Fəzail Ağamalının oğlundan iddialı açıqlamalar - Müsahibə

img

28-09-2014 [11:53]


Məlum olduğu kimi, bu ilin payızında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Amma nədənsə, ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. 

Siyasi partiyalar müəyyən seçki hazırlığı görsələr də, cəmiyyətdə hər hansı tərpəniş yoxdur. Ana Vətən Partiyası (AVP) Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı "Reytinq" qəzetinə müsahibəsində seçkiöncəsi vəziyyətlə yanaşı, digər məsələləri də şərh edib:  

- Ölkədəki seçkiöncəsi vəziyyəti normal dəyərləndirirəm. Seçki prosesinə hələ start verilmədiyi üçün, indidən seçki aktivliyi barədə danışmaq və cəmiyyətin seçkilərə biganə yanaşdığını söyləmək yanlış olardı. Bəzi siyasi partiyalar, həmçinin, Ana Vətən Partiyası hələ bələdiyyə seçkilərinə xeyli müddət qalmış, yəni, aprel ayından seçki prosesinə hazırlığa start verib. Artıq Ana Vətən Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürüləcək şəxslərin müəyyən olunması işlərini yekunlaşdırmaq üzrəyik. Dairə seçki komissiyalarında Ana Vətən Partiyasını təmsil edəcək nümayəndələrin müəyyənləşməsi prosesi də yekunlaşmaq üzrədir. Seçki zamanı məntəqə və dairə seçki komissiyalarında bizi təmsil edəcək müşahidəçilərin siyahısının hazırlanması prosesi də başa çatmaqdadır. Yəni, belə demək olar ki, seçkilərdə iştiraka xüsusi marağı olan siyasi partiyaların daxilində bu proses gedir. Seçki prosesinə start verilmədiyinə görə, cəmiyyətdə bu aktivlik öz əksini tapmır. Hər halda, seçki prosesinə start veriləndən sonra cəmiyyətdə də aktivlik olacaq. 

- Bildiyiniz kimi, bələdiyyə seçkilərində daha çox namizədə ehtiyac olur. Ana Vətən Partiyası bütün məntəqələr üzrə namizəd verə biləcək, yoxsa... 

- Öncə onu nəzərə çatdırım ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, Ana Vtən Partiyası hakim Yeni Azərbaycan Partiyasından sonra bələdiyyə üzvlərinin sayına görə ikinci partiyadır. Yəni, öncəki seçkilərdə olduğu kimi, bu seçkilərdə də kifayət qədər aktiv iştirak etməyi və bələdiyyələrə daha çox namizəd irəli sürməyi nəzərdə tutmuşuq. Mənim fikrimcə, formalaşacaq 1500 bələdiyyənin 1000-dən öz namizədimizi irəli sürəcəyik. 

- Namizədlərinizin qələbə çalmaq, bələdiyyə üzvü seçilmək potensialını necə qiymətləndirirsiniz? 

- Biz namizədlərin seçimi prosesinə kifayət qədər ciddi yanaşırıq. Sadəcə, say xətrinə namizəd irəli sürmürük. İrəli sürdüyümüz namizədlərin şəxsi keyfiyyətləri bizim üçün əhəmiyyət kəsb edir. Ona görə də namizədlərimizi seçər-kən onların əhali arasında, yaşadıqları bölgədə nüfuzunu mütləq nəzərə alırıq. Hesab edirəm ki, bu seçkilərdə də əvvəlki seçkilərdə olduğu kimi, Ana Vətən Partiyası uğurla çıxış edəcək və bələdiyyələrdə ən çox yer qazanan partiyalardan biri olacaq. 

- Bəzən siyasi partiyaların seçkilərdə hər hansı ittifaqda birləşmə məsələsi ortaya çıxır, yaxud da əməkdaşlıq edirlər. AVP-nin budəfəki seçkilərdə hansısa siyasi qüvvə ilə əməkdaşlıq etmək niyyəti varmı? 

- Ana Vətən Partiyası indiyə qədər keçirilən bütün bələdiyyə seçkilərində təkbaşına iştirak edib. Namizədlər irəli sürəndə də Ana Vətən Partiyasının üzvü olan, partiyaya rəğbət bəsləyən şəxslərin namizədliyini irəli sürmüşük. Təbii ki, seçki prosesləri zamanı bizim tərəfdaş olduğumuz partiyaların namizədlərinin qalib olmaq şansı daha yüksək olduğu zaman, yaxud onlara ciddi rəqabət yaratmamaq üçün müəyyən yerlərdə razılaşmalar ola bilər. Kimsə Ana Vətən Partiyasının üzvlərinin xeyrinə, yaxud bizim namizədlərdən kimsə hansısa dost partiya nümayəndələrinin xeyrinə namizədliklərini geri götürə bilərlər. Bu cür məsələlər istisna olunmur. Lakin bu da fərdi xarakter daşıyacaq. 

Siyasi blok, yaxud hansısa bir ittifaq şəklində seçkidə iştirakımız gözlənilmir. 

- Bir vaxtlar hakimiyyətyönlü partiyaların birliyi var idi, amma sonradan bu birlik dağıldı. Necə düşünürsünüz, hazırda hakimiyyətin siyasi kursunu dəstəkləyin partiyaların birliyinə ehtiyac varmı? 

- Qeyd etdiyiniz həmin o bloklar, yəni, 1994-cü ildə yaradılan Mərkəzçi Siyasi Partiyaların Əlaqələndirmə Şurasının, eyni zamanda, 1997-ci ildə yaradılan Məşvərət Məclisinin təşəbbüsçüsü Ana Vətən Partiyası olmuşdur. Məhz, Ana Vətən Partiyasının təşəbbüsü nəticəsində indiki iqtidarı dəstəkləyən partiyalar bu bloklar ətrafında birləşmiş və ölkənin hazırkı rəhbərliyinin yürütdüyü siyasi kursun müdafiəsinə qalxmışdılar. İndiki siyasi şəraitdə hakimiyyətyönlü partiyalardan ibarət blokun yaradılmasına ehtiyac yoxdur. Ancaq zaman-zaman belə ittifaqlar yaradıla bilər. 

Prezident seçkilərində hazırkı Prezident cənab İlham Əliyevin namizədliyini irəli sürüb müdafiə etmişik. Bu da blok şəklində seçkilərdə iştirakın bir forması kimi qəbul oluna bilər. Ancaq bu gün hansısa blok yaradılması üçün siyasi zəmin görmürəm. 

- Elçin müəllim, son bir neçə ildə AVP-nin rəhbərlik vitrinində dəyişikliklər oldu, kimlərsə getdi, yeni simalar gəldi. Siz də gənc nəslin nümayəndəsi kimi rəhbərlikdə daha yüksək pilləyə qalxdınız. Partiya işində AVP sədri və atanız Fəzail Ağamalı ilə aranızda hər hansı fikir ayrılığı olurmu? 

- Qeyd edim ki, Ana Vətən Partiyasında böyük kadr potensialı var. Zaman-zaman Ana Vətən Partiyasının siyasi elitasında təmsil olunan şəxslər biri digərini əvəz edib. 

Mənə gəldikdə, 1990-cı ildən Ana Vətən Partiyasının üzvüyəm. Dövlət qulluğunda olduğum 7 ilin xaricində, ötən 17 il ərzində partiyada fəal siyasətlə məşğul olmuşam. Bu dövr ərzində partiyada müxtəlif vəzifələrdə təmsil olunmuşam. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, Təşkilati məsələlər üzrə katib, Beynəlxalq məsələlər üzrə sədr müavini vəzifələrində çalışmışam. Partiyada nə zaman, hansı vəzifə etimad göstərilibsə, onun öhdəsindən gəlməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmışam. Təbii ki, bu gün də Mərkəzi Aparatın rəhbəri kimi üzərimə düşən vəzifəni icra edirəm. 

Partiya fəaliyyətinin qurulması ilə bağlı Fəzail müəllimlə digər partiya funksionerləri arasında heç bir fikir ayrılığı yoxdur. Fəzail müəllimin rəhbərliyi altında, onun tapşırıq və göstərişləri əsasında partiya işinin qurulması ilə bağlı fəaliyyətimizi həyata keçiririk. 

- Mən, partiyadaxili demokratiyanı, fikir prülarizmini nəzərdə tuturam? 

- Təbii ki, hər hansı məsələ müzakirə olunarkən partiyanın rəhbərliyində təmsil olunan şəxslərin hamısı öz fikrini ifadə etmək azadlığına malikdir. Ona görə də hər kəs öz fikrini ifadə edir və ümumi fikirlərə nəzərən ortaq məxrəcə gəlinir. Yəni, qərarlar partiyadaxili demokratiya şəraitində verilir. 

- Qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. Seçkiyə çox qalsa da, hər halda, indidən müəyyən planlar olmalıdır. Növbəti parlament seçkiləri ilə bağlı hər hansı planınız varmı? 

- Qeyd etdiyiniz kimi, növbəti parlament seçkilərinə hələ çox vaxt var. Ona görə də indidən parlament seçkiləri haqqında hər hansı fikir yürütmək yanlış olardı. Zamanı gələndə Ana Vətən Partiyasının parlament seçkilərində hansı formada iştirakı ilə bağlı qərarlar qəbul olunacaq, namizədlər irəli sürüləcək. Ancaq hesab edirəm ki, bu gün bu barədə danışmaq tezdir. 

- Özünüzün seçkiyə qatılmaq niyyətiniz var? 

- Bunu da zaman göstərəcək. 

- Ən azından deputat olmaq iddiasındasınızmı? 

- Siyasi fəaliyyətlə məşğul olduğuma görə, təbii ki, müəyyən siyasi iddialarım var. Ancaq hər şeyi zaman göstərər. Gəlin tələsməyək, parlament seçkiləri ərəfəsində bütün məsələlər aydınlaşacaq, o zaman hər kəs hansı addımları atacağımızı görəcək. Düşünürəm ki, seçkiyə bir ildən çox vaxt qaldığı məqamda bu barədə danışmaq yanlışdır. 

- Son bir neçə dönəmdə AVP Milli Məclisdə iki deputatla təmsil olunurdu. Ən azından, həmin kvotanı tuta biləcəksinizmi? 

- Bir qədər öncə qeyd etdiyim kimi, Ana Vətən Partiyasında böyük kadr potensialı var. Xüsusən də son dövrlər partiya sıralarına yüksək intellektə malik olan gənclər qoşulmaqdadır. Onlar öz potensiallarını partiya işində göstərirlər. Hesab edirəm ki, növbəti parlament seçkilərində də əvvəlki uğurlarımızı təkrar etməyə nail olacağıq. 

- Elçin müəllim, qarşıdan gələn seçkilərdə müxalifətin şansını necə dəyərləndirirsiniz? 

- İndiki müxalifətin hakimiyyət uğrunda imkanlarını çox aşağı dəyərləndirirəm. Müxalifətin eyni söz və fikirləri ifadə etməsi, dəyişməyən rəhbərliyi, cəmiyyətə ancaq pessimist fikirləri aşılamaları onların mübarizə imkanlarını xeyli daraldır. Eyni zamanda, cənab İlham Əliyevin uğuru, daxili və xarici siyasəti, inkişaf edən iqtisadiyyatımız xalqımız tərəfindən ölkə başçısının tam dəstəklənməsini təmin edir. 

- Ümumiyyətlə, müxalifətin hakimiyyətlə rəqabət aparmaq imkanını necə qiymətləndirirsiniz? 

- Bu günə kimi müşahidə etdiklərimiz göstərib ki, Azərbaycan müxalifəti çox zəifdir, siyasi cəhətdən tükənib və məhdud saylı sosial bazaya malikdir. Hesab edirəm ki, qarşıdan gələn seçkidə əvvəlki seçkilərdə olduğu kimi, müxalifət tam məğlubiyyətə məhkumdur.

 reytinqinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA