Almaniya Braziliyaya futbol dərsi keçdi - FOTOLAR

img

09-07-2014 [08:50]


Bu oyun haqda belə isti-isti yazmamaq da olardı. Amma yazmamaq da olmur. Niyə yazmamaq olardı? Çünki bütün dünya ötən gecə hər şeyi öz gözləri ilə gördü. Ağladı və güldü! Bəs, hamının gördüyünü yazmaq nəyə lazım? Maraqlı sualdır. Cavabı daha da maraqlıdır.

Çünki Braziliyanın bu rəzilliyə doğru getdiyini biz də görürdük və yazırdıq. Gülürdük də... Nəyə? Azərbaycan mətbuatında Braziliyanın açıq tənqid etmək sən demə, hakimiyyəti tənqid etmək qədər riskli imiş ona gülürdük...Yox, heç kim zəng edib hədələmirdi, sadəcə...
Mundialın hələ qrup mərhələsində "Yeni Müsavat” yazmışdı ki, Braziliya bu oyunla çempion ola bilməyəcək.(Bax: "Braziliya? Bu oyunla çempion? Stop!, "Yeni Müsavat” 17 iyun) Çempionatla bağlı yazdığımız yazıları nöqtə-vergülünə toxunmadan(buna görə həmkarlarımıza sağ ol deyirik) gen-bol istifadə edən bəzi saytlar həmin materialı oxucularına çatdırmağa nədənsə, ürək etmirdilər. Kolumbiya ilə oyun ərəfəsi "Bu gecə Braziliyanın rəngi sara bilər” sərlövhəli yazısı da fikrimizcə, məhz bu səbəbdən "ixtisara düşmüşdü”. Bu Braziliyanın nə çox azarkeşi varmış Azərbaycanda...



Braziliya pley-off mərhələsində də sürünə-sürünə irəliləyəndə yenə də dönə-dönə yazdıq ki, ev sahibləri xüsusilə müdafiədə zəif oynayırlar və yalnız Neymarın sayəsində komanda qüsurlarını ört-basdır edə bilir.

Neymar sıradan çıxan kimi Braziliya çökdü. Həm də diz çökdü. Üstəlik, ev sahibi kimi rəzil oldu. Ən pisi beşqat dünya çempionu kimi rüsvay oldu. 1:7! Ortabab Belarus hokkeyçilərinin bu hesabla sonuncu dəfə nə vaxt uduzduğunu xatırlayan varmı heç?!



"Yeni Müsavat”ın yazdıqlarından bir sitat: "Braziliyanın baş məşqçisi Skolari hələ ilk oyunda Xorvatiya millisinə çətin qələbədən(3:1) sonra da tənqidlərə rəğmən "səhvlərdən nəticə çıxaracaqlarını” demişdi. O, eyni sözləri Çili ilə 1/8 final mərhələsində oyundan sonra keçirilən mətbuat konfransında da dedi: "Səhvləri analiz edəcəyik…”
Çili yığması ilə 120 dəqiqəlik bərbad oyunla "Skolari hələ bütün kartları açmayıb” düşünənləri də məyus etdi. İndi birmənalı demək olar ki, Braziliyadan artığını gözləməyə dəyməz, komandanın oyunu nədirsə elə budur. Burdan o tərəfə isə…”



Əslində, Braziliya Kolumbiya ilə 1/4 oyunda mübarizəni dayandırmalıydı. Heyf Kolumbiya kimi komandadan. Onlar yarımfinala çıxsaydı, azarkeşlər daha gözəl və gərgin bir mübarizənin şahidi olacaqdılar. Bu mundialda Kolumbiya Braziliyadan güclü idi. Amma torpaq və kolumbiyalıların azca təcrübəsizliyi onları mundialdan kənarda qoydu, Braziliyanı isə...rüsvayçı hala gətirdi. İndi yəqin özləri də peşmandırlar yarımfinala çıxdıqları üçün. Almaniya yarımfinal gecəsində Braziliyanın illərdi çəkdiyi bütün zəhmətinin içinə gül qoydu. Bu komandanın tarixinə qara hərflərə yazıldı: 1:7!
Almaniyanın 5-ci topdan sonra braziliyalı azarkeşlərə yazığı gəldi. Bu oyun 10:0-da ola bilərdi. Almanlar bir aya yaxındır Braziliyada yedikləri çörəyi tapdalamadılar. Braziliya komandasını isə əzib keçdilər.



Yenə yazdıqlarımıza baxaq:"Daniel Alveş, Tiaqo Silva, David Luiz, Marselo, Paulinyo, Oskar, Luis Qustavo, Halk, Fred və Neymar…Heyətə söz demək mümkün deyil, amma komanda… Bu komandanın adı məsələn, Haiti olsaydı, bu oyunlarla mundialın "əjdahası” adlanardı. Amma bu axı Braziliyadır. B-ra-zi-li-ya!”("Braziliyanın rəngi bu gecə sarala bilər” yazısından).

Yenə yazdıqlarımıza baxaq:"Daniel Alveş, Tiaqo Silva, David Luiz, Marselo, Paulinyo, Oskar, Luis Qustavo, Halk, Fred və Neymar…Heyətə söz demək mümkün deyil, amma komanda… Bu komandanın adı məsələn, Haiti olsaydı, bu oyunlarla mundialın "əjdahası” adlanardı. Amma bu axı Braziliyadır. B-ra-zi-li-ya!”("Braziliyanın rəngi bu gecə sarala bilər” yazısından).



Bəli, bu Braziliya olmasaydı, bu məğlubiyyətin üstündən "su içib” keçmək olardı. Amma bu axı Braziliya idi. B-ra-zi-li-ya! Öz meydanlarında oynamasaydılar, bu komanda çempionata bu oyunla çətin ki, vəsiqə qazanaydılar. Öz meydanlarında oynamasaydılar, bu qədər irəli gedə bilməzdilər. Öz meydanlarında oynamasaydılar, onlar haqda bu qədər yazılmazdı da. Öz meydanları olmasaydı, bu hesabı harasa, kiminsə ayağına yazmaq olardı. Daha nə yazasan ki...



"Braziliyalıların təcrübəli baş məşqçisi Skolarini başa düşmək olar. Onun məsuliyyəti bu çempionatda digər komandaların baş məşqçilərindən ikiqat daha ağırdır. Çili üzərində qələbənin qiymətini onun Neymara sarılaraq ağlaması da göstərdi. Bəli, Çili sıradan bir komanda deyildi. Bu, Skolarinin də etiraf etdiyi kimi "çox yaxşı futbolçulardan təşkil olunmuş, topla əla davranan komandadır”. Bəs, Braziliya?”(Yenə həmin yazıdan).



Braziliya yarımfinal gecəsi komanda deyildi. Almaniya heç tam gücü ilə oynamadı da. Braziliyanı dişləri vurdular və bundan sonra yalnız çeynəmək qalırdı...Çeynədilər də!
Braziliya serialı göz yaşları ilə bitdi...

(Daha ətraflı "Yeni Müsavat” ın 10 iyun sayında oxuyun).



AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA