“Əəə, otur yerə, biz guya bilmirik ki, bizim ərazi deyil?”

img

27-09-2014 [00:10]


Emin Tarverdiyev, email: [email protected]

O gün rayondan Bakıya gəlirdim. Avtobusdan düşəndə bir ağsaqqal xahiş etdi ki, "baqaj”da onun da bir kisəsi var, onu götürməyə kömək edim. Kisəni göstərdi, əl atıb götürdüm və onun üstündəki yazını görəndə çox kövrəldim. Qəhər məni boğdu… 

Mətləb Məmmədov da belə getdi "istirahət”ə, düz 12 aylıq. "Torba”sını necə tikdilərsə, yazıq əlli-ayaqlı getdi. Get kef elə, qardaşım. Sənin nəyinə lazımdı futbol? Amma yenə də yaxşı qurtardın. Komandanda "lipa” oynatdığına görə şəxsən mənim kimi birinin əlinə düşsəydin, heç 12 illə də qurtara bilməzdin. Get qurban kəs, nəzir payla. Bir sözlə, yaxşı qurtardın, bir də belə səhvlər etmə.

20 ilin söhbətidi. Dövlət qəzetlərinin birində "X” rayonunun adı ilə hallanan yanacaqdoldurma məntəqələri haqqında çox sərt və tənqidi material hazırlanır. Amma yazını hazırlayan jurnalist bir səhv edir, bilmir ki, həmin "zapravkalar”ın yerləşdiyi ərazi "X” rayonunun adı ilə hallansa da, həmin yer "Y” rayonunun inzibati ərazi bölgüsünə daxildi. Nə isə, qəzet çıxır, aləm qarışır, həngamə qopur. "X” rayon icra hakimiyyətində təcili iclas çağırılır. İcra başçısı odlu-alovlu çıxış edir, qəzetdəki tənqidi materialın düzgün və haqlı irad olduğunu nəzərə çatdırır və deyir: "Məhz bu işlərə nəzarət etmədiyinə, həmin "zapravkalar”ın qeyri-qanuni fəaliyyətinə görə aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Yetim Yetimov işdən azad olunur”. Son söz verilir Yetimə. Deyir: "Əvvəla, o yerlər bizim inzibati ərazi bölgümüzə daxil deyil. Lap daxildisə belə, yenə mənə aidiyyatı yoxdu. Mənim sahəm sırf başqa sahədi”. 

Birinci müavin tez əsəbləşib özündən çıxır: "Əəə, otur yerə, biz guya bilmirik ki, bizim ərazi deyil?”. 

Yazığın "torba”sını necə tikirlərsə, bir həftə sonra ölüm xəbəri gəlir.

İndi də "Mil-Muğan”ın rəhbərliyi belə etdi. Mətləb Məmmədovla işləmək istəmirsənsə, başqa yollara əl at. Ta özünüzün də əliniz olan bir işi yazığın ayağına niyə yazdırırsız?

…Bilirəm, hələ də yuxarıda məni boğan qəhər sizi düşündürür. Ağsaqqalın kisəsinin üstündə "Fatoğlu” yazılmışdı. Biz uşaq olanda "Fatoğlu” kisələrində Türkiyədən un gələrdi. Biz o unun çörəyi ilə böyüdük. Heç vaxt da onun kisələrini atmazdıq. Analarımız o kisələri yuyub evin bir küncündə saxlayardı ki, lazım olar. Amma indi... 
İndi o kisələrdən "torba” tikmək üçün istifadə olunur, həm də futbol təsərüffatında. Klub prezidenti futbolçuya, futbolçu baş məşqçiyə, baş məşqçi inzibatçıya. Əsas o "Fatoğlu” torbasının içinə düşməkdi. Ağzını elə kəndirləyirlər ki, heç sehrbaz da aça bilmir.

Siz düzəlməyəcəksiz...

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA