Qurban Məmmədov Müsavat başqanını seçdi

img

16-09-2014 [23:43]


Tanınmış vəkil Qurban Məmmədov həbsxanadan Musavat.com-a məktub göndərib və olduğu kimi dərc olunmasını xahiş edib. Həmin məktubu təqdim edirik:

"Müsavat” başqanlığına namizədlər barədə

Nəzərə alaraq ki, hər bir partiyanın fəaliyyəti, onun daxilində gedən proseslər nəticə etibarilə hər bir vətəndaşın həyatına təsir edə bilər, deməli "Musavat”da kimin yeni başqan olacağı da hər bir vətəndaşı maraqlandırmalı və narahat etməlidir. Bu barədə fikir bildirmək, mövqe sərgiləmək də hər birimizin borcudur.

Mən bu hüququmdan istifadə edərək aşağıdakıları bildirirəm:

Şübhəsiz ki, kimi başqan seçmək "Müsavat” üzvü olan xanım və bəylərin müstəsna hüququdur. O da şübhəsizdir ki, "Müsavat”da başqan ola biləcək namizədlər kifayət qədərdir. Bu namizədlər bolluğunda da bəzi müsavatçılara düzgün seçim etməkdə bizim də fikrlərimizin faydalı ola biləcəyi düşüncəsindəyəm. Qəzetlərdən aldığım məlumata görə hələ ki, əsasən, Arif Hacılı və Qubad İbadoğlunun namizədliyi hallandırılır. Başqaları da olacaq yəqin.

Könüllülük əsasında əmələ gələn partiya və sair ictimai təşkilatların idarəçiliyi ilə rəsmi orqanların idarəçiliyi kökündən fərqlidir. İkincilərdə vəzifə təlimatları, qanunlarla təsbit edilən hüququ, vəzifələrə əməl etmənin vacibliyi və bundan sonra doğan müxtəlif sanksiyalar, tənbeh, tədbirlər rəhbərliyi asanlaşdırırsa, birincilərdə bunlar ya heç yoxdur, ya da olanlarda xaraktercə tam fərqli təsir mexanizmlərdir. Partiya üzvü öz halal qazancından üzvlük haqqı verməklə, heç bir maddi və sair qarşılıq gözləmədən partiyanın qərarlarını icra etmək, onun tədbirlərində iştirak etməklə fəaliyyət göstərirsə, rəsmi orqanlarda tam əksinədir.

Bu baxımdan, partiya idarəçiliyi rəhbərdən: həssaslıq, diqqətlilik, xarizma, səbr, ehtiyyatlılıq, cazibə, geniş əlaqələr, cəsarət, qərarlılıq və s. kimi şəxsi keyfiyyətlər tələb edir. Bunlarla yanaşı, məncə, ən vacib olan element isə idarəçilikdə varisliyin təmin edilməsidir. Faktlar göstərir ki, istər dövlətdə, istər rəsmi orqanlarda, istərsə də ictimai-siyasi təşkilatlarda inqilabi dəyişikliklər həmin subyektlərin taleyində daha çox mənfi nəticələr doğurur. Komandanın, idarə edənlərin tam yenilənməsi idarəçilikdə problemlər və s. itkilər yaradır.

Buna görə də, İsa bəyi əvəz edəcək ən münasib namizəd kimi Arif Hacılını görürəm. Heç şübhəsiz ki, Qubad İbadoğlu da bu vəzifəyə tam hazır və layiqli kadrdır. Şəxsi münasibətlərimiz də olduqca yaxşıdır. Bilirəm ki, Qubad bəy prezident olsa, Azərbaycanda siyasi məhbus qalmayacaq, mən də azadlıqda olacağam. Ancaq Qubad bəylə elə sıx əməkdaşlığım və işbirliyim olmayıb ki, onun digər vacib keyfiyyətlərinə bələd olum.

Arif Hacılını isə Xalq Hərakatının birinci günündən, o Zaqatalada fəaliyyətə başlayandan tanıyıram. Əvvəla, AXC-nin Zaqatala şöbəsi məhz həm də onun fəal təşkilatçılıq və şəxsi fəaliyyəti nəticəsində o dövrdə ən güclü yerli təşkilatlarımızdan biri olub. Bakıya, AXC-nin mərkəzi orqanlarında fəaliyyət göstərməyə gələndən sora da öz aktivliyi və çevikliyi ilə seçilib. Mənim onda dəyərləndiriyim ən vacib keyfiyyət, lazım olanda məsuliyyəti cəsarətlə öz üzərinə götürmək həvəsidir. Cəsurdur, qorxmazdır, qərarlıdır. Situasiyanı vaxtında və tez dəyərləndirib, vəziyyətə uyğun qərar qəbul etmək gücündədir. Siyasi fəaliyyətində, şəxsi münasibətlərində, ideoloji mövqeyində ardıcıldır. Ətarfdakı adamlarla tez və asan dil tapmağı, əlaqə qurmağı bacarır, kompleksi yoxdur. Bəzən hərəkət və mimikası acı, xoşagəlməz olsa da, hər belə halının arxasında vacib və xoş bir niyyətin gizləndiyi sonradan ortaya çıxır. İsa Qəmbərə, "Müsavat”a və dostlarına, partiya yoldaşlarına sadiqliyini bu illərdə dəfələrlə sübut edib.

Arif Hacılı bir partiya rəhbərinə lazım olan zəngin siyasi həyat yaşayıb. Dövlət idarəçiliyində, qrupdaxili münasibətlərdə, şəxsi mübarizə sahəsində, kütləvi tədbirlərin təşkili idarəçiliyində, seçki proseslərində lazımi təcrübəyə malikdir. Həbs planını da doldurub. Xarizmatik bir lider kimi, səlis nitq qabliyyəti və geniş dünyagörüşünə malik olan bir şəxs kimi "Müsavat”a yeni nəfəs, dinamika verəcəyinə iananıram.

Ən vacibi də, yuxarıda qeyd etdiyim kimi, uzun müddətdir İsa bəylə bir yerdədir, onun hər addımının, hər qərarının şahidi və iştirakçısıdır. Partiyanı demək olar ki, birgə idarə ediblər. Bax bu "idarəçilik varisliyini” təmin etmək, "Müsavat”da lazımsız çalxalanmalara və itkilərə yol verməmək üçün bu dönəmdə Arif Hacılının başqan olması daha çox arzu olunandır.

Təbii ki, bizim hamımız kimi, A.Hacılının da müəyyən nöqsanları var. Ancaq bu nöqsanlar başqanlığa, insanları idarə etməyə mane ola biləcək səviyyədə deyil. Məncə, Qubad İbadoğlunun iqtisadi, nəzəri bilikləri ilə A.Hacılının idarəçilik təcrübəsi və şəxsi keyfiyyətlərinin birləşib, bir komanda kimi ortaya çıxması "Müsavat”a və ümumən müxalifətə faydalı olacaqdır. Hər ikisinə uğurlar arzulayıram.

P.S. Arif Hacılının mənim haqqımda olan düşüncələri, mənim onun haqqında olan obyektiv mövqeyimi dəyişdirə bilməz.

02.03.2014
Qurban Məmmədov

Qeyd: Bu məktub, yuxarıda qeyd edilən tarixdə (02.03.2014), Qurban Məmmədov "Kürdəxanı” İstintaq Təcridxanasında saxlanılarkən yazılıb və göndərilib. Ancaq Qurban bəy, gündəmə uyğun olsun deyə, indi yayınlanmasını məsləhət görüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA