"Qalatasaray"dan qaçan futbolçunun yeri bilindi

img

10-07-2014 [22:51]


Pulunu vaxtında ala bilmədiyi üçün İstanbulun "Qalatasaray" futbol klubunu tərk edən və FIFA-ya şikayət edən İzet Hayroviçin yeni iş yeri müəyyənləşib. 

ANS PRESS-in məlumatına görə, Bosniya və Hersoqovina yığmasının üzvü "Verder"ə keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, bosniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 

Hayroviç "Verder"ə keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Ənənələri olan kluba gəlmişəm. Burda olduğum üçün xoşbəxtəm. Azarkeşlərlə görüşü və meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. Mənimlə başqa klublar da maraqlanırdı, amma "Verder"i seçdim".

Bu arada "Qalatasaray" da rəsmi saytı vasitəsi ilə açıqlama yayaraq FIFA-ya şikayət olunacağını elan edib: "Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, futbolçunun bir klubla müqavilə imzalaması üçün lisenziyaya (transfer vərəqi) ehtiyacı var. FIFA-nın qaydalarına əsasən TFF vasitəsi ilə "Qalatasaray"dan futbolçunun lisenziyası istənməlidi. Bizə bu günə qədər belə müraciət olmayıb. Hazırda İzzet Hayroviç üçün çıxarılmış keçici FIFA lisenziyası da yoxdur. "Qalatasaray" İzzet Hayroviçin müqaviləsini haqsız yerə pozması ilə bağlı FIFA-ya müraciət edib. Lazım olan sənədlər iyulun 18-dək təqdim olunacaq. "Verder" əgər həqiqətən də onunla müqavilə imzalayıbsa, müqaviləsini haqsız yerə ləğv edən futbolçunun günahına ortaq olub. "Qalatasaray" futbolçunun lisenziyası istənilən zaman öz etirazını bildirəcək".

Qeyd edək ki, qışda İsveçrənin "Qrasşoppers" klubundan "Qalatasaray"a keçən İzet 12 oyunda meydana çıxıb, 528 dəqiqə oynayıb və 1 qol vurub. O, Bosniya və Hersoqovina millisində keçirdiyi 9 oyunda 2 qola imza atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA