Hafiz Hacıyev: "Əgər demokratik seçki keçirilərsə, Qubad İbadoğlu sədr seçilər"

img

18-09-2014 [13:23]


Müsair Müsavat Partiyasının sədri Hafiz Hacıyev Avrasiya.net-in suallarını cavablandırıb.

- Müsavat partiyasının qurultayı yaxınlaşır və sədrliyə namizədlərin müəyyənləşməsiylə bağlı fikir müxtəlifliyi mövcuddur…

- Müsavat partiyası çoxdan bağlanıb, partiyada kim qalıb ki. Bu gün həmin partiyada müsavatçılıq ideologiyasına böyük zərbə vururlur, müsavatçılıq adına ləkə gətirilir. Elçibəyin devrilməsində fəal iştirak edən Qəmbərov İsa, Kərimov Əlinin ucbatından bu gün müxalifət düşərgəsində böhran yaranıb. Bu gün Qəmbərov İsa özünü o mərtəbəyə qoyub ki, guya bu olmazsa, Azərbaycan müxalifəti dağılar. Hətta deyirdilər ki, Qəmbərov İsaya söz deyilsə, Azərbaycanda vətəndaş müharibəsi ola bilər. Yəni bu adamı ilahi səviyyəsinə gətirib çıxarmışdılar. Mən onun bütün arxivini açdıqdan, simasını yırtdıqdan sonra onun hansı səviyyədə olduğu üzə çıxdı. Müsavatın özü da dağıldı, partiyanın sıralarını tərk etdilər. Sülhəddin Əkbər, Qabil Hüseynli, İbrahim İbrahimli İsanı tərk etdilər. Sülhəddin Əkbərin özü mənə demişdi ki, Qəmbərov İsa agentdir. Onun agent olmağı meydanda tək qalmasına səbəb oldu. Orada bir qrup formalaşıb, qrant uğrunda mübarizə aparırlar, həm hakimiyyətdən, həm də xarici qüvvələrdən qrant alıb öhdəliklərini yerinə yetirirlər. Qəmbərov İsa sonuncu prezident seçkilərində stadionda dedi ki, Cəmil Həsənli prezidentdir. Amma Qərbdən pulunu alandan sonar onun əleyhinə təbliğat apardı. Elə Milli Şura adlanan qurumun parçalanmasında da bu adamın əməyi az olmayıb. Bütün bu əmək pul hesabına başa gəlib. Onun pul bölgüsündə Arif Hacılı ilə Rauf Arifoğlu iştirak ediblər. Müsavatda hamı Qəmbərov İsa kimi deyil, yaxşıları da var. Onlar da istəyirlər ki, bu partiyanın əvvəlki nüfuzunu bərpa etsinlər. Amma nə qədər ki, Qəmbərov İsa oradadır, bu mümkün deyil. Məsələn, orada Qubad İbadoğlu var, o Arif Hacılıya kəskin ittihamlar söylədi. Bildirdi ki, onun bank hesablarını, villalarının sayını açıqlaya bilər. O da cavabında Qubada deyib ki, sənin hansı xarici dövlətə işlədiyini deyə bilərəm. O partiyada xarici qüvvələrə satılanlarla, hakimiyyətdəki bəzi mafioz qüvvələrə satılanlar arasında mübarizə gedir. Düşünmürəm ki, onlar qurultay keçirəcəklər, keçirməyəcəklər. Onlara verilən yerin də təhlükəli olduğunu iddia edirlər. Bunlar bir bəhanədir. İndi guya şadlıq saraylarıyla, restoranlarla danışıqlar aparırlar ki, qurultaylarını orada keçirsinlər. Bunlar bir görüntüdür ki, qurultaylarını yubandırsınlar. Əgər bu qurultay keçirilsə orada yenidən parçalanma baş verəcək. Qəmbərovİsa özünü idarə edə bilmirsə, partiyanı necə idarə edəcək. Əsl Müsavat partiyası bizik, Rəsulzadənin ideyalarının daşıyıcıları bizik ki, 14 ildir müstəqil fəaliyyət göstəririk. Bu ideologiyada dövlətçiliyə xidmət prinsipi var ki, biz, müasir müsavatçılar da bu prinsipə sədaqətliyik. Amma bu ideologiyaya qarşı çıxan qüvvələrlə də mübarizə aparmaqdayıq.

- Hafiz bəy, Müsavat başqanlığına fikrinizcə, kimin daha çox şansı var?

- Onların dediyi budur ki, əgər demokratik seçki keçirilərsə, Qubad İbadoğlu sədr seçilər. Niyə? Ona görə ki, bu şəxsin təmiz, satılmadığı qənaətindədirlər. Bunu oradakı mənbələr mənə deyiblər. Yox əgər Arif Hacılı başqan seçilərsə, orada heç 5 adam belə qalmayacaq. Yəni vəziyyət orada belədir. Qubad İbadoğlunun ziyalılığı, barışdırıcı mövqe tutması, satqın olmaması onun başqan olmasını əsaslandıran amillərdən biridir. Amma Arif Hacılı avantüristin biridir. Etnik millətdən olan bu adam Müsavatı idarə edə biləcəkmi? Olan-qalan 5-10 nəfər var, onlarından bundan zəhləsi gedir. Mən orada olan adamlarıma da dedim ki, bu adama səs verməyin, ondan sizə sədr olmaz. Onun hansı daxili klana, mafioz qruplaşmasına xidmət etdiyini məndən də yaxşı bilirlər. Ona Novxanıdakı bağı, şəhərin mərkəzində iki bloklu binadan mənzili kim verdiyi, kim tərəfindən şəraitin yaradılıb, hansı restoranda ailəvi şam etdiyini və yaxud da qardaşının arvadının "Medinstitut”da hansı statusda dərs dediyini yaxşı bilirlər. Buna görə də oradakı bəzi adamlar Qubad İbadoğlunun namizədliyini dəstəkləyirlər. Belə bir fakir də var ki, Qubad İbadoğlu başqan seçiləndən sonar gəlib bizim partiya ilə birləşsinlər. Bunları mən demirəm, oradakı qüvvələr mənə məlumat verirlər. Baxın, Qəmbərov İsa necə ki, Elçibəy hakimiyyətində parçalanma yaratdı, indi öz başına gəlir. "Mən varamsa, siz də varsız”: "Mən yoxamsa günəş də yoxdur” prinsipi ilə sədrlik hakimiyyətini başa vurmaq niyyətindədir Qəmbərov İsa.

- Gələn il parlament seçkiləridir. İndidən bəzi müxalifət liderləri hakimiyyətə yarınmaq xəttini tutublar…

- 2013-cü il prezident seçkilərində Əhməd Oruc da namizədliyini vermişdi. Bu adamın hakimiyyət və Qəmbərov İsa haqqında nələri dediyinin şahidi olduq, qəzetlər, saytlar da yazdı. Elə ifadələr işlədib ki, elə zənn edirsən ki, o adam azərbaycanlı deyil. Tahir Kərimli də bir vaxtlar Heydər Əliyev hakimiyyətə qayıdışı zamanı parlamentdə özünü öldürəcəyini bildirmişdi. İndi bunlar siyasi kurslarını dəyişiblər. Tülkü mövsümdən-mövsümə tükünü necə dəyişirsə, bunlar da elədir. Bunlar da tülkü kimi cilddən-cildə girirlər. Bu kimilərin əsas məqsədi nə yolla olursa, olsun parlamentə düşməkdir. Onların fikri belədir ki, hakimiyyətə yararlanaq, elə bilsinlər ki, onlarla bir yerdəyik. Parlamentə düşdükdən sonra birləşib hakimiyyətə qarşı çıxaq. Elə-belə demirlər ki, 2018-ci il president seçkilərində hakimiyyətin dəyişdirilməsi bünövrəsini 2015-ci il parlamentə düşməklə qoyacağıq. Məqsədləri parlamentdə fraksiya yaratmaqdır. Onların simasızlığını bilirik. Açığını deyim, hansı partiya liderinin nə məqsədlə deputat seçilmək istəyini yaxşı başa düşürük və müyyən yerlərdə bu kimi məsələləri müzakirə edirik. Amma buna qarşı da mübarizə aparırıq. Hər fəsildə dəyişən müxalifətə atamızda yer yoxdur. 14 ildir eyni siyasi kursu davam etdiririk. Partiyalar var ki müəyyən qurumlara xidmət edirlər. Baxın, VİP sədri Əli Əliyev bir vaxtlar İsa, Əli, Sərdar haqqında nələr demişdi. İndi isə gedib onlarla yan-yana oturub. Bu müxalifətin simasızlığıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA