Mətbu dələduzlar peyda olub - Şok iddia

img

15-09-2014 [12:41]


Son günlər ayrı-ayrı şəxs və qrupların PİA.AZ-ın adından istifadə edərək idarə və müəssisə rəhbərlərinə zənglər etmələri barədə siqnallar almaqdayıq. Bizə daxil olan siqnallar və xəbərdarlıqlar üzərinə apardığımız araşdırma isə şok nəticələri ortaya qoydu. 

Məlum oldu ki, bir neçə qrup şəbəkə sistemi yaradaraq davamlı olaraq bir çox saytların və mətbu orqanların adından vəzifəli şəxslərə zəng edir və onlardan müxtəlif şantaj yolu ilə pul əldə edirlər. Hər bir qrupda isə bir qayda olaraq 4-5 adam olur və bir qrupun aylıq qazancı təqribən 20-30 min manatı əhatə edir. Şəbəkə quran dələduzların adlarından sui-istifadə etdiyi saytların və qəzetlərin çeşidi isə böyükdür. Belə ki, dələduzların daha çox istiyadə etdiyi sayt və qəzetlərin içində «Yeni Müsavat» qəzeti, MİA.AZ, PİA.AZ, Qafqazinfo.az, Qaynar.info, Aznews.az, Axar.az, TİA.AZ, DİA.AZ və sair mətbu orqanlar var. 

Qeyd edək ki, bu şəbəkələr əsasən «Azərbaycan» nəşriyyatında məskunlaşan və ayda bir dəfə 50 ədəd qəzet çıxarıb paketlə məlum ünvanlara yollayan və heç bir zaman bir cümləni belə doğru-dürüst yaza bilməyən, yazılarını elə nəşriyyatdaca pulla başqalarına yazdıran «jurnalistlərdir». Çox maraqlıdır ki, bu qrupların başında duran şəxslər  bir qayda olaraq özlərinin toxunulmaz olduqlarını qarşı tərəfə nümayiş etdirmək məqsədi ilə MTN-ə, ya da DİN-ə işlədiklərini bildirirlər. 

Şəbəkəninin iş rejimi isə çox sadədir. Əvvəlcə hədəfə aldıqları idarə rəhbəri haqqında məlumat toplayır, daha sonra isə qrupp üzvlərindən biri həmin adama zəng edərək misal üçün «Yeni Müsavat» qəzetindən olduğunu bildirir və «daxil olan» məlumatla bağlı münasibət öyrənməyə çalışır. Daha sonra isə ikinci bir şəxs, misal üçün PİA.AZ-ın adından zəng edir və yenidən adamdan münasibət öyrənməyə çalışır. Üçüncü dəfə başqa bir mətbu orqanın adından həmin məmura yenidən zəng olunduqdan sonra isə məmur əməlli başlı qorxuya düşür. Məmur yazıların qarşısını almaq üçün tanıdığı jurnalistlərə müraciət edir. Və bir qayda olaraq məmurun müraciət etdiyi jurnalist elə qrupun başında duran şəxs, ya da ona çox yaxın adam olur. Aparılan bazarlıqdan sonra isə qrupun rəhbəri güya həmin saytların və qəzetlərin rəhbərləri ilə danışdığını və müəyyən qiymətə həmin yazıların dərc olunmayacağını bildirirlər. 

Bu şəbəkələr bu yolla hər gün iki ya üç idarə və müəssisə rəhbərini ayrı-ayrı mətbu orqanların adından istifadə edərək, öz ifadələri ilə desək, «yolurlar». Lakin bunula da məsələ bitmir. Bir neçə həftədən, ya da elə bir neçə gündən sonra həmin şəbəkə üzvləri əlllərində olan komprmatı ya öz qəzetlərində və saytlarında, ya da özlərinə çox yaxın olan saytlarda dərc edirlər. Və yenidən həmin məmurdan pul alırlar. Bəzən məmur inadçılıq edib onlara pul verməkdən imtina etdiyi zaman isə müxtəlif yollarla və müxtəlif adamlar vasitəsi ilə həmin materialın adından istifadə etdikləri mətbu orqanda dərc etmək üçün hər şeyi edirlər.

Qeyd edək ki, bu yolla məmurları şantaj edən 4 qrup hal-hazırda bizə məlumdur. Lakin bu qruplar daha çoxdur. Bu qrupların üzvlərinin bəzilərinin adları da bizə məlumdur. Lakin iş orasındadır ki, hətta bu şəxslərin adlarını açıqlasaq belə, onların hədəfinə çevrilən məmurlar ortaya çıxıb həqiqətən də şantaja məruz qaldığını etiraf etməsələr, həmin şəxslərə heç bir şeyi sübut etmək mümkün deyil. 

Buna görə də bu kimi halların qarşısının alınması üçün məmurlar onlara zəng edən şəxslər barədə öncəliklə Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.  

Mətbuat Şurası da öz növbəsində bu hallara qarşı effektli mübarizə tədbirləri həyata keçirməlidir. Ən azından bu ağrılı problem Mətbuat Şurasında baş redaktorların iştirakı ilə müzakirə olunmalı və hansısa tədbirlər planı hazırlanmalıdır(pia.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...