"Vermicəm, vermicəm"... - Hamınız verəcəksiz

img

05-09-2014 [12:08]


İki gün əvvəl axşamüstü divanda yerimi rahatlayıb, millinin Rusiya ilə yoxlama oyununa baxmaq fikrim var idi. Elə o yumşaq divanda oturub Aleksandr Kerjakov tərəfindən qapımıza vurulan iki qola da dodaqlarımı çeynəyə-çeynəyə baxdım. Sonrasını yazmağa utanıram, amma yazacam. Yuxu məni aparmışdı. Gözümü birtəhər aralayıb, televizorda başqa veriliş getdiyini görəndə "ay qızım, kanalı niyə çevirmisən” soruşdum. Qızım "ata, futbol qurtardı” cümləsini bitirməmiş gözümü saata çevirdim ki, yazıq uşaq düz deyir, artıq 10 dəqiqəydi futbol bitmişdi. Birtəhər özümə gəlib, "xodladım” notbuku. Baho, açmağa peşman oldum bu andıra qalmışı. Bu 90 dəqiqədə futbol təsərrüfatımızda nələr olmamışdı, ilahi? Millimiz məni "yuxuya verib" qapısında daha iki qol görmüşdü. İstefalar komandası üzrə xüsusi sertifikatı olan, artıq bu sahədə "Rəvan”ı tarixin arxivinə gömən "Neftçi”də Böyükağa Hacıyev dönəmi rəsmən bitmişdi. Millinin uduzmasına öyrəymişik, bəs Hacıyevə nə oldu? Əslində, buna da öyrəncəliyik. Amma... "Amma"sı odu ki, eşitdiyimə görə, Hacıyev son vaxtlar məhşur "Vermicəm” türk mahnısını tez-tez zümzümə edirmiş. O mahnını oxumaq hara, istefa hara?
Latın qrafikasının çoxdan qəbul edildiyi vaxt imiş. Az.TV-dən bir yoldaş hər dəfə rəisindan "fırça” yedikcə, əsəbi halda otağa qayıdıb, iş yoldaşlarından xahiş edirmiş ki, mənim adından bir ərizə yazın, mən qol çəkim, işdən çıxıram. Bu minvalla həmin adam çox rəisləri yola salıb, elə öz vəzifəsini icra edirmiş. Bir gün yeni gələn rəis də bunu "qaralayanda”, yenə də otağa girib xahiş edir ki, ərizə yazın, mən qol çəkim, çıxıram işdən. Bunun belə şousundan bezən iş yoldaşlarından biri qayıdır ki, ay qurban olum, niyə özün yazmırsan axı ərizəni? Cavabı "mən latınca yazmağı bilmirəm axı” olur.

İndi Böyükağa müəllim böyüklüyünü göstərib, ərizəsini yazdı və getdi. Bəs bu alman Berti bilmir axı latın qrafikasını, onun əvəzindən bir nəfər istefa ərizəsi yazmayacaq?

Emin Tarverdiyev,

komanda.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA