"Nə saytı var, nə də nömrəsi..." - Səhiyyə Nazirliyinin tenderi müzakirəyə səbəb oldu

\"Nə saytı var, nə də nömrəsi...\" - Səhiyyə Nazirliyinin tenderi müzakirəyə səbəb oldu

İQTİSADİYYAT

Bugün, 18:09

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti növbəti böyük satınalma prosesini yekunlaşdırıb.

Budəfəki milyonluq tenderin "şanslı" qalibi isə yenə də "Pro Construction Company" MMC olub.
AFN.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sözügedən şirkət nazirliyin tabeliyində olan tibb müəssisələrinin cari təmir işlərini həyata keçirəcək. Bu xidmətin müqabilində dövlət büdcəsindən şirkətə tam olaraq 1 255 811,61 manat vəsait köçürüləcək.
Nə saytı var, nə də nömrəsi...
Dövlət Vergi Xidmətinin reyestr məlumatları göstərir ki, "Pro Construction Company" MMC kifayət qədər gənc şirkətdir — 15 dekabr 2021-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı cəmi 1010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 45, mənzil 75-dir. Şirkətin qanuni təmsilçisi kimi isə Məhərrəmov Elnur Elşad oğlu qeyd olunub.
Maraqlıdır ki, milyonlarla manatlıq dövlət sifarişlərini icra edən bir şirkət haqqında açıq mənbələrdə, sosial mediada və ya internet resurslarında heç bir məlumata rast gəlinmir. Nə əlaqə nömrəsi, nə fəaliyyət tarixçəsini əks etdirən rəsmi sayt, nə də rəhbəri barədə hər hansı bioqrafik bilgi mövcud deyil. Belə bir şirkətin kifayət qədər yüksək məbləğli tenderdə hansı meyarlarla qalib seçilməsi sual doğurur.
Məsələnin ən narahatedici tərəfi isə mediada dolaşan iddialardır. Bildirilir ki, "Pro Construction Company" MMC birbaşa Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin direktoru Elşad Hacıyevin kurasiyasındadır və ya ona yaxınlığı ilə seçilir. Hətta iddialar arasında MMC-nin rəsmi təmsilçisi Elnur Məhərrəmovun direktorla qohumluq və ya yaxın əlaqələrinin olduğu da yer alır. Lakin bu ciddi ittihamlarla bağlı Səhiyyə Nazirliyi hələlik sükutunu pozmayıb.
Ötən ilin 12 milyonluq "uğuru"
Dövlət satınalmalarının vahid internet portalındakı göstəricilər bu şirkətin Səhiyyə Nazirliyi üçün "vazkeçilməz" olduğunu təsdiqləyir.
Portaldakı məlumatlar göstərir ki, "Pro Construction Company" MMC-nin qazandığı tenderlərin mütləq əksəriyyəti məhz Səhiyyə Nazirliyi və onun tabeli strukturları ilə bağlıdır. Belə ki, adıçəkilən MMC təkcə ötən il ərzində bu qurumlardan təxminən 12 milyon manat dəyərində sifariş toplayıb.
Bu qədər qısa müddətdə, heç bir ciddi maddi-texniki bazası və tanınmış iş təcrübəsi olmadan milyonluq layihələri "qoltuğuna vuran" şirkətin fəaliyyəti korrupsiya və maraqlar toqquşması şübhələrini daha da gücləndirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR