""Azəriqaz" həm hökumətimiz haqda qeyri-ciddi rəy formalaşdırır, həm də..." - Yazıçıdan narazılıq

\"\"Azəriqaz\" həm hökumətimiz haqda qeyri-ciddi rəy formalaşdırır, həm də...\" - Yazıçıdan narazılıq

CƏMİYYƏT

Bugün, 13:06

"Qaz indicə, yəni saat 11.15 kəsildi. Baxdım ki, xəbərdarlıq ediblər, ya yox və telefonumdan bu SMS-i oxudum: "Təmir işləri ilə bağlı 20.04.2026, 10:00-dan Suraxanı rayon/şəhər Hövsan-Zeytun s. qaz təchizatında fasilə yaranacaq. Təminat gün ərzində bərpa ediləcək."

Bunu, əlbəttə, "Azəriqaz"ın işində irəliləyiş hesab edirəm. Əvvəllər heç bir xəbərdarlıq-filan olmurdu. Amma son zamanlar edirlər".
Mia.az xəbər verir ki, bu sözləri yazıçı Nadir Qocabəyli sosial media hesabında yazıb.
Onun sözlərinə görə, çatışmayan odur ki, xəbərdarlıqlar imitativdir, yəni çox şey kimi xəbərdarlıq naminə xəbərdalıqdır və dəqiq vaxt göstərilmir:
NADİR QOCABƏYLİ, yazıçı
"SMS telefonuma 07.41-də daxil olub. Qazın 10.00-da kəsiləcəyi bildirilir, ancaq 11 15 də kəsilir. Bunu, təbii ki, bağışlamaq olar. Ancaq yenə də insanların öz işlərini planlaşdırması və təhlükəsizlik baxımından dəqiqlik daha yaxşıdır.
İkincisi, xəbərdarlıq 1-2 gün əvvəl edilsə, daha yaxşı olar. Səhər saat 07.41-də, bir çox insanın yatmış olduğu vaxtda göndərmək, məncə, məqsədəuyğun deyil. Yəni bu, vətəndaşı düşünən, ona hörmət edən yox, formal bir xəbərdarlıqdır.
Ümumiyyətlə, bizdə dövlət qurumları və məmurları vətəndaşa hörmət etməyi sanki "zapadlo" sayırlar. Son zamanlar insanların bir-birinə münasibəti də bu cür olub. Hamı özünü "vajnı persona" kimi göstərməyi həyat amalına çevirib. Odur ki, bu məsələdə təkcə Azəriqazı qınamaq düzgün olmazdı.
Üçüncüsü, təminatın gün ərzində bərpa ediləcəyini yazırlar. Daha dəqiq olmalı deyilmi? "Gün ərzi" çox yayğın ifadədir və saat 12-dən 6 dak sürə bilər. Altı saatlıq qeyri-dəqiqlik əhaliyə öz işini planlamaqda problem yaratmaqla yanaşı, həm də təhlükəsizlik baxımından risklidir. Eyni zamanda, vətəndaşlar tez-tez qaz cihazına yaxınlaşıb yoxlamaqla həm vaxt itirir, həm də əsəbləşir. Həmçinin qaz cihazından gələn hava sayğacı bir xeyli fırladaraq pul yazır. Yəni vətəndaş həm də qazpulu əvəzinə havapulu ödəmiş olur.
Ya da insanlar bu xəbərdarlığa qeyri-ciddi yanaşmalı və qazın saat 19-dan tez gəlməyəcəyinə qərar verirlər.
Bu isə həm Azəriqaz, həm bütövlükdə hökumətimiz haqda qeyri-ciddi rəy formalaşdırır, həm də vətəndaşlar üçün vaxt itkisinə səbəb olur. Yəni hamı düşünür ki, onsuz da 7-dən tez verilməyəcək, amma 3-də verilir. Bu isə yeməyin, çayın 4 saat gecikməsinə səbəb olur, mənzil daha çox soyuyur. İnsanlar əsəbləşir, xəstələnir, hətta ailələrdə buna görə mübahisə, dava-dalaş da yarana bilir...
Nə isə, nə vaxtsa bizdən də mədəni xalq olacağına, dövlət qurumlarının civil üsullarla işləyəcəyinə ümid edək...
Biz bəyənmədiyimiz Rusiyanın bəlkə də 30-cu şəhəri olan Samarada yaşayanda 4 ay ərzində qaz heç vaxt kəsilmədi. Bircə dəfə suyu kəsdilər, onda da 1 həftə qabaqcadan xəbərdaqlıq edildi. Özü də təkcə SMS ilə yox ha, bütün blokların qapısına kağız elanlar yapışdırmaqla. Suyun veriləcəyi vaxtı da dəqiq yazmışdılar. Cəmi 2 saat su olmadı və deyilən vaxtda dəqiq verdilər.
Demək istədiyim odur ki, hiz hələ heç paytaxtımızı Rusiyanın 30-cu şəhəri edə bilmirik, amma danışanda özümüzü Almaniya, Yaponiya, İsveçrə ilə müqayisə edirik".
Samir Musayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR