Təcavüz...

img

20-09-2014 [13:13]


Kasıba gülməzlər, kasıbla belə davranmazlar. Bu yaxşı hal deyil. Amma atalarımız yaxşı deyib ki, özü yıxılan ağlamaz. "Bakı” özü yıxılandı. Premyer Liqanın altıncı turunda "İnter” - "Bakı” oyunu bunu bir daha sübut etdi. "İnter” təcavüz etdi, "Bakı” doymadı...

Alman dramaturqu Ernst Tollerin pul haqqında yaxşı bir fikri var: "Bir çox kasıb, bir də çox varlı - pulun qədrini bilməz”. Tam "Bakı” klubu haqqında deyilib. Vaxt var idi, süfrəsində fransızlar, ingilislər, italyanlar, almanlar "Hennesi Paradis İmperial”, "Chateau d’Yquem”, "Petrus”, "Glenddich” içərdilər "Bakı”nın. Hələ onların içdikdən sonra məst olub Hafiz Məmmədovun şəninə dedikləri tərifləri demirəm. Amma indi...

"Bakı”nın indisi haqqında yazmaq və danışmaq çətindi. Həm də çox çətindi. Pul elədi hamısını. Pul zirvələrə qaldırdı, sonunda da çırpdı yerdən-yerə. Elə buna görə də, "İnter” təcavüz etdi, "Bakı” doymadı...

"Bakı” "evində yoxdu urvalıq, könlündən keçir darğalıq” edənlərdəndi. 14 sentyabr 2014-cü il. Premyer Liqanın 5-ci turunda "Bakı” "Sumqayıt”ı qəbul edirdi. Oyun başlayanda hər iki komanda meydana gül buketləriylə çıxdı. Pulsuz günlərində "Bakı” "Bilik günü” münasibətiylə akademiyanın şagirdlərinə gül buketləri hədiyyə almışdı. Hətta VİP zalda "yekələr”in şərəfinə şirniyyat süfrəsi belə açılmışdı. Yaxşı hal idi. Amma ən azı 200-300 manat xərclənmişdi o güllərə, o süfrəyə. Cibimizdə bir manat olmayanda binanın həyətinə belə enmirik ki, birdən kiminsə qatıq bankasını sındırarıq. Gün çörəyinə möhtac olan komanda üçün lazımmıydı belə şeylər? Komandanın oyunçusu bazaya gəlməyə pul tapmır, hər gün ailəsinin yanına üzüqara gedir. Amma "Bakı”... Elə buna görə də "İnter” təcavüz etdi, "Bakı” doymadı...

Günlərin bir günü dülgər gəlir evə. Dəqiqəbaşı arvadına göz qaş-edir ki, keç o biri otağa, ehtirasım pik həddədi. Arvad kişiyə ha deyir ki, yorğunam, qalsın sabaha, kişi eşitmir ki, eşitmir. Sonda arvad bir şərtlə razı olur ki, sabah kişi qalır evdə, uşaqlarla məşğul olur, evi təmizləyir, yemək bişirir, arvad isə kişinin əvəzində gedir emalatxanada işləməyə. Səhər razılaşdıqları kimi, kişi qalır evdə, qadın da yollanır emalatxanaya. Uşaqlar, təmizlik işləri, biş-düş o qədər kişinin başını qatır və bezdirir ki, bir də görür hava qaralıb, arvad da artıq qayıdıb. Kişi özünü bir anlıq arvadının yerində hiss edib, öz-özünə pıçıldayır: "Vay dədə vay, hələ bunun gecəsi də var eee”.

İndi sözüm "Bakı” rəhbərliyinədi. Bu oyun sizə dərs olmalıdı. Çünki bu, başlanğıc idi, hələ qarşıda 30 belə oyun var. Yoxsa bundan da betər biabırçılıqlar olacaq. Necə ki, "İnter” təcavüz etdi...

Emin Tarverdiyev,

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA