Arif Hacılı ilə Qubad İbadoğlu "deyişdi“ - Çıxışlar

img

27-09-2014 [15:49]


"Bu gün vida qurultayı deyil, vəfa qurultayıdır. Biz bu gün toplaşmışıq ki, İsa Qəmbərə vəfamızı nümayiş etdirək”. 

Bunu başqanlığa namizəd Qubad İbadoğlu partiyanın VIII qurultayında çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, seçkinin nəticəsindən asılı olmayaraq Müsavat bütöv olaraq qalacaq: "Biz yenə də bir yerdə olacağıq, mübarizə aparacağıq. İnanıram ki, biz sizinlə birgə Müsavatı gücləndirməklə irəliyə gedəcəyik”.

 

***

 

"Azərbaycanda başlayacaq avrointeqrasiya mübarizəsinin önündə başqa namizədlərin deyil, mənim getməyim Müsavatın və Azərbaycanın mənafeyinə uyğundur”.

 

Bunu isə başqanlığa namizəd Arif Hacılı partiyanın VIII qurultayında çıxışı zamanı deyib. 

 

A. Hacılı qeyd edib ki, onun 25 illik siyasi təcrübəsi buna imkan verir: "Bu 25 ildə siyasi fəaliyyətim, təcrübəm, partiya təşkilatçılığındakı vərdişlərim və bir çox üstünlüklərim mənim başqan olmaq imkanlarımı artırır. Mənim seçki platformam Məmməd Əmin Rəsulzadənin sözləri ilə başlayır. Mən başqan olacağım təqdirdə nə ölüm, nə də milyardlar məni bu yoldan döndərə bilməyəcək”.

 

A. Hacılı İsa Qəmbərə başqanlıq müddətindəki fəaliyyətinə görə təşəkkür edib.

 

"Mən 25 ildir İsa Qəmbərlə eyni yolu gəlirəm. Mən hələ gənc yaşlarımda siyasətə başlamışam. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin silahdaşı olmuşam.  Həm də təşkilatımızı yeniləşdirməli, inkişaf etdirməliyik. Biz qalib gəlmək üçün partiya strukturlarımızı möhkəmləndirməliyik”, -deyə o bildirib.

 

A. Hacılı digər namizədləri də qiymətləndirib: "Müsavat başqanlığına namizədlərin hər biri layiqdir. Qubad İbadoğlu ən görkəmli iqtisadçıdır, Tural Abbaslı mübariz gəncliyin önündə gedən şəxsdir. Ola bilsin ki, Səxavət Əlisoysla bəzi fikirlərimiz üst-üstə düşmür. Amma onun mübarizəsi məni ona hörmət etməyə məcbur edir. Mən nəticənin nə olmasından asılı olmayaraq, hər bir namizəd qucaqlamağa, yolumuza birgə davam etməyə hazıram”(publika.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA