KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərinə - MÜRACİƏT

img

04-08-2014 [00:44]



Hörmətli KİV orqanlarının rəhbərləri və işçiləri!

 Son günlər cəbhə xəttində baş verən kəskin qarşıdurmalar və həlak olan hərbçilərimizlə bağlı xəbər yayıcı qurumlarda kifayət qədər qeyri-ciddi və şayiələrə əsaslanan informasiyalar yayımlanmaqdadır. Sosial şəbəkələrdə gedən müzakirələr bu həyəcanı daha da artırır. Bununla əlaqədar olaraq bir vətəndaş kimi xahiş edərdim ki, bu məsələ ilə bağlı insanlarımıza etdiyim bu müraciəti olduğu kimi dərc edəsiniz.

Hadisələr başlayandan müşahidə edirəm və çox istədim ki münasibət bildirməyim. Amma alınmadı... 12-cə gün əvvəl yekə-yekə danışıb Milli mətbuat gününü qeyd edən jurnalistlərimiz də zəhmət çəkib oxusunlar.

Azərbaycan informasiya məkanının nə qədər yöndəmsiz qurulduğu, nə qədər infantil "rəhbərlər", nə qədər diletant jurnalistlər tərəfindən idarə olunduğu göz qabağındadır. Azərbaycan ordusu 1992-ci ildəki vəziyyətində olmasa da, Azərbaycan mətbuatı, Azərbaycan xalqı  elə 92-ci il səviyyəsində ilişib qalıb.

Neçə gündür, hadisələri həm mətbuatdan, həm TV kanallarından, həm i-net TV-lərdən, həm də birbaşa mənbələrdən alınan məlumatlar əsasında izləyirəm. Deməli, vəziyyət belədir:  Bir xəbər saytı yazır ki, bəs filan kəndin camaatı köçürüldü. Bunu qoyurlar facebook səhifələrinə. Adi vətəndaşlar da biçarə-biçarə həyəcan keçirirlər. Suallar yağdırırlar ki, dəqiq xəbərdir??? Elə o andaca 3-4 adam girib xəbəri təsdiqləyir ki, bəli, doğru xəbərdir, bizim qohumlarımız da çıxıb kənddən. Bu tərəfdən isə başqa biriləri girib yazır ki, yalandan camaata panika buraxmayın, heç kim heç yerə köçməyib. Beləcə, o arada qalan hər şeydən xəbərsiz insanlar da qalır çaş-baş. Birinin nişanlısı xidmətdədir, birinin oğlu, birinin qardaşı, birinin qohumu və s. və i.a. Beləcə, həyəcan get-gedə böyüyür və yayılır. Bizim camaat təbiətən şou sevən millətdir. Adicə yolda avtoqəza görəndə tökülüşüb telefona çəkən adamlarıq biz. İndi gəl ki, indi ortada belə bir müharibə xəbərləri ola. Bu cür vəziyyətdən istifadə edib, insanların duyğuları ilə oynamaq, insanların səhhətini pisləşdirmək, ölümcül nəticələrə yol açmaq və daha kütləvi anlamda ölkədə panika yaymaq, düşmən təbliğatı aparmaq kimlərə sərf edir görəsən? Nə məqsədlə edirsiz axı bunu???

Nəzər alsaq ki, indi 92-ci il deyil və hamının əlinin altında internet, nootbuk, planşet, mobil telefonlar var  - informasiyanın nə qədər sürətlə yüzminlərlə kütlələrə yayıldığını təsəvvür edə bilərik. Ona görə də, yayılan hər bir informasiya dəfələrlə dəqiqləşdirilməli və mümkün qədər çox mənbədən təsdiqini tapmalıdır. Məhz bundan sonra həmin informasiya emal edilib cəmiyyətə təqdim edilməlidir. Biz elə bugünlərdə şahid olduq ki, bu yalan informasiyalar sayəsində şəhid olmamış əsgərlərimizdən birinin şəklini və Facebook-da yazdığı son statusu paylaşaraq yazıq əsgəri diri-diri basdırdılar ki, bəs bu əsgərimiz atışmada ölübdür. Daha heç kim fikirləşmədi ki, bu yetimin ailəsi, yaxınları bu xəbərə rast gələndə infarktdan ölə bilər. Hamı da ucdan-tutma rəhmət yazdı. Amma başa düşmədilər ki, buradan diri əsgərə yazdığınız rəhmətlər, o tərəfdən sizə lənət gətirir yalan xəbər paylaşımına görə. Nəzərə alsaq ki, belə vəziyyətlərdə əsgərlərin mobil telefon istifadəsi xüsusilə çətinləşir və günlərlə əlaqə saxlamaq olmur, indi təsəvvür edin o yetimin ailəsi hansı vəziyyətdə olub. Axırda yazıq əsgər özü girib facebook-da yazdı ki, mən sağam, ölüb eləməmişəm.

Bunlar nəyin sayəsində olur? Onun sayəsində ki sosial şəbəkələrdə adı çəkilən hər əsgərin profilini axtarıb tapan jurnalistciklər əsgərin bekar vaxtı yazdığı "Ölsəm kabrime gelme, istemem!" tipli statuslarını ciddi xəbər kimi götürüb mətbuata çıxarırlar, manşet düzəldirlər. Mən başa düşürəm ki, hamının balası var, pul qazanmaq lazımdır və sizin çörəyiniz xəbərdən çıxır. Amma hörmətli jurnalistlər, onu da başa düşün ki, sizin peşəniz çox strateji əhəmiyyətə malik sahəni əhatə edir və informasiya təhlükəsizliyimiz sizdən birbaşa asılıdır.

Şəxsən mən nə jurnalistəm, nə də saytım filan var. Ancaq mən də bir vətəndaş və potensial əsgər kimi hadisələrlə maraqlanır və mümkün qədər daha dəqiq və daha çox informasiya əldə etməyə çalışıram. Bölüşülməsi mümkün olan informasiyaları yazıram, 2300 nəfərlik profilimdə nə qədər adam oxudu, oxudu. Bütün ölkəyə mən çatdıra bilmərəm ki bu materialı?..

Dünən birbaşa hospitaldakı yaralı əsgərimizdən Ağdamda 2 postu aldığımız barədə xəbər qoymuşam qruplardan birinə. Xanımın biri də götürüb yazıb ki, yalan danışmayın, elə şey olsa, TV-də verərdilər. Dedim ay xanım, belə məlumatlar hərbidə qadağan olunmuş informasiyalardır və hökumət çıxıb bunu efirdə publik şəkildə rəsmən elan edə bilməz və etməməlidir də. Amma insanları ən azı sakitləşdirmək üçün deyirik ki, şəhidlərimiz nahaq yerə ölməyib, nəsə uğur qazanmışıq. Həm də sən hansı TV-dən danışırsan ki, cəbhə yadına da düşmür, toy-bayram göstərirlər?.

 İndi sən birbaşa informasiyanı qoyub, TV-nin dalınca düşürsən???

Baxın, bu qədər biabırçı və xaotik vəziyyət yaranıb mətbuatımızda. Xalqımızın panika yaymaq və insanları qorxuzmaq kimi sarsaq bir vərdişi var. Gəlin sizə bir misal çəkim. Çox uzağa getməyək. 2009-cu ildə ADNA-da məlum terror hadisəni xatırlayaq. II kursda idik o vaxtı. Dövlət İdarəçilik Akademiyasında auditoriyada idik dərs vaxtı. Birdən qəfil xəbər gəldi ki, bəs ADNA-da camaatı güllələyiblər. Elə o andaca nə qədər yalan məlumatlar gəlməyə başladı. Hərənin ağzından bir avaz gəlirdi. Axırda iş o yerə çatdı ki, bir satın içində sosial şəbəkələrdə belə xəbərlər yayılmışdı:

"Terroristlər Qara Qarayevdə də içərisi sərnişinlərlə dolu olan bir avtobusu partladıblar!”

"Nərimanovda 2 terrorçu  bir tələbə qızı girov götürüb Tibb Universitetinə tərəf gedirlər şəhərin ortasıyla!”

"Neftçilərdə terrorçular 2 maşını gülləbaran ediblər!”

"20 Yanvarda qatarda yanğın törədiblər!” 

Bu xəbərlərin nə qədər düşük, nə qədər bambılı olduğunu indi hamı yaxşı başa düşür. Bəs o vaxtı? O panika vəziyyətində? Onda da hamı başa düşürdü sizcə? Əksinə, xəbər eşidən kimi hamı canfəşanlıqla və yüksək həvəslə bunu yaymağa girişirdi. Sanki bizim millətimizin ən adi adamında, çayxanada oturub qəlyan piləyən çolkalı gəncində də belə bir xəbər xəstəliyi var: "Sensassion xəbəri hamı məndən eşitməlidir!” öz sahəsində özünü təsdiqləyə bilməyən adamların bu xəstəliyi bir növ özlərini təsdiqləməklə yanı sıra, diqqət mərkəzində olmaq istəyi ilə bağlıdır və bundan əcaib zövq duyurlar. Yuxarıdakı panika tipli xəbərləri diqqətlə analiz etdikdə görmək olur ki, biz hər dəfə çalışırıq ki, bəlanı olduğundan daha artıq şişirdək, bir az da onu eybəcərləşdirib cəmiyyətə repost edək. ADNA-da qətliamın olduğunun dəqiq olduğunu bilən adamlara bunun yanında çərəz üçün bu cür 2-3 dənə geydirmə xəbər də verəndə bu olur çox möhtəşəm dezinformasiya deserti. Belə bir desertlə ölkəni iflic etməyə nə var ki??? Elə bir görüntü yaradılır ki, sanki ADNA-da insanları gülləbaran edən o alçaq terrorçu sanki bir anda yüz yerə bölünüb bütün Bakını cənginə alıb, hər yerdə ard-arda terror saldırıları həyata keçirdir. Bu "Rembo” təxəyyülümüz özümüzdən başqa kimin ziyanına işləyir?

İndi də yenə cəbhə haqda dəqiqliyi məlum olmayan "...-da 40 şəhidimiz var!” tipli xəbərlər yayılır əl altdan. Üç nöqtənin yerində isə konkret rayon adları qoyulur: Qazax, Tər-Tər, Ağdam və s. Amma hərbidə olmuş adam, hərbidən anlayışı olan adam bilir ki, 40 adam nə deməkdir. Hər postda ortalama 8 adam olur. Bunu da 40 nəfər arasında bölsək, 5 post deməkdir.

İndi təsəvvür edin ki, Qazaxda 40 nəfər itkimiz olub, yəni 5 dənə post məhv edilib. İndi mənə deyin görüm, bu halda faktiki olaraq, Erməni Qazaxın yarısını tutardı, ya tutmazdı?..

Sadə hərbi-riyazi hesablamalarla bu cür xəbərlərin yalan olduğunu üzə çıxartmaq olar - əgər bir balaca əziyyət çəkib düşünmək istəsək.

Bir vətəndaş kimi hər bir azərbaycanlıdan, eləcə də jurnalistlərdən və mətbuat işçilərindən xahiş edirəm. Bu cür saxta, reytinq toplamaq, diqqət çəkmək xatirinə xəbərlər düzənləyib camaata sırımayın. Boş yerdən çaxnaşma yaratmaq lazım deyil. Dəqiq məlumatınız varsa, gətirin, deyin. Cəbhə xəttinə ezam edilmiş neçə jurnalist var, ən azı onlardan doğru məlumatlar əldə etməyə çalışın. İnternet əsrində ən axırda bir şayiə böyük dalğalanma yaradır informasiya məkanında. Bir az ciddi olun. Xalqınıza, torpağınıza belə canın yanansınızsa, buyurun Müdafiə Nazirliyinin rəsmi saytına daxil olub, könüllü xidmət barədə Nazirə müraciət ünvanlayın!

www.mod.gov.az/mrct/new_post.php

Məni soruşsanız, mən yollamışam artıq.         

Bir gün bir kənddə deyirlər ki, gəlin, qeybətin qarşısını alaq, yoxsa bu arvadların qeybəti axırımıza çıxacaq. Kəndin ağsaqqalları yığışıb qərara gəlirlər ki, kəndin bütün arvadlarını yığıb samanlığa salsınlar, beləliklə də, kənddə boş şayiələrin yayılmasına əngəl olmaq olarmı, olmazmı, müəyyənləşdirsinlər. Əl-qərəz bütün kənd arvadlarını yığıb salırlar böyük bir samanlığa. Arvadlar bir az susur, bir az sakit qalır, amma axırda biri tab gətirmir samanlığın bu biri başında tavana baxıb yanındakı arvada deyir ki, ay qız, ay Həci Nisə, ağız, ona bax damdan saman düşdü. Bu girəvə ilə damdan samanın düşməyi samanlıqdakı arvadların ağzından ağzına keçib çatır o biri arvadlara da. Səhəri  gün isə kəndə xəbər yayılır ki, bəs Salman kişi damdan yıxılıb ölüb. Bax elə ona görə də atalar deyir ki, el ağzı çuval ağzı. Amma atalar onu da deyib ki, cidanı çuvalda gizlətmək olmaz. Məncə hamı nə demək istədiyimi gözəl anladı. 

P.S. İstədiyiniz qədər üslub və orfoqrafiya, nöqtə-vergül səhvi axtarıb, məni səhv çıxara bilərsiniz. Yetər ki, dediklərimi diqqətə alınız

Həbib Heydər,

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Gənclər və 
Layihələr üzrə sədr müavini


/span

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...