında uzun illərdir Egey dənizində sərhədlər, adalar və hava məkanı ilə bağlı gərginlik var. Bu gərginlik bəzən diplomatik bəyanatlar səviyyəsində qalsa da, bəzi dövrlərdə açıq qarşıdurma riskinə qədər yüksəlib. Bunun ən məşhur nümunələrindən biri Kardak (İmia) böhranıdır.
1996-cı il 25–30 yanvar tarixlərində adacığın kimə məxsus olması ilə bağlı başlanan mübahisə iki ölkə arasında ciddi siyasi və hərbi gərginliyə səbəb oldu. Hər iki tərəf bölgəyə hərbi qüvvələr cəlb edərək demək olar ki, açıq münaqişə həddinə çatmışdı. ABŞ və NATO-nun vasitəçiliyi ilə tərəflər geri çəkilsə də, gərginlik heç vaxt tam bitmədi.
Bu gün də Egey dənizində hava məkanının pozulması, dəniz sərhədlərinin müəyyənləşdirilməsi və adaların statusu ilə bağlı fikir ayrılıqları tez-tez gündəmə gəlir. Türkiyə bəzi adaların silahlandırıldığını iddia edərkən, Yunanıstan bunu öz müdafiə hüququ kimi əsaslandırır. Son illərdə isə Şərqi Aralıq dənizində enerji resurslarının axtarışları bu gərginliyi yeni bir mərhələyə keçirib.
Yunanlar üçün “Egey dənizi” adı qədim yunan mifologiyasından gəlir və birbaşa Aegeus ilə bağlıdır. Yunan əfsanəsinə görə, Aegeus Afina şəhərinin kralı idi və oğlu Theseus Krit adasına Minotavrı öldürməyə gedəndə ondan qayıdarkən gəmisinin yelkənini ağ rəngdə qaldırmasını istəmişdi. Əgər qara yelkən görsəydi, oğlunun öldüyünü anlayacaqdı. Theseus missiyanı uğurla yerinə yetirsə də, geri qayıdarkən yelkəni dəyişməyi unudur. Kral Aegeus uzaqdan qara yelkən görüb oğlunun öldüyünü düşünərək özünü dənizə atır. Bundan sonra həmin dəniz onun adı ilə “Aegean Sea” (Egey dənizi) adlandırılır.
Türkiyəli hüquqşünas, akademik, xüsusilə Roma hüququ və qədim Anadolu toponimləri üzrə araşdırmaları ilə tanınan Bilge Umara (1937–2018) görə isə “Egey” adının yunan mifologiyasındakı Aegeus adlı fiqurla izahı sonradan yaranmış bir açıqlamadır və bu tip izahlar əsl etimoloji kökü tam əks etdirmir. O, bu adı daha qədim Anadolu dilləri ilə əlaqələndirərək yunan izahının əsasən sonradan formalaşmış xalq etimologiyası olduğunu deyib.
“Adalar dənizi” ifadəsi isə türklərin Anadoluda dənizlə ilk ciddi təması, yəni 11-ci əsrdən, Səlcuqlu dövründən başlayır. Anadoluda türklərin dənizçilik tarixində ilk mühüm fiqur kimi tanınan Çaka bəyin fəaliyyətləri ilə “Adalar dənizi” ifadəsi türklər arasında işlənməyə başlayır. Anadolu Səlcuqlularının dağılması ilə Aydınoğulları, Saruhanoğulları, Karesioğulları, Menteşeoğulları kimi dənizçilik fəaliyyəti ilə ön plana çıxan bəyliklər və son olaraq Osmanlıların regionu öz torpaqlarına qatması ilə bu ifadə türk-müsəlman coğrafiyasında qəbul görməyə başladı.
Ankara “Adalar dənizi” ifadəsi ilə adaların düzgün paylaşılmadığını və prosesə yenidən baxılmalı olduğuna diqqət çəkir. Başqa sözlə, adalara haqq iddia edir. Əslində, Türkiyənin bu yanaşması əsassız deyil.
1912-ci ildə İtaliya ilə Osmanlı Dövləti arasında “Uşi” sülh müqaviləsi imzalandı. Bu müqavilə İtaliya–Osmanlı müharibəsini bitirdi. Beləliklə, Osmanlı Şimali Afrikadakı son torpaqları olan Tripoli və Kirenaikanın (bugünkü Liviya) işğalını tanıdı.
Müqavilədə Egey dənizi ilə bağlı da bir məqam da var idi. Belə ki, türklərin “On İki Ada” adlandırdığı Rodos, Kos (İstanköy), Leros, Kalimnos, Simi, Patmos, Nisyros, Tilos, Astipalya, Karpatos, Kasos və Kastellorizo (Meis) adaları İtaliyanın nəzarətinə keçdi. Əslində adalar müvəqqəti İtaliyaya verilmişdi. Türkiyə adaları Lozan danışıqlarında tələb etsə də, 1947-ci ildə Paris Sülh Müqaviləsi ilə bu adalar təzminat kimi Yunanıstana verildi.
Bu gün Türkiyə ilə Yunanıstan arasında 12 ada başda olmaqla irili-xırdalı 100-dən artıq mübahisəli adalar var. Hətta qəribə olsa da, iki ölkə arasında delimitasiya və demarkasiya prosesi bir əsrə yaxındır yekunlaşmayıb. Məsələn, Meis adası Türkiyənin Antalya bölgəsindən iki kilometr uzaqlıqda yerləşir. Yunanıstan beynəlxalq hüquqa görə bu ada və ətraf suları özünün ərazisi sayır. Ankara isə bunu qəbul etmir və kiçik adanın bütövlükdə Anadolunun dəniz sularını əhatə etməsini ədalətsiz hesab edir. İşin tragikomik tərəfi isə ondan ibarətdir ki, Meis adası Anadoluya dəniz səthi ilə bitişikdir. Yəni, əslində, Anadolunun bir parçasıdır.
Türkiyə üçün bu məsələ indiki məqamda prioritet təşkil edir və çətin ki, geri çəkilsin. Lakin Ankara bu məsələləri hərbi toqquşma ilə yox, diplomatik təzyiq, beynəlxalq hüquq arqumentləri və ikitərəfli danışıqlarla həll etməyə çalışacaq. “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması ilk ciddi siqnaldır.
Türkiyə Rusiya–Ukrayna müharibəsi, İran ətrafında gərginliyin davam etməsi və paralel olaraq ABŞ–Çin rəqabətinin mühüm proses olduğunu bilir. Bu mənada Ankara təzyiqləri artıra, hətta Avropa İttifaqı və NATO-nu belə qarşısına ala bilər. Prinsipcə, yuxarıda qeyd edilən gərginlik və müharibələr fonunda ABŞ, Avropa İttifaqı və NATO-nun bu adalara görə Türkiyəni itirməyi gözə alması çətindir.
Turan Rzayev
mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR