"Ramin Musayev bir tikə çörək yeyib sizinlə,..."

img

03-09-2014 [17:34]


Deyəsən, isti yay günləri getdi. Külək, meh yavaş-yavaş adama ləzzət edir. Elə bu sərinlikdən istifadə edib yazmaq istədim. Bilirəm ki, bu yazı ilə çox dostlarla aramızda "sərinlik” yaranacaq. Amma eybi yox. 

Şənbə günü "Sumqayıt” - "Araz-Naxçıvan” matçını stadionda izləyənlər arasında olmuşam. Oyunda baş verən mübahisəli epizodları PFL-in rəsmi saytı yayıb, baxıb, özünüz qiymət verərsiz. Çünki ayırmaq çətindi: top əli tapıb, ya əl topu. Biz Xaqani Məmmədov deyilik axı, onu ayırd edək. Gözümüz görə bilər e, amma biz tapa bilmərik nə haranı harda tapıb - bu tapmaq işi onlarlıqdı. 

Sözümün "mustafa”sı var. Oyunun sutkası bitməmiş "Araz-Naxçıvan” bəyanat yaydı ki, "hakim səhvlərinə görə çempionatdan çəkilirik”. Düz edirsiz, lazımdı arada belə bəyanatlar. Komanda debütantdı, gəncdi, hərbə-zorba gəlmək lazımdı. Bilirsiz niyə? Çünki bizim çempionatda bəyanat verməyən komandaya namusu ləkələnmiş qadın kimi baxırlar. "Araz-Naxçıvan” da gec gəlib, tez öyrənənlərdən oldu deyəsən. 

Hələ sözümün daha bir "mustafa”sı da var e... "Mustafalar” çoxalıb deyə, bilmirəm hardan başlayım, harda qurtarım. "Araz-Naxçıvan” bəyanat yaydı, amma ən pisi odu ki, bu bəyanat harda yayıldı? Klubun rəsmi "feysbuk” səhifəsində. Elə bildim yenə bir il əvvəlki zamandı, klub birinci diviziondadı, komanda bir həsir, bir məmmədnəsirdi. İşçi baxımından deyirəm eee. "Araz-Naxçıvan”da olan şərait, infrastruktur çox komandamızda yoxdu heç. Ceyhun Məmmədov dostumuz onda klubun mətbuat xidmətinin rəhbəri deyildi. Komanda haqqında hər şeyi "feysbuk”dan tapırdıq. Çünki sayt-filan yox idi. Ceyhun gəldi, təcrübə öz sözünü dedi, qısa zamanda klubun rəsmi saytı istifadəyə verildi. İndi klubun mətbuat xidməti, işçiləri var. Bəyanat yayırsan, lap əla. Saytın vasitəsiylə yay da. Klubun rəsmi saytı neçə gündü susur. Onu ora yazıb qoyduğunuzu, sayta qoyardız da, ay qardaşlar. "Feysbuk” səhifəsində bu bəyanatın yayılması nə isə qeyri-ciddi göründü mənə. Klubun adının yanında "Peşəkar” sözü yazılırsa, rəsmi sayt dura-dura "feysbuk” hesabında bəyanat yerləşdirmək adama çatmır. Çox fikirləşib, çox yazdıqca "mustafalar” da çoxalır. "Mustafalar” da çoxalsa, zibili çıxacaq. 

Sonda keçmiş sovet dövründə olmuş bir hadisəni yazacam. Zaqatalanın işıq idarəsinə yoxlama gəlir. Komissiya "obed” vaxtı Zaqatalaya çatdığından, idarənin rəisi bunları birbaşa restorana aparır. Qəşəngcə yeyib içəndən sonra komisiyyanın rəhbəri deyir ki, gedək bir ay əvvəl idarəyə gəlmiş "stolba”ları mənə göstərin. İdarə rəisi də "stolba”ları satdığından, başlayır komissiyaya "kəf gəlməyə”. Rəisi harda Nuh dövründən qalan, çürümüş "stolba” var, onları göstərməyə başlayır. Axırda komissiya bezir, deyir: "Ay rəis, bizimlə məzələnmə, təzə "stolba”ları göstər”. 

Rəis qayıdır ki: "Ay başına dönüm, səhərdən litrlə araq içəndə, kabab yeyəndə heç yadına "stolba” düşmürdü. Əl çək o "stolba”lardan”.
 
İndi də "Araz-Naxçıvan”... Ramin Musayev bir tikə çörək yeyib sizinlə, gündə bir bəyanat verib "bajoğlu”nun abrını ətəyinə bükəcəksiz?

Emin Tarverdiyev, email: [email protected]

Komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA