Piti, lətifə və futbol

img

29-09-2014 [13:06]


Emin Tarverdiyev, email: [email protected]

Şəki ən çox xoşuma gələn rayonlarımızdandı. İnsanları safdı, mərddi, təmənnasızdı və bunlarla bahəm bamazədilər, hər sözə bir lətifəylə cavab verirlər köhnə Nuxada. Burda qapısını şəstlə döyə biləcəyim xeyli dostum, tanışım var. Yaddan çıxmamış onu da qeyd edim ki, Şəkidə yeyib-içmək, istirahət etmək üçün yerlər çoxdu. Amma məşhur Şəki pitisi üçün getmisənsə, "Arı Məmmədin pitixanası”ndan yan keçmək günahdı. Hələ orda pitinin yanında verilən sirkələnmiş soğanı demirəm. Adam bilmir pitini yesin, yoxsa soğanı.

Şəkiyə tez-tez gedirəm. Hər dəfə də gedəndə "nə əcəb Şəkinin futbol komandası yoxdu” sualını öz-özümə verirdim. İki ilin söhbətidi. Şəkidə idim. Dostum Ramindən Şəkidə stadionun olub-olmamasını soruşdum. Çox sağ olsun, məni Şəki stadionuna apardı.Stadion elə bir ərazidə yerləşir ki, bütün Şəkinin gözəlliyinə bir daha şahid olursan. Şəki stadionunda normal meydança var idi, oturacaqlar da yerində. Dəqiq yadımda deyil, deyəsən, həmin vaxtı inzibati otaqlar da təmir olunmuşdu.

10-15 günün söhbətidi. AFFA-nın rəsmi saytı yazdı ki, bəs Şəki şəhərindəki 3 saylı orta məktəbin həyətində süni örtüklü meydança istifadəyə verilib. Komanda.az meydançaya xərclənən vəsaiti yazanda lap təpəmdən tüstü çıxdı. Nə az, nə çox - 220000 manat. Qardaş canı düz deyirəm, bunun 35000 manatını mənə versəydiz, ipoteka borcumu bağlayardım, yerdə qalan vəsaitə də Şəkidə beş belə süni meydança istifadəyə verərdim.

Bu süni örtüklü meydançanın istifadəsiylə bağlı götürüb Ramin dostuma zəng edib, təbriklərimi çatdırmaq istədim. Amma eyni zamanda sual verdim ki, ay qardaşım, bəs sizin Şəkinin komandası yoxdu, bu meydança nəyə gərəkdi? Dedi "ay cözuu yiyim, sən ki, belə sual verdin, qoy bunun dəqiq cavabını verim” və başladı bir əhvalat danışmağa. 

Deməli, sovet dönəmi imiş. Şəkinin cayıllardan ibarət komandası yığışıb gedirlər qonşu rayonlardan birinə yarışa. Fasiləyə şəkililər 3:0 hesabı ilə qalib yollanırlar. Rəqib komandanın baş məqşçisi fasilədə komandasını o ki var söyüb, danlayır. İkinci hissə başlayanda şəkililər bir də onu görürlər ki, rəqib futbolçular meydançaya şortiksiz çıxdılar. 90 dəqiqənin tamamında hesab 8:3 olur. Əsəbindən titrəyən şəkililərin baş məşqçisi paltardəyişmə otağında uşaqları "məşhər ayağına çəkəndə” kapitan sinəsini irəli verib deyir ki, bizim futbolçularda günah yoxdu. Baş məşqçi lap dəli olur ki, necə yəni, komanda uda-uda, necə uduzdu? Kapitan qayıdır ki, müəllim, onlar ikinci hissəyə şortiksiz çıxdılar, biz də topa baxanda arxaları yaddan çıxırdı, arxalarına da baxanda top”.

Bu əhvalata necə şaqqanaq çəkdimsə, gözümdən yaş gəldi. Dostum sonda onu da əlavə etdi ki, istəyir o meydançadan 10 dənə tikilsin, rəqib komandalar artıq şəkililərə qalib gəlməyin yollarını bilirlər. Ona görə də Şəkinin futbol komandası olmasa yaxşıdı.

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA