Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
02-07-2025 [21:27]
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım.
Hörmətli qonaqlar, əziz dostlar.
Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Bu gün görüşümüzə başlayarkən mən, ilk növbədə, Şavkat Miromonoviçi öz adımdan və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdim və dedim ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir.
Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.
Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik.
Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir.
Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.
Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.
Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.
Bugünkü tədbirdən sonra işimiz davam edəcək, biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yenə də Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir.
Prezident Şavkat Mirziyoyev: 2001-ci il.
Prezident İlham Əliyev: Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu “ovçular” olub. Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib. Qərar veriləndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda, qərar qəbul etdi və indi gözəl bina tikilib. Amma bu, indi təkcə Özbəkistan torpağının bir hissəsi olmayacaq, həm də bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu layihənin təqdimatı keçən il mənim dövlət səfərim zamanı olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib. Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Burada yeganə, bəlkə də mənfi cəhət o olacaq ki, xarici turist Bakıya gəlib bu parka gedirsə, sonra Özbəkistana getməyə bilər, çünki o, hər şeyi əsasən burada görəcək. Düşünürəm ki, bu, əlbəttə, bir zarafatdır. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturu layihəsi həyata keçiriləcək. Bu gün hələ çox işimiz var. Beləliklə, ölkələrimizin ictimaiyyətini məlumatlandıracağıq.
Şavkat Miromonoviçlə ilk görüşümüzdən sonra biz hökumət üzvlərinə tapşırıq verdik ki, öz işlərini ləyaqətlə yerinə yetirsinlər. Bilsinlər ki, biz mütəmadi olaraq monitorinq aparıb yoxlayacağıq, bunu da edirik. Səfərlər müntəzəmdir, həm də biz beynəlxalq təşkilatlar, sammitlər və digər konfranslar çərçivəsində tez-tez görüşürük. Tez-tez telefonla əlaqə saxlayırıq, ona görə də hamı bilir ki, bütün göstərişlər yerinə yetirilməlidir.
Mən bir daha əziz qardaşıma ölkəmizə belə xoş münasibətə, bu səfərə görə minnətdarlığımı bildirmək istəyirəm. Sabah biz Qarabağda birlikdə olacağıq. Bu, Şavkat Miromonoviçin Qarabağa ilk səfəri deyil və biz bundan sonra da birlikdə çalışacağıq, dost, qardaş olacağıq.
Hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.
Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatla çıxış edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.
Mia.z xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.
Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
***
İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”)” Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”i Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayət fəaliyyəti ilə əlaqəli mobil cihazlar üzrə məlumat mübadiləsinin təşkili haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi”ni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Navoi şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
***
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm. Sizi və nümayəndə heyətinin üzvlərini salamlayıram.
Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.
Bu gün Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində biz hesabatları dinləyəcək, qəbul etdiyimiz qərarların yerinə yetirilməsi üzrə növbəti tapşırıqlar verəcək və minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramını müəyyənləşdirəcəyik.
Ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Ölkəmizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim.
Hökumət üzvləri və müxtəlif strukturların rəhbərləri səviyyəsində də müntəzəm təmaslar həyata keçirilir. Bu yaxınlarda Hökumətlərarası Komissiyanın növbəti iclası olub. Artıq dediyim kimi, bu gün nəticələri dinləyəcəyik. Əminəm ki, onlar prinsipcə bizi sevindirəcək. Həm də Sizinlə razılaşdığımız kimi və hökumətlərimizin üzvlərinə verdiyimiz tapşırıqlara əsasən, biz bütün qərarlara və onların yerinə yetirilməsinə nəzarət edirik.
Həmçinin qardaş Özbəkistanı tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz.
Prezident Şavkat Mirziyoyev: Mütləq.
Prezident İlham Əliyev: Beləliklə, əziz Qardaş, bir daha xoş gəlmisiniz. Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, bizim Dövlətlərarası Şuranın nəticələri yaxın vaxtlarda öz bəhrəsini verəcək. Bir daha xoş gəlmisiniz!
x x x
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:
-Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım, çox sağ olun.
Həqiqətən də bu, gözlədiyimiz səfərdir. Biz Azərbaycana məmnuniyyətlə, öz evimizə, yaxın qardaşlarımızın yanına gəldiyimiz kimi gəlirik. Şəxsən öz adımdan, nümayəndə heyətimizin adından təyyarənin endiyi andan təkcə mənə deyil, həm də bütün nümayəndə heyətimizə göstərilən çox təntənəli qəbula görə minnətdaram. Mən buna görə ayrıca təşəkkür etmək istəyirəm.
Əlbəttə, son illər münasibətlərimiz indi Sizin də dediyiniz kimi, tamamilə başqa səviyyəyə yüksəlir. Bizim real uğurlarımız var. Sizin də qeyd etdiyiniz kimi, biz artıq müttəfiqik. Bu, artıq bütün mətləblərdən xəbər verir. Hökumətlərarası səviyyədə, müttəfiqlik diplomatiyasında bunlar onu göstərir ki, biz artıq yaxın qonşular, yaxın dostlarıq. Bütün razılaşmalarımız da yüksək səviyyədə olacaq, Sizinlə razılığa gəldiyimiz kimi, nəzarət olunacaq və həllini tapacaq.
Biz iki yaxın xalqıq və tarixdə ortaq tərəflərimiz, ruhən, əxlaq, dünyaya baxış nöqteyi-nəzərindən çoxlu ümumi cəhətimiz var, dilimiz birdir, mədəniyyətimiz birdir, bir çox məsələni həll edirik. Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq. Biz bu gün göstəriş verəcəyik, onların yerini dolduracağıq və nəzarətə götürdüyümüz bütün məsələlər mütləq yerinə yetiriləcək.
Əlbəttə, demək istəyirəm ki, dünən tarixdə ilk parlamentlərarası forum uğurla keçirildi. Mənə məruzə etdilər, sizin və bizim deputatlar danışdılar. Bu da münasibətlərin artıq başqa fərqli səviyyəsidir. Hökumətlərarası Komissiya çox yaxşı səviyyədə keçdi. İki sədr görüşür, bir-birini çox yaxşı başa düşürlər. Mənə çox xoşdur ki, onların real nəticələri var. Son vaxtlar Təhlükəsizlik şuralarının görüşləri oldu, bir yol xəritəsi imzalandı. Bu da çox məsələdən xəbər verir.
İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik.
X X X
Ali Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verdilər.
Sonra nəqliyyat, energetika, mədəniyyət nazirləri Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrinə uyğun olaraq öz sahələri üzrə məruzələrlə çıxış etdilər.
Daha sonra dövlət başçıları tərəfindən mövcud layihələrin icrası, əməkdaşlığımızın inkişafı baxımından yeni perspektiv layihələrin müəyyən edilməsi ilə bağlı tapşırıqlar verildi.
***
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşüb.
Mia.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gəlib.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.
Azərbaycan nefti bir dollar qalxdı
"Azəriqaz"da "optimallaşdırma" siyasəti: aşağılar ixtisar edilir, yuxarılar isə..." - FOTO
Qırğızıstan pezidenti Azərbaycana ikigünlük səfərə gəlir
“Azevrotel”in direktoru dəyişib - Yeni təyinat (Özəl)
Zabrat və Hövsanda bu gün qaz olmayacaq
"Kəssam Tuqayları" ilə "Qüds sərdarələri" İsrail ordusu ilə döyüşə giriblər - "Onlarla hərbçini vurduq"
Türkiyədə təyyarə qəzasına düşən biznesmen həlak olub - Arvadı isə möcüzə sayəsində sağ qalıb
Ərəb ölkələri İsrail etiraz edib
10 yaşlı gimnast "Sarı gəlin"in sədaları altında uğur qazandı
Oğurlanan 757 illik əlyazma Bəhreyndən geri gətirilib - FOTO
Qəzzada daha 116 nəfər ölüb - Bir ailə isə tamamilə yox edilib
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
İspaniyada meşə yanğını: 2 nəfər yanaraq ölüb
Ağcabəddə 18 yaşlı gənc kanalda boğulub
Türkiyədə iş adamı və arvadı təyyarə qəzasında öldü
"Kurtlar Vadisi"nin "Cevat"ı öldü - "Rahat yat, qardaş!"
Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"
İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda daha bir Azərbaycan vətəndaşı həbs olunub
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - DETALLAR
Qəzzada son 24 saatda 142 nəfər öldürülüb
"Beşiktaş" bəyənmədi - "Liverpul"la anlaşdı
RƏSMİ BAKIDAN RUSİYA XİN və SƏFİRLİYƏ CAVAB: "Vəziyyəti daha da gərginləşdirən addmlar atmayın"
"Azneft" Istehsalat Birliyi ləğv olunur? - Komitə sədri "Görəsən, işçilər bu dəfə hansı dili öyrənəcək?", - deyə sual edir
Xüsusi icra məmurları ilə bağlı yeni qanun hazırlanır
Əminə Ərdoğan Roma Papası ilə görüşüb - FOTO
Ərzurumda zəlzələ olub - 4,1 bal gücündə
İsrail ordusu Ramallahda evləri dağıdıb
"Beşiktaş" klubu məşhur italyan hücumçu ilə vidalaşıb
Vəkil bürolarında yoxlama olub
KTN-in işçiləri rüşvət alıblar
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Rəsmi Bakıdan moskvaya etiraz
DAHA ÜÇ İTKİN DÜŞMÜŞ ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Moskvanın Cənubi Qafqaz siyasəti və... - TƏHLİL
Bakıda böyük söküntü işi başlayır - YENİ KOMİSSİYA YARADILDI
Filippində güclü yanğın... - Minlərlə insan evsiz qalıb
Yunanıstanda məhbuslar qiyama qalxıb - Həbsxana yandırılıb
Ərdoğanı təhqir edən 42 nəfər tutulub - "Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz"
Kəbirə-Tibb Mərkəzi satılıb
Politoloq Azər Qasımlı hakim qarşısına çıxarıldı
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO