“Zəng edib dedilər, mən də dedim ki, 2 gün ərzində silinəcək..." - Müşfiq Abbasovdan xəbərdarlığa reaksiya

img

02-11-2024 [14:20]


Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial hesablarında “Bu şəhərdə” komandasının oktyabr və noyabr aylarında keçiriləcək növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.

Məsələ ilə bağlı danışan Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edildiyini deyib.

Mia.az-ın məlumatına görə, ona xəbərdarlıq edilməsi barədə Ölkə.Az-a danışan aktyor, ssenarist Müşfiq Abbasov artıq videonun silindiyini bildirib: “Zəng edib dedilər, mən də dedim ki, 2 gün ərzində silinəcək və silindi. Video artıq silinib, bilmirən onlar nəyi problem edir. Mənim fikrimcə, ümumiyyətlə, problem yox idi. Mənim kimi Azərbaycan filmlərini təbliğ edən ikinci heç kimi görmürəm. O, anonsa yazılan şərhləri oxusaydınız, görərdiniz ki, onlarla insan yazır ki, bu hansı filmdəndir?”

M.Abbasov deyib ki, Gildiya Azərbaycan filmlərinin təbliği ilə məşğul olsa, daha yaxşı olar: “İndiki gənclər ümumiyyətlə, “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Qayınana” filmlərinə baxmırlar. Bu, reallıqdır. Yaxşı olar ki, Kinorejissorlar Gildiyası daha çox filmlərin təbliği ilə məşğul olsun. Yəni o təbliğə də müraciət etsinlər. Kimlərdə daha çox baxılırsa, o insanlar təbliğ eləsin ki, gənclər TikTok-dan çox Azərbaycan filmlərinə baxsınlar. 

Əfsuslar olsun ki, bu gün daha çox TikTok-a, yutuba, türk seriallarına baxılır, nəinki köhnə, klassik Azərbaycan filmlərinə. Bədbəxtlikdir. Bunu həll etmək lazımdır. Bilmirəm bu haqda kim fikirləşir, nə düşünürlər. Mən öz anonslarımda o filmləri göstərib dublyaj etməklə orada heç kimi alçaltmamışam, təhqir etməmişəm, anons verə-verə filmin özünü də təbliğ etmişəm. 

Cavanlar bu kinoları bilmirlər. Kimsə desə ki, bugünkü gənclər “Axırıncı aşırım”a,”Qatır Məmməd”ə, “Böyük dayaq”a, “Babək”ə  və s. baxır yalan danışmış olar. 50 yaşdan yuxarı nəsil baxa bilər. Gənclər baxmır, çünki təbliğatı yoxdur. Gildiya da, mətbuat da bu problemi həll eləsin. Səhifənizdə işıqlandırın, hər dəfə bir filmin anonsunu verin. Düzdür, onda Gildiya sizə də şikayət edəcək ki, niyə hüquqlarımızı pozursunuz. Anons da verməyin, heç nə deməyin. Sakitcə gizlədin. Heç kim baxmasın, onunla da batsın getsin. Yenə də deyirəm, böyük bədbəxtlik budur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR