Müdafiə Nazirliyinin 9 milyonluq pulu... - Şirkət rəhbəri bəraət istəyir

img

03-06-2024 [09:49]


Bakıda 9 milyon manat mənimsəmədə ittiham olunan “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 3-nə təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Üzeyir Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, əlavə olaraq Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum olunub.

İttihama görə, təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon 353 min manat vəsaiti mənimsəyib.

İttihamda o da göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyintidə ittiham olunur.

Üzeyir Həsənova qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb(Pravda).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq