Heç kəs dövlətin əl-ayağına dolaşmasın!

img

06-08-2014 [23:35]


Yarışma davam edir. Heç bir normal dəftərdə adı olmayan, sahibinin kimliyi belə ictimaiyyətə düz-əməlli bəlli olmayan bir gecəlik saytlar cəbhə xəttindən "özəl” və "şad” xəbərlər yaymağa davam edir. Bu ünsürlər hələ də anlamırlar və ya anlamaq istəmirlər ki, bununla düşmən dəyirmanına su tökürlər! Bunların arasında bəzən ağlı başında olanlara da rast gəlmək olur. Düzdür, onlar yaydıqları xəbərlərdə şübhə üçün əl yeri də qoyurlar. Amma birincilər nəinki əl yeri qoymur, əksinə, az qala hər saat içində bir rayonumuzun Ermənistanın işğalından qurtulduğu barədə gözlərinin içinə qədər yalan məlumat yayırlar! Bu şərəfsiz şayiə sürüsü hələ də anlamır ki, belə bir həssas zamanda bu yalan xəbərlərin hamısı əleyhimizə işləyir və düşmən qarşısında bizi rəzil edir! Bunlara bunu anlatmağın, özü də özlərinin anlayacağı dildə anlatmağın zamanı çoxdan gəldi də keçdi! Bir neçə gün öncə də yazmışdıq, təkrarlamağa məcburuq: bu ünsürlərlə MTN və başqa müvafiq qurumlar məşğul olmalıdır. Mümkündür ki, onların bəziləri bunu ağıllarının kasadlığından edir, başqa biriləri isə bilərəkdən, məhz düşmənin təbliğat maşınına dəstək vermək məqsədilə edir. Araşdırmaq, buna son vermək lazımdır ki, Azərbaycan ordusu öz işini rahat görə bilsin.

 Son günlər diqqətimi bir məqam da çəkdi. Şəhidlərin dəfnində müxalifət partiyaları rəhbərlərinin iştirak etməməsi nəzərimdən yayınmadı. Və bəzi media qurumları bununla bağlı onların fikirlərini öyrəndi, cavabları da dərc etdi. Dedilər ki, biz ona görə o mərasimlərə qatılmadıq ki, hakimiyyət bundan sui-istifadə edər! Heyrətlənəsi cavablardır, deyilmi? Hakimiyyət bundan necə sui-istifadə edə bilərdi? Və ümumiyyətlə, bu durumda niyə sui-istifadə etsin? Hər kəs kimi siz də şəhidlərin dəfn  mərasiminə qatılıb hamı kimi dua edə, onların ailələrinə başsağlığı verə bilərdiniz. Buna kim nə deyəcəkdi axı? Bəs qarşıdurmadan, hakimiyyətin sui-istifadəsindən bu qədər çəkinənsinizsə, niyə tərəfdarlarınızın "Azadlıq” meydanına mitinq təyin etməsinə, döyüşən orduya mənəvi dayaq olacağına orduda guya baş alıb gedən neqativ halları qabartmasına səssiz qalırdınız? Heç yeri və zamanıdırmı bunun? Orda Vətən oğulları qan tökür, torpağı qoruyur, sizin tərəfdarlarınız da burda "ordudakı mənfi hallar”dan danışır. Və sonra da iddia edirsiniz ki, şəhidlərin dəfninə ona görə qatılmadınız ki, hakimiyyət bundan sui-istifadə edər. Heç ağlabatan deyil və tövsiyə edərdim ki, gec də olsa hər bir şəhidin evinə gedib yaxınlarına başsağlığı verəsiniz. Bunu isə kampaniya şəklində, dəstələrlə deyil, tək başına edin ki, biz də bilək ki, bəli, siz doğrudan da bu olaylardan siyasi fayda üçün istifadə etmirsiniz. Heç şübhə etmirəm ki, sakitcə gedib başsağlığı versəniz, hakimiyyət bu məsələyə qəti qarışan deyil.

Jurnalist həmkarımız Əvəz Zeynallı həbsxanadan bir açıqlama yayaraq bütün umu-küsüləri bir kənara buraxıb ordumuza qatılmağa hazır olduğunu dedi. Mən buna qəti şübhə etmədim. Çünki onu tanıyan birisi olaraq bilirəm ki, Əvəz bunu dediyi qədər edə də bilər. Amma az qala bütün dünyanı üstümüzə qaldırmağa çalışan Yunusovlar ailəsindən isə başqa davranışlar gördük. Əvvəlcə bunların qızının adından bir xəbər yayıldı ki, belə "əsgərləriniz qırılsın”. Sonra Arif Yunusov bunu təkzib etdi. Özü də buna vaxt da tapdı, imkan da. Və o dərəcədə ki, bu adamla ömrümdə e-poçt əlaqəm olmamasına baxmayaraq hətta mənə də təkzib məktubu daxil oldu. Bundan bir az sonra isə iddia etdi ki, MTN, yaxud da hansısa bənzər qurumlar onun elektron təsərrüfatına müdaxilələr edir. İşimiz yox. İstədiyi yalan-doğru xəbəri yaya bilər. Amma mənə maraqlı idi ki, bu qanlı-qadalı günlərdə bu ailə həm də cəbhədə şəhid olan əsgərlərimizlə bağlı bir açıqlama versin, düşmənə öz nifrətini ifadə etsin. Etmədilər! Heç ağıllarına da gəlmədi! Hətta onların ABŞ-da sığınacaq tapmış Müsavatçı qardaşı Ramis Yunusovdan da səs çıxmadı. Zatən çıxsaydı təəccüblü olardı.

Biz çox həssas bir dönəmdən keçirik. Ağzımızdan çıxan hər kəlməyə diqqət etməliyik. Unutmamalıyıq ki, bu gün insanları sevindirmək üçün yaydığımız əsassız xəbərlər düşmən tərəfindən ən yüksək tribunalarda əleyhimizə istifadə edilə bilər. Rəsmi məlumatlar olmadıqca kimsə xəbər yaymamalıdır. Üstəlik də hər yerindən duranın cəbhə kəndlərinə sərbəst gediş-gəlişi əngəllənməlidir. Özəlliklə düşmənlə təmas xəttində olan bölgələrin deputatları gecə-gündüz orda, xalqın içində olmalıdır. Amma görürük ki, Tovuzun deputatı Qənirə Paşayeva istisna olmaqla heç bir deputat cəbhə bölgəsində gözə dəymir. Əslində, o kreslo zəbt edənləri daha sərt tənqid edərdim, amma indi zamanı deyil. Hər halda, insanlarımız bunu da yadda saxlayacaq.

 Gerçəkdən xoş xəbər eşitməyi istəyiriksə, hər kəs olduğu yerdə vəzifəsini vicdanla yerinə yetirsin. Bunu bacarmayanlar isə heç olmasa indiki zamanda susub dövlətin əl-ayağına dolaşmasın. Zatən yetərincə güclü ordumuz, silahımız və bütün bunlarla bərabər dövlətin, Ali Baş Komandanın iradəsi var. Gəlin, onlara güvənək, işlərinə mane olmayaq. Artıq ermənilərin özü də etiraf edir ki, savaş başlarsa, Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəklər. Belə bir durumda "ordudakı neqativ hallar”dan danışmağın yeridirmi heç?

Azər HƏSRƏT

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...