TRAMP VİTSE-PREZİDENTİ İRANLA DANIŞIQLARA GÖNDƏRİR – Ağ Evdən açıqlamalar

TRAMP VİTSE-PREZİDENTİ İRANLA DANIŞIQLARA GÖNDƏRİR – Ağ Evdən açıqlamalar

GÜNDƏM

Bugün, 00:44

“Vitse-prezident JD Vance 11 apreldə İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında iştirak edəcək”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Livitt mətbuat konfransında söyləyib.

O, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması ilə bağlı sualları cavablandırarkən bildirib ki, əsas proses 11 apreldə Pakistanın paytaxtı İslamabadda başlayacaq: “Vitse-prezident JD Vance, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner orada olacaq.Biz atəşkəsə bütün tərəflərin əməl etməsini gözləyirik. Əlbəttə, atəşkəs həmişə kövrək olur. Qaldı danışıqların predmetinə, iranlılar əvvəlcə qəbuledilməz 10 maddəlik plan təqdim etdilər. Bu plan Prezident Donald Tramp və onun komandası tərəfindən qəbul edilmədi. Prezidentin müəyyən etdiyi son tarix yaxınlaşdıqca rejim reallığı qəbul etdi və daha ağlabatan və tamamilə fərqli bir plan təqdim etdi. Prezident yeni və dəyişdirilmiş planın danışıqlar üçün etibarlı bir əsas olduğuna qərar verdi və onu öz 15 maddəlik təklifimizlə uyğunlaşdırdı. Qalan detallar görüşdə müzakirə olunacaq"

Leavitt İranın zənginləşdirilmiş uranın təhvil verilməsinə müsbət meylli olduğunu da iddia edib: “Bu məsələ danışıqlarda prioritet olacaq. Hörmüz boğazı da heç bir məhdudiyyət olmadan açıq qaldığı müddətcə, danışıqlar növbəti iki həftə ərzində bağlı qapılar arxasında aparılacaq. Bu müddətdə boğazın bağlı qalması qəbulolunmazdır”.

İsrailin Livana hücumlarından sonra İranın yenidən Hörmüz boğazını bağlaması ilə bağlı xəbərlərə münasibət bildirən Ağ Ev sözçüsü deyib ki, bu barədə Tramp məlumatlandırılıb: "Mən burada kürsüyə çıxmazdan əvvəl prezidentə bu barədə məlumat verildi. Bu, tamamilə qəbuledilməzdir. Prezident Trampın prioriteti Hörmüz boğazının dərhal yenidən açılmasıdır".

Leavit Livanın ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşmasına daxil olmadığını da təkrarlayıb: "Livan bu razılaşmanın bir hissəsi deyildi və bütün tərəflər bunu bilirdi. Əminəm ki, bu məsələ Prezident Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və bütün müvafiq tərəflər arasında müzakirə olunacaq, lakin hazırda bu, atəşkəs razılaşmasının bir hissəsi deyil."

Mətbuat konfransında jurnalistlərdən birinin "Prezident Tramp hələ də NATO-dan çıxmağı düşünürmü?" sualına cavab olaraq Leavitt deyib: "Bu, Prezidentin əvvəllər də toxunduğu bir mövzudur. O, bir neçə saatdan sonra Dövlət katibi Rutte ilə bunu müzakirə edəcək."

Brifinqdə iştirak edən iranlı müxbir Ağ Ev rəsmisində İran xalqına hansı mesajı çatdırmaq istədiyini soruşub və belə cavab alıb: “İran xalqına yalnız rifah arzulayıram”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR