Adımızı nə qoyaq? Millət, yoxsa, “milli ət”?

img

16-07-2014 [11:20]


Nazim Xəliloğlu

Almanlar deyiləndə dəqiqlik haqda fikirləşirəm. Fransızlar zərifliyi, italiyanlar isə temperamenti canlandırır fikirlərimdə. Soyuqqanlılığı ilə seçilən ingilislər, icadları ilə fərqlənən yaponlar da var. Adını çəkdiyim, ağlıma ilk gələn bu millətlər özünəməxsusluğu ilə fərqlənirlər. Yaxşı sözdür millət.. Bir kütlənin millət olması üçün nə lazımdır? Bu barədə fikirlər müxtəlifdir ona görə dəqiq heçnə deyə bilmirəm. Bəs biz nə vaxtsa millət ola bilərikmi? Bunu çox düşünürəm.
Azərbaycanlılara kənardan fikir vermiş olsanız, görərsiz ki, onlar qara-qura, öz başını güclə dolandıran, hər şeydən pul çıxardıb qabağa düşmək istəyən, səhər çörəkpulu üçün evdən çıxıb gecə qayıdan, həyatını özündən başqa hamı üçün yaşayan bir insan toplusudur. Bizdən millət yox, azlıq çıxar.
Müşahidələrimdə bir şeyə də fikir vermişəm. Biz azərilərdə bir xüsusiyyət də var: daima başımız aşağıdır. Qamətimiz dik deyil. Başımızı aşağı salıb yeriyirik. Məncə bu əsrlərdən gələn köləlik təhtərşüurudur. O təhtərşüur ki, qanla ötürülür nəsildən – nəsilə. Biz tarix boyu diktə edən deyil, diktə olunan tərəf olmuşuq. Diktə olunanın isə daim başı aşağı olur. Elə çox zaman tabelikdə olan atalarımız yaxşı deyib – "Ot öz kökü üstə bitər.”
Bir tələbə yoldaşım var idi, Mustafa. Türk vətəndaşı idi. Yadımdadır, bizim tələbəlik vaxtında türklər və kürdlər arasında mübarizənin qızğın çağı idi. Müharibə günlərinin birində Türkiyə 11 nəfər şəhid vermişdi. Mustafadan soruşdum ki, bəlkə ölənlər çoxdur, sadəcə cəmiyyətdə vahimə yaratmamaq üçün 11 nəfər deyilir? O təəccüblə mənə baxdı. Gülümsədi. Dedi ki, bu sizin üçün Qarabağ savaşı deyil ki, biz ölənləri gizlədək. Əksinə nə qədər şəhidimiz varsa, bu bizim qurur mənbəyimizdir. Sonra əlavə edib dedi ki, əsgər gedib şəhid olsam, ailəmin qüruruna çevriləcəm.
O zaman adi türk tələbənin vətənpərvərlik hissləri qarşısında aciz qalmışdım. Mən yetim haradan biləydim axı? Evdə bişməyib, qonşudan gəlməyib. O dəqiqə özünü patriot sayanlar Mübarizi, Ramili gözümə soxmasınlar. Hər sahədə istisnalar var, amma istisnalar reallığı və nəticəni dəyişmir. Türkiyə ilə özümüzü müqayisə etməyimi səhv tutanlara da cavabım var. Bilirəm deyəcəksiniz ki, türklər neçə illərdir, amma biz cəmi 21 ildir müstəqilik. Cavabım budur: dövlət 21 ilin dövləti ola bilər, amma cəmiyyət köhnə cəmiyyətdir.

Acı olsa da gəlin etiraf edək, cənablar, etiraf edək ki, bizim bayraq, vətən sevgimiz də elə icra başçılarının mətni vərəqdən oxuyaraq etdiyi çıxışlar qədər sünidir.
Hərdən yaşlı nəsil nümayəndələrinin özləri də bilmədən səsləndirdikləri fikirlər əslində çox böyük həqiqətləri ifadə edir mənimçün. Məsələn: "Sovet vaxtı gül kimi yaşayırdıq. Zavodda işləyirdik, istirahətimiz vardı, çörəyimizi, ətimizi, suyunuzu verirdilər ” – Dəhşətli mənzərədir deyilmi? Yəni zavodda işləmək, məzuniyyətə vaxtı - vaxtında çıxmaq, su, çörək indi başımızın üzərində dalğalanan üçrəngli bayraqdan daha yaxşı idi. Acı olsa da biz buyuq.
Məncə millət öz taleyini özü həll etməyi bacaran bir kütlədir. Qarnını tox edib kölə kimi yaşamağa razı olan və bu gününə şükr edən insan yığını yox. Millət özünü "yaxçı oğlan”, "peysər”, "tərbiyəli qız” və "quş” kateqoriyalarına ayırmamalıdır məncə.
Millətin polisi dövlətin deyil, elə millətin özünün olmalıdır. Millət özünə hörmət edib Şumaxerlik edən avtobus sürücülərinin avtobusuna minməməlidir. Desəniz ki, biz bu günə salınmışıq, hardasa razılaşaram. Amma qandan gələn şeylər də var. Yuxarıda qeyd etmişdim ki, "köləlik təhtərşüuru” qanla ötürülür nəsildən - nəslə. Ona görə də çalışaq qanımızı təmizləyək, cənablar. Çalışaq bunu bacaraq. Bacara bilsək, millət fədakarlığı, millət birliyi mükafatımız olacaq. Əks halda "milli ət” kimi "çəkilib” "qutab”ın, "peraşki”nin içində "yeyiləcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...