Prezident və xanımı Gəncədə III MDB Oyunlarının açılış mərasimində - VİDEO, FOTOLAR (YENİLƏNİB)
28-09-2025 [22:22]
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva.
Hörmətli qonaqlar, atletlər, məşqçilər və idmansevərlər.
Sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarına xoş gəlmisiniz deyirəm.
Bu gündən etibarən Gəncə və daha altı şəhərimiz – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edəcək.
On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır.
Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək.
Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.
İnanırıq ki, III MDB Oyunları da bu baxımdan əlamətdar olacaq. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir.
İrimiqyaslı idman yarışlarının ölkənin regionlarında təşkilinə göstərdiyi qayğıya və verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımızı ifadə edirik.
Təşkilat Komitəsi olaraq bildiririk ki, şəhərlərimiz MDB Oyunlarının keçirilməsinə, idmançıları azərbaycanlılara xas qonaqpərvərliklə qəbul etməyə tam hazırdır.
Əziz idmançılar və qonaqlar, əminik ki, Azərbaycan bu günlər ərzində sizin üçün ikinci eviniz kimi doğma olacaq. Siz gözəl və zəngin təəssürat toplayacaq, yeni dostlar qazanacaqsınız.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarında iştirak edən bütün atletlərə uğurlar arzulayırıq. Ümidvarıq ki, onların əzmkarlığı layiqincə qiymətləndiriləcək.
Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq.
x x x
Mərasim iştirakçılarını salamlayan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov dedi:
-Axşamınız xeyir, əziz dostlar. İcazə verin, sizi Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedevin məktubu ilə tanış edim.
"III MDB Oyunlarının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına.
Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından sizi qonaqpərvər Azərbaycan Respublikasında keçirilən III MDB Oyunlarının açılışı münasibətilə ürəkdən salamlayıram.
Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.
MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəylik simvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə gün ərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların və tamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına ev sahibliyi edəcək.
Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm də istənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.
Əminəm ki, III MDB Oyunları Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Bütün gənc atletlərə idman qələbələri, yeni rekordlar və şəxsi inkişaf arzulayıram. Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizin rifahı naminə görülən yaradıcı işlərdə yeni nailiyyətlərə ruhlandırsın.
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedev".
x x x
Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda Gəncə səması al-əlvan atəşfəşanlığa qərq olub.
x x x
Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarının "İdman Paytaxtı" seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib.
Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.
Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Tədbir bədii hissə ilə davam edib.









Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq