İnsanlar niyə hələ də ulduzlara inanır? - Psixoloq Vüsalə Rüstəmdən şərh

İnsanlar niyə hələ də ulduzlara inanır? - Psixoloq Vüsalə Rüstəmdən şərh

MƏDƏNİYYƏT

Bugün, 12:01

Gecə səmasına baxanda insanlar əsrlər boyu eyni sualı verib: “Görəsən, taleyimiz göylərdə yazılıb?” Bürclər və astrologiya min illərdir insanların maraq dairəsindədir. Texnologiyanın inkişaf etdiyi, süni intellektin həyatımıza daxil olduğu bir dövrdə belə milyonlarla insan hər səhər ilk olaraq öz bürc yozumunu oxuyur.

Astrologiyaya görə, insanın doğulduğu an planetlərin mövqeyi onun xarakterinə, hisslərinə və hətta gələcəyinə təsir edir.

Məsələn, Qoçlar enerjili və lider ruhlu, Buğalar inadkar və səbirli, Əkizlər isə ünsiyyətcil hesab olunur. Maraqlıdır ki, insanlar çox vaxt öz bürclərinin xüsusiyyətlərini qəbul edir və gündəlik davranışlarında bunu hiss etdiklərini deyirlər.

Psixoloq Vüsalə Rüstəm MİA.az saytına açıqlamasında bunun səbəbini belə izah edib: “İnsanlar qeyri-müəyyənlikdən qorxur və gələcəklə bağlı kiçik də olsa ipucu axtarırlar. Bürclər də məhz bu ehtiyacı qarşılayır. Xüsusilə stressli dövrlərdə insanlar “bu ay şanslı olacağam” və ya “ehtiyatlı davranmalıyam” kimi fikirlərlə özlərini daha güvənli hiss edirlər”.

Vüsalə Rüstəm qeyd edib ki, bu, həm də dünyagörüşə və təhsilə bağlıdır. İnsanın dünyagörüşü artdıqca elmi sübutu olmayan heç nəyə inanmır. İnsanın taleyi onun anadan olduğu günə, aya və ilə bağlı ola bilməz:

"Sosial şəbəkələrdə isə astrologiya artıq ayrıca bir mədəniyyətə çevrilib. TikTok və Instagram-da bürclərlə bağlı videolar milyonlarla baxış toplayır. İnsanlar münasibətlərdə uyğunluğu belə bürclərlə əlaqələndirir: “Əqrəb ilə Şir uyğun gəlirmi?”, “Balıqlar niyə çox emosionaldır?” kimi suallar internetdə ən çox axtarılan mövzulardandır.

Bəzi alimlər astrologiyanı elmi əsasdan uzaq hesab etsə də, bürclərin populyarlığı azalmır. Çünki insanlar sadəcə gələcəyi bilmək istəmir, həm də özlərini tanımağa çalışırlar. Bəlkə də astrologiyanın əsil gücü məhz bundadır - insanlara öz xarakteri haqqında düşünmək imkanı verməsində.

Kim bilir, bəlkə də ulduzlar həqiqətən bizə nəsə deməyə çalışır…"

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR