PREZİDENTLƏR İŞ ADAMLARI İLƏ GÖRÜŞDƏ: "İlham Heydər oğlu və mən sizi dəstəkləyəcəyik" - "Beləcə onlara da nəzarət edəcəyik, qoy, onlar buna hazır olsunlar" - FOTOLAR
24-08-2024 [09:20]
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.
Mia.az xəbər verir ki, görüşdə əvvəlcə Özbəkistan Prezidenti çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin çıxışı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli görüş iştirakçıları.
Mən bir daha sizinlə görüşməkdən və Özbəkistana bugünkü tarixi səfərinizdən çox şadam. Bir daha Özbəkistana xoş gəlmisiniz.
Ölkələrimizin - Azərbaycanın və Özbəkistanın aparıcı şirkətlərinin, strateji sənayelərin nümayəndələrinin, biznes elitasının rəhbərlərinin ilk dəfə baş tutan görüşündən məmnunam.
Hörmətli İlham Heydər oğlu, səfər proqramı çərçivəsində özünüzlə işgüzar dairələrdən ibarət geniş nümayəndə heyətini gətirdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çünki bilirəm ki, onlar tez-tez görüşürlər, lakin prezidentlərin himayəsi ilə biz ilk belə görüşü keçiririk. Əminəm ki, çox yaxşı nəticəsi olacaq. Çünki bir daha demək istəyirəm ki, mən onların çoxunu tanıyıram, onlar haqqında çox eşitmişəm, lakin onlar Özbəkistana belə missiya ilə ilk dəfədir səfər edirlər.
Onları özünüzlə gətirdiyiniz üçün bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki bizim sahibkarlar bir-birini çoxdan tanıyırlar, amma prezidentlərin himayəsi ilə belə bir görüşümüz olmayıb. İstəyirəm ki, dəstək verdiyiniz təqdirdə, - biz səfərlərə gedəndə, Siz məni dəvət etdiniz və mən də məmnuniyyətlə qəbul etdim, gələn il mütləq səfər edəcəyəm, - biznes nümayəndələri ilə belə görüşlər ənənəvi xarakter alsın. Onların artıq təcrübəsi, əməkdaşlıq etmək istəyi var və biz bütün şəraiti yaradacağıq ki, onların Özbəkistanda işləməsi qarşılıqlı faydalı və rahat olsun. Onlar buna əmin olmalıdırlar. Ona görə də bu gün mən onları məmnuniyyətlə dinləmək istərdim. Çünki gördüyünüz kimi, hörmətli İlham Heydər oğlu və mən dünya və regional bazarlarda qeyri-sabitlik şəraitində Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiririk, habelə bu prosesdə biznes təşəbbüslərinə və layihələrinə dəstəyin hansı rola malik olduğunu yaxşı bilirik.
Bu masa arxasında həm Azərbaycanda, həm də Özbəkistanda ayaq üstə möhkəm duran aparıcı şirkətlərin rəhbərləri və nümayəndələri əyləşiblər. Bunu bir daha sizinlə paylaşmaq istəyirəm ki, son üç-dörd il ərzində mən bu biznes elitasını yetişdirirəm və qoruyuram. Çünki bizim müəyyən tarixçəmiz olub. Bəzi insanlar yaxşı bilirlər ki, əvvəllər nə olub, indi vəziyyət necədir. Yəni, mənim üçün onların hər biri həqiqətən yetirmədir. Mən onların hər birini tanıyıram, biznes elitasının burada əyləşən nümayəndələrinin hər biri ilə görüşürəm, onlara hər cür şərait yaradıram. Bu gün isə onların Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyini istəyirəm. Görürsünüz ki, nə qədər nailiyyətlər əldə etmişik. Dünən keçirilən biznes-forumda artıq 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırılıb. Bunu uzun bir səyahətin başlanğıcı hesab edirəm, iri şirkətlərimiz isə bundan daha artığına qadirdir. Bugünkü görüşümüzün tarixi olmasını çox istəyirəm. Biz indicə mətbuatla görüşdük və dedim ki, hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik müqaviləsi imzalamışıq. Bilirsiniz ki, biz bu qədər qısa müddətdə heç bir ölkə ilə belə bir müqavilə imzalamamışıq. Niyə məhz mən və hörmətli İlham Heydər oğlu qısa müddətdə buna nail olduq? Çünki ölkələri, xalqları bir araya gətirmək üçün siyasi iradə var. Bizim birbaşa uçuşlarımız yox idi. Bu gün hər iki istiqamətdə həftədə 4 uçuş həyata keçirilir. Amma biz başqa şəhərlərə, yəni Səmərqəndə, Fərqanəyə, Urgençə yeni uçuşlar açmaq istəyirik və bunun üzərində ciddi işləyəcəyik.
Siz iqtisadiyyatın hərəkətverici qüvvəsisiniz, cəsarətlə yeniliklər edir, biznes yaradır və yeni iş yerləri açırsınız. Siz yaxın keçmişi yaxşı xatırlayırsınız. Qeyd etdiyim kimi, siz iqtisadi islahatların əsas hərəkətverici qüvvəsisiniz. Sizin Azərbaycanda, mənim isə Özbəkistanda indiki biznes nümayəndələrim çox böyük işlər görürlər. İlham Heydər oğlu, hər il avqustun 20-sində Sahibkarlar Günü qeyd olunur və Özbəkistan Prezidenti qaldırılan bütün məsələlərlə bağlı biznes ictimaiyyəti ilə görüşür. Bu tədbirlər bir ay ərzində davam edir və Prezident, Baş nazir, nazirlər və bütün əyalət rəhbərləri, bələdiyyə sədrləri də biznes-elita ilə görüşürlər. Beləliklə, onlar artıq daha həvəslidirlər. Hər görüşdə onlarla danışıqlar aparırıq. Çətin dövrdə bizneslərini davam etdirmələri, kapitallarını artırmaları, onların burada özlərini rahat hiss etmələri üçün hər cür şərait yaradırıq. Ona görə də onlar son qərarlardan həvəslənirlər. Düşünürəm ki, bayramaqədərki sonuncu iclasda onlara söz verdiyim bu sərəncamları imzalayacağıq. Biz bu görüşü Qaraqalpaqıstanda keçirdik, çünki Qaraqalpaqıstanda bizneslə məşğul olmaq üçün çox qeyri-adi şərait yaratmışıq. Hər kəs bütün vergilərdən azaddır. Torpaq bütün imtiyazlarla verilir və s. Orada şərait çox münbitdir. Odur ki, nümayəndələrimiz hazırdır ki, siz biznes nümayəndələri imkanınız varsa, daha iki-üç gün də bizdə qalıb, həmkarlarınızla görüşəsiniz. Onlar öz niyyətlərini, baxışlarını paylaşmağa hazırdırlar ki, şirkətlərimiz Azərbaycanda, sizinkilər isə Özbəkistanda təmsil olunsunlar. Biz İlham Heydər oğlu ilə razılaşdıq, mən təklif etdim ki, həm Bakıda, həm də Daşkənddə bizimki kimi bir məkan tikməyə başlayaq. Yəqin bilirsiniz ki, biz Səmərqənddə “əbədi şəhər”ə bənzər “əbədi şəhər” tikmişik. Hətta soruşdum ki, neçə hektar tələb olunur: bizə minimum 5 hektar lazımdır, 10 hektar varsa, ondan da yaxşı olar. Yaxud hər cür şərait yaradın. Bakıda özbək torpağı, Daşkənddə isə Azərbaycan torpağı olacaq. Ona görə düşünürəm ki, bu gün iş adamlarımız da öz təkliflərini verəcəklər. Artıq bunu etmək istəyən iş adamları var. Yəni, sizə lazım olan bütün şəraiti yaradacağıq.
Buna görə də Sizi Özbəkistanda görməyə bir daha şadam. Bir daha demək istəyirəm ki, mənim bütün komandam - Prezidentdən, Baş nazirdən tutmuş hər kəs istənilən vaxt sizinlə görüşəcək, Özbəkistanda qarşılıqlı faydalı şərait yaradacaq ki, özünüzü rahat hiss edəsiniz. Sizdən yalnız layihələr təklifi gəlməlidir. Bunu İlham Heydər oğlu da, mən də dəstəkləyəcəyik. Biz burada görüşürük və bu gün Özbəkistanda biznes mühitinin sizin üçün yaxşılaşdırılması ilə bağlı hər hansı təklifiniz olarsa, sizi dinləməkdən məmnun olaram.
Bir daha sizi görməyə şadam. Mən məmnuniyyətlə sözü İlham Heydər oğluna vermək istərdim.
Sonra Azərbaycan Prezidenti çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Şavkat Miromonoviç.
Hörmətli görüş iştirakçıları.
Əvvəlcə bu görüşün keçirilməsi təşəbbüsünə görə Özbəkistan Prezidentinə təşəkkür etmək istərdim. Qeyd edim ki, mənim praktikamda belə görüşlər heç vaxt olmayıb. Rəsmi səfərlər çərçivəsində biznes forumlarında iştirak etdiyim, yaxud xarici dövlət başçılarının səfərləri zamanı Bakıda biznes forumlarının keçirildiyi hallar olub, amma bir qayda olaraq onlar dövlət başçılarının hansısa qısa nitqlərlə müraciət etmələri ilə məhdudlaşıb, sonra çıxıb gediblər, biznes-forum isə öz axarı ilə davam edib. Prinsipcə, bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir. Ona görə də bundan başlamaq və Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istəyirəm.
Həmçinin bu gün imzalanan sənədlərin, ilk növbədə, müttəfiqlik münasibətlərinə dair Müqavilənin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir. İndiyə qədər - bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Həm də bu, çox qısa müddət ərzində bizim birgə fəaliyyətimizin nəticəsidir. Biz Şavkat Miromonoviç ilə məsələləri dəfələrlə müzakirə etmişik və əldə etdiklərimizə sevinmişik, amma həmişə daha çox iş görə biləcəyimizlə bağlı həyəcan keçirmişik. Mən ikimizi deyil, bir çox illər əvvəl – 15 və ya 20 il öncə Özbəkistan və Azərbaycanı nəzərdə tuturam. İlk dəfə Prezident kimi Özbəkistana düz 20 il əvvəl - 2004-cü ildə gəlmişəm və həmin vaxt Özbəkistan hökumətinə az bir müddət əvvəl rəhbərlik edən Şavkat Miromonoviçlə tanış olmuşam. Onunla birlikdə Səmərqəndə getdik və beləliklə, həmin vaxt bizim dostluğumuz başladı. Amma özbək dostlarımız ozamankı vəziyyəti yaxşı bilirlər, həm siyasi dialoqu, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün imkanlar yox idi, onlar, demək olar ki, mövcud deyildi, sadəcə, onlar olmayıb. Bu gün bizim burada təqdim etdiyimiz 20 istiqamət üzrə yeni təşəbbüsləri, təbii ki, diqqətlə öyrənəcəyik. Bununla yanaşı deməliyəm ki, prezidentlər səviyyəsində təkcə biznes sahəsində deyil, iqtisadi-ticari sahədə qəbul edilən hər hansı bir qərarın yerinə yetirilmədiyi hal olmayıb.
Daha bir mühüm mövzuya toxunmaq istəyirəm. Bilirəm ki, biznes strukturları siyasi konyunktura çox həssas reaksiya verir, onlar belə də etməlidir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura, sadəcə, heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Özbəkistan böyük potensiala malik ölkədir və indi bir növ çiyinlərini, qanadlarını yenicə açır və artıq uçur, amma hələ bir az vaxt, bir neçə il lazımdır ki, bu, sözün bütün mənalarında əsl uçuş olsun. Ölkə çox az dövlətlərdən biridir ki, siyasi sabitlik həm Prezidentin siyasətinə, həm də xalqın Prezidentə münasibətinə əsaslanır. Bu isə biznes üçün çox vacibdir. İrəlini görmək çox mühümdür, iş adamlarının, investorların onların investisiyalarının qorunacağını və məmnunluqla, sevinclə işləyəcəklərini, həmçinin gəlir əldə edəcəklərini bilmələri çox vacibdir. Həmçinin Özbəkistanda yaxşı investisiya mühiti var. Əks halda, qısa müddət ərzində bu qədər sərmayə olmazdı, onların bir çoxu xarici və yerlidir, yəni yerli investorlar sadəcə başqa ölkələrə yatırardılar, xaricilər isə gəlməzdilər. Ona görə də bütün bu amillər çox mühümdür. Prinsipcə, mən indiki halda Azərbaycan iş adamlarına müraciət edərək deyirəm, amma həmin sözləri Azərbaycan haqqında da söyləyə bilərəm. Bütün bu amillər Azərbaycanda da mövcuddur, ona görə də özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. Əgər investisiyaların statistikasına nəzər salsaq, bütün bunlar, necə deyərlər, bizim sözlərimizi daha çox təsdiq edər.
Bizim artıq investisiya proqramlarını müəyyən etdiyimiz sahələr – sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesidir. Bunlar işlərin artıq davam etdiyi yeganə istiqamətlər deyil. Daha bir əhəmiyyətli məqamı qeyd etmək istərdim. Bu, investisiyaların iki tərəfdən gəlməsidir. Deyək ki, bu, həmçinin Azərbaycanın praktikasında elə də tez-tez rast gəlinmir. Bir qayda olaraq, xarici investorlar Azərbaycanın neft-qaz sahəsinə maraq göstərir, digər sahələrdə xarici şirkətlərə gəldikdə, onlar Azərbaycanda əsasən iş müqavilələri almaq istəyirlər. Başqa sözlə desək, podratçı qismində çıxış etmək. Bu da yaxşıdır. Bizə yaxşı, ixtisaslı və vicdanlı podratçılar lazımdır. Amma bu, bizim təcrübəmizdə heç də istədiyimiz deyil, investisiyalar elə bil ki, paralel kursla daxil olur və bizim daha çox inkişaf etmiş sahələrimizi əhatə edir. Ona görə də bu sahədə münasibətlərimizin unikallığı, düşünürəm ki, həmçinin ictimaiyyətin, o cümlədən iş adamlarının böyük diqqətinə layiqdir. Son məqamda mən konkret layihələrin sadalanması ilə vaxtı çox almaq istəmirəm. Bu barədə çox danışmışıq. Bizim razılığa gəldiyimiz son məqam biznes layihələrinin informasiya dəstəyidir. Məsələn, Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olsun. Çünki bu gün biz bir növ aparıcı biznes strukturları ilə danışırıq, amma əminəm ki, öz müəssisələrini açmaq istəyən çoxlu sayda kiçik biznes, orta biznes nümayəndələri də olacaq. Ola bilər ki, onların sayı Xankəndidə tikiş fabrikində olduğu kimi min nəfərə çatmasın, cəmi 5 nəfər olsun. Əminəm ki, bu da, bugünkü səfər də, bizim danışdıqlarımız və imzaladıqlarımız da onlar üçün belə siqnal olacaq. Ona görə də nəyin baş verməsi, hansı imkanların olması, hansı iqtisadi sahələrin hökumət üçün prioritet təşkil etməsi haqqında informasiyalar nə qədər çox olarsa, iş adamları da bu istiqamətdə addımlayacaqlar. Birincisi, cəmiyyətlərimiz bir-biri haqqında daha çox informasiya alacaq, bu isə mütləq lazımdır, müttəfiqlər kimi buna nail olmalıyıq, həmçinin bu, biznes strukturları üçün də yaxşı oriyentir olacaq. Onlar biləcəklər ki, orada, məsələn, gəlir norması 20 faizdir, burada 15 faiz, başqa yerdə 25 faiz, yaxşı gəlir əldə etmək üçün bu sahə var. Ölkələrimizin potensialının çox böyük olduğunu və həmçinin investisiyaların qoyulması sahələrinin tamamilə geniş olduğunu nəzərə alaraq, əminəm, gəlir norması elə olacaq ki, onu başqa yerlərdə əldə etmək çətin ki, mümkün olsun.
Nəhayət, ən sonuncusu. Bakıya qayıdandan sonra, həmçinin şəhər meriyasına yaxşı bir yerdə 5-10 hektar ərazi ayırmağı tapşıracağam və Şavkat Miromonoviçin Bakıda Özbəkistan guşəsinin, Daşkənddə isə Azərbaycan guşəsinin yaradılması təklifini tam dəstəkləyirəm. Onlar həm bizim mədəniyyətimizi, həm adət-ənənələrimizi, həm də memarlığımızı təcəssüm etdirəcək. Beləliklə, biz də bu məsələnin üzərində fəal işləyəcəyik. Yaxın vaxtlarda belə bir yer seçəcəyik.
Diqqətinizə görə sağ olun.
Görüşdə çıxış edən şirkət rəhbərləri və iş adamları iki ölkə arasında neft-qaz, neft-kimya sənayesində, inşaat, inşaat materiallarının istehsalı, maşınqayırma, nəqliyyat, gəmiqayırma, sərmayə qoyuluşu və digər sahələrdə birgə layihələrdən danışdılar.
Dövlət başçıları çıxışlar barədə rəylərini bildirdilər.
Prezident Şavkat Mirziyoyev: İlham Heydər oğlu, hesab edirəm ki, bu, biznes dairələrimizin böyük birgə işinin başlanğıcıdır. Bir daha qeyd edirəm, İlham Heydər oğlunun dediyi kimi, siz əmin olmalısınız ki, biz hər cür rahat şərait yaradacağıq. Yetişdirdiyim şirkətlər artıq dedilər, - bu gün hər kəs çıxış etmək istərdi, amma təəssüf ki, vaxtımız məhduddur, - hamısı sizinlə əməkdaşlıq etmək istəyir. Bir daha deyirəm, biz yalnız qarşılıqlı faydalı əsasda bütün şəraiti yaradacağıq ki, bir ildən sonra sizin şirkətlərin nümayəndələri Özbəkistanda, bizim şirkətlər isə Azərbaycanda təmsil olunsun. Artıq başa çatdırdığımız iri layihələrin sayı bir deyil, iki deyil. Biz başlayanda heç kim bizə inanmırdı. Göründüyü kimi, əməkdaşlıq etmək olar. İkincisi, mən həmişə İlham Heydər oğluna bir məsələni deyirəm: əgər biz idxalı əvəzlədiyimizə baxsaq, görərik ki, başqa ölkələri təmin edirik. Biz əməkdaşlıq etsək, 2-3 ilə çox şeyə nail olacağıq və nəticələr də olacaq. “Global Textile” şirkətinin rəhbəri Müzəffər Razakov bu gün 2 min iş yerinin olduğunu bildirdi. Bu da real nəticədir - 2 min iş yeri. Mən ona tapşırdım ki, bu, Özbəkistanda ən nümunəvi klaster olmalıdır, çünki İlham Heydər oğlu, mən Sizə səmimi deyirəm, 3-4 ildir, rəqəmlərlə danışsaq, biz pambığın təxminən 15 faizini emal etmişik. Amma ümumi baxanda, 2016-cı ildən etibarən hazır lif satışı 700 milyon təşkil edib. Bu gün biz bu sənayeni tamamilə dəyişdirmişik. Biz ixrac edirik, yalnız ixraca yönəlmişik. 2,5 milyona yaxın vergi daxilolmaları ilə yanaşı, bütün respublika üzrə qadınları bu sahəyə cəlb etmişik. Bu sənayedə 4-4,5 milyardlıq ixracımız var. Yəni, bunlar bizim işimizin real nəticələridir. Ən əsası isə biz bunu sahibkarlara həvalə etdik. Klasterlər özəl mülkiyyətçilərdir, özləri əkir, emal edir və bazarda satırlar. Mən hər il onlara kömək edirəm. Toxuculuq üçün yaxşı bazar şəraiti olanda onlar özləri bacarıqlarını nümayiş etdirəcəklər. Amma onlar son üç-dörd ildir ki, fəaliyyət göstərirlər. Dövriyyə kapitalı olsun deyə, biz onları bir az dəstəkləyirik. Hər il onlarla görüşür, onlara dəstək oluram. İlham Heydər oğlu, odur ki, biz bu sahələrdə də yaxşı əməkdaşlıq edə bilərik.
Prezident İlham Əliyev: Şavkat Miromonoviçlə tamamilə razıyam. Eşidəndə ki, artıq iş başlayıb və planlar yetərincə genişmiqyaslıdır, çox sevindim. Qırx min ton pambıq, əgər biz indi 300 min ton istehsal ediriksə, bu, malik olduğumuzun təqribən 15 faizi deməkdir. Sahənin 5 mindən 11 min hektara qədər artırılması perspektivindən, - həm də orada torpaqların hamısı əkinə yararlıdır, - sizin texnologiyalarla biz düşünürəm ki, hektardan 4-5 ton pambıq yığacağıq, bu da tamamilə realdır. Yəni, biz 50 min ton həcminə çata bilərik, bu isə ciddi əlavə artım olacaq. Siz düzgün qeyd etdiniz ki, tekstil klasteri, ilk növbədə, qadınlar üçün iş yerləri deməkdir, yəni, bu, məşğulluqdur. Yəni, bu, çox faydalı layihədir. Həmçinin başqa yoldaşların məruzə etdikləri də birgə işimizin nəticəsidir.
Bizim nəqliyyatçılar da buradadırlar. Həmçinin nümayəndə heyətimizə, - mənimlə birlikdə gələn nümayəndə heyətini nəzərdə tuturam, - tövsiyə edərdim ki, Xəzər vasitəsilə daşımalar məsələsində bərələrin sifarişini təklif etsinlər. Bəlkə Siz nəqliyyat naziri ilə görüşəsiniz və elə bu mövzunu müzakirə edəsiniz. Çünki biz hazırda gəmiqayırma zavodumuzun gücünü artırırıq - hazırda burada 6 gəmi inşa edilir. Yəni, o, bizim sifarişlərimizi qəbul etmək üçün tam yüklənib. Yəqin ki, lazım olarsa, bununla kifayətlənməyəcəyik, çünki Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tezliklə hazır olacaq. Deməli, əlavə yüklər gələcək. Bütün hallarda həm siz, həm də biz bu planda birgə işləməli olacağıq. Həmçinin keçən görüşlərin birində mən Şavkat Miromonoviçə məlumat verdim ki, biz indi Qara dəniz regionuna fəal şəkildə çıxırıq. Dörd ədəd “Afromaks” tankeri almışıq, həm də nəzərə almalıyıq ki, bizim Qara dənizdə əvvəllər də gəmilərimiz olub. Əgər perspektivdə Sizi maraqlandırarsa, biz Qara dənizdə yüklərin daşınması üzrə birgə işləyə bilərik, çünki orada sifarişlərin həcmi yetərincə böyükdür. Qara dəniz hövzəsinin çətinlikləri isə, necə deyərlər, məlumdur, buna görə də burada birgə işləyə biləcəyimiz müəyyən sahələr var.
Qarabağda işlərlə bağlı. Tikintiyə töhfənizə görə sağ olun. Həmçinin iqtisadiyyat nazirinə tapşırıram ki, sizin köməyinizlə daha hansı layihələrin reallaşdırıla biləcəyi nəzərdən keçirilsin. “Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Praktik olaraq, elə bu yaxınlarda mənzillərin tikintisinə başlamışıq, yəni, hər şey əsasən infrastruktura yönəldilib. Mənzillərin tikintisi isə kütləvi şəkildə başlayıb. Biz artıq qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxunu yerləşdirmişik. Yəni, zənnimcə, mənzil tikintisi bütün infrastruktur başa çatdıqdan - 2026-cı ildən sonra olacaq, bu, əsas istiqamətə çevriləcək. Ona görə də bütün layihələr üzrə bizdə qərargah, təşkilat komitəsi var. İqtisadiyyat Nazirliyi investisiya layihələri ilə məşğul olur. Bu səbəbdən əlaqə saxlayın, düşünürəm ki, bizim növbəti görüşümüzdə siz hansı layihələrin həyata keçirildiyini deyə biləcəksiniz.
Prezident Şavkat Mirziyoyev: İlham Heydər oğlu, bir təklifim olacaq, hesab edirəm ki, bizim proqramımız zəngindir. Amma mən çox istərdim ki, hamını dinləyək. Lakin protokola əməl etməliyik. Amma mənim belə bir təklifim var, İlham Heydər oğlu, mən yenə də təklif edirəm, dediyim kimi, xahiş edirəm, bir gün də qalın ki, həmkarlarınızla danışasınız, sonra hər biriniz hansısa ortaq layihə ilə çıxış edəsiniz. Üstəlik, biz İlham Heydər oğlu ilə fondun məbləğinin artırılmasına dair razılığa gəldik. Yəni, işinizə başlamaq üçün dəstək verəcəyik. Daha müfəssəl danışın. Siz iş adamları, bir-birinizi dərhal başa düşürsünüz. Tərcüməçiyə ehtiyacınız yoxdur. Siz bir-birinizi çox tez başa düşürsünüz və biz prezidentlər - İlham Heydər oğlu və mən sizi dəstəkləyəcəyik. Daha sonra Yol xəritəsinə yeni layihələr daxil edəcəksiniz. Bir daha demək istəyirəm, əmin olmalısınız ki, bu, həm sizin, həm də bizim üçün daha rahat işləyə bilməyiniz baxımından qarşılıqlı faydalı olacaq. Qeyd etdiyim kimi, üçüncü ölkələr, məsələn, Əfqanıstan da var. Bizim Mərkəzi Asiyada 80 milyonluq bazarımız var, sərbəst şəkildə nəzərə ala bilərsiniz. Bunu diqqətdə saxlayın. Buna görə bir daha hamınızı Özbəkistanda görməyə şadam. Hesab edirəm ki, bu, Azərbaycanın və Özbəkistanın işgüzar dairələri arasında çox yaxşı qarşılıqlı əlaqələrin başlanğıcıdır.
Prezident İlham Əliyev: Tamamilə razıyam. Şavkat Miromonoviç, bu təşəbbüsə görə bir daha sağ olun. Həm bu təmas, həm də işgüzar dairələr üçün bizim tövsiyələrimiz düşünürəm ki, mühüm əhəmiyyətə malik olacaq. Sizinlə nazirlərimizin gördüyü işlərə nəzarət etdiyimiz kimi, beləcə onlara da nəzarət edəcəyik. Odur ki, qoy onlar buna hazır olsunlar.
Prezident Şavkat Mirziyoyev: Bəli. Odur ki, siz də nəzarətə hazır olun.
Sonra yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilməsi mərasimi oldu.
Bildirildi ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçirilməyə hazırdır. Bunlar aşağıdakılardır:
-Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi. Layihənin dəyəri 200 milyon dollardır.
-Qaşqadərya vilayətinin Qamaşı rayonunda gips və gips-karton məmulatları istehsalı zavodunun tikintisi, istehsal gücü sutkada 350 ton. Layihənin dəyəri 20 milyon dollardır.
-Daşkənddə “Agalarov Development” tərəfindən yaşayış komplekslərinin tikintisi. Layihələr 133 milyon dollara başa gəlib.
-Azərbaycan Respublikasının Yevlax rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 104 milyon dollardır. Pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Bu layihə Özbəkistanın “Global Textile” şirkətinin iştirakı ilə həyata keçirilir.
-Azərbaycan Respublikasının Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi. Layihənin dəyəri 6 milyon dollardır və Özbəkistanın “BUSINESS TEX” MMC şirkətinin iştirakı ilə həyata keçirilir.
-Azərbaycan Respublikasının İmişli rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 54 milyon dollardır və pambığın yığılmasından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Layihə Özbəkistanın “TST GROUP” şirkətinin iştirakı ilə həyata keçirilir.
-Azərbaycan Respublikasının Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması. Layihənin dəyəri 3 milyon dollardır.
X X X
Sonra prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanda və Özbəkistanda birgə layihələrin başlanmasını bildirən rəmzi düyməni basdılar.
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyini yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."
Milli Məclisin bəzi deputatlarına mənzil verilib - Evi olan da yeni mənzilə "yox" deməyib
"İnvest-Az İnvestisiya Şirkəti" məhkəməyə verildi
"Qalatasaray" TFF-yə müraciət etdi - Arda Turanın komandası ilə oyun təxirə salınacaq?
İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları təsdiqlənib
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır