İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)

img

18-05-2024 [08:40]


Prezident İlham Əliyevə və Prezident Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib.

Mia.az-ın məlumatına görə, qeyd edildi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.

Aydın Kərimov: Bu, 20 illik perspektiv üçündür. Burada şəhər inşa edəcəyik, gördüyünüz kimi onu çox yükləməyəcəyik.

Prezident İlham Əliyev: Yükləməyəcəyik ki, yer çox olsun, sərbəstlik olsun.

Prezident Aleksandr Lukaşenko: Tamamilə doğrudur.

Aydın Kərimov: Tarixi məhəllələr çoxdur. Əlbəttə, bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi. Siz bu gün həmin yoldan keçdiniz. Bu, böyük həcmdə işdir – 9 viaduk, 7 tunel. Bu, bizim Füzulidən Şuşaya rahat getməyimiz üçündür. İlk işlər infrastrukturun bərpası üzrə aparılıb. Burada hər şey dağıdılmışdı. Hətta istilik şəbəkəsi çəkdik, indi də şəhərə qaz çəkilib. Bizdə yaşayış kompleksində mərkəzləşdirilmiş istilik sistemi var. Orada artıq istilik və isti su verilir. Su təchizatı üçün dağlarda sututarlar yaratmışıq ki, daimi suyumuz olsun, su çatışmazlığını hiss etməyək. Küçə-yol şəbəkəsi. Bu, 56 kilometr uzunluqda şəhərdaxili yol şəbəkəsi, 81 küçə və müxtəlif kateqoriyalar - 10-12 metr enindən dar yollaradək. Təbii ki, şəhər mədəniyyət paytaxtıdır. Hazırda bizdə rəsmi olaraq 196 abidə var. Lakin təəssüf ki, gördüyünüz kimi, onların əksəriyyəti, demək olar, hamısı bu vəziyyətdədir. Cənab Prezidentin və hörmətli Mehriban xanımın səyləri sayəsində biz onlardan bəzilərinin bərpasına başlamışıq. Biz bu məhəllədə bir neçə binanın konsepsiyasını hazırlayırıq.

Prezident Aleksandr Lukaşenko: Pis olmazdı.

Prezident İlham Əliyev: Çünki onun möhkəmliyinə də, necə istifadə olunmasına da baxmaq lazımdır. Dağılmış evlərin bir hissəsi belə də qalacaq. Konservasiya olunaraq, burada nələrin baş verməsi barədə xatirə kimi saxlanılacaq.

Aydın Kərimov: Bu, bərpa olunmuş abidələrdən nümunələrdir - Mehmandarovların malikanəsi, Saatlı məscidi, Yuxarı məscid, Xalça evi, Vaqifin məqbərəsi.

Prezident İlham Əliyev: Şair Vaqifin məqbərəsi, onun köhnə şəkilləri yoxdur, yəqin ki, buradadır. O da tamamilə dağıdılmışdı. İlk bərpa etdiyimiz abidələrdən biridir.

Aydın Kərimov: Bulaqlar bərpa olunur. Hər məhəllədə, - burada 16 məhəllə olub, - məscid, bulaq və hamam olub. Hamamlardan yalnız biri qalıb, bulaqların hamısı demək olar ki, yararsız vəziyyətə salınıb. Əsas binaların yerləşəcəyi ümumi planlaşdırma belədir. Bəziləri artıq tikilib, bəziləri tikilir. Azad olunanda bu mərkəz belə görünüşdə idi. Beşmərtəbələr köhnə və əsasən dağılmış vəziyyətdədir. Yeni Baş plana uyğun olaraq, belə görünəcək. Bu yay onu təhvil verəcəyik. Tarixi ərazidə belə kiçik evlər olacaq. Bax, orada gözəl terraslı, yaşıllıqların olduğu belə kompleks tikiləcək. Həm ofislərin, həm mağazaların olduğu biznes-rayonun, habelə digər ərazinin də salınması nəzərdə tutulub. Bu, Sizinlə indicə olduğumuz həmin yaşayış kompleksidir. O, belə planlaşdırmaya malikdir. Bu isə şəhər məktəbimizdir. Artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq.

Prezident İlham Əliyev: Təxminən 1000 nəfərlik olacaq.

Aydın Kərimov: Şəhər xəstəxanamız 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq. O, şəhərin yuxarı hissəsində yerləşir. Bu, “realnı” məktəbinin binasıdır, o, musiqi və incəsənət kolleci kimi fəaliyyət göstərəcək. Hazırda sahəsinə görə Şuşada ən böyük abidədir. Bu isə poçt binası və dövlət xidmətləri mərkəzidir.

Prezident İlham Əliyev: O, əvvəl belə idi.

Aydın Kərimov: Sovet modernizmi. Yəni, olduğu kimi.

Prezident İlham Əliyev: Biz onu olduğu kimi, həmin üslubda bərpa edirik.

Prezident Aleksandr Lukaşenko: Bəli, bu, gözəldir.

Aydın Kərimov: “Qarabağ”, “Şuşa” mehmanxanaları. Bu, “Yasəmən” mehmanxanasıdır. Belə butikli tarixi otel. Şuşanın yaxınlığında Daşaltı kəndi var.

Prezident İlham Əliyev: Bax, bu, Şuşadır. Yuxarı qayanı görürsən, bax, o, həmin qayanın üstündədir. Üç tərəfdən dik qayalardır.

Aydın Kərimov: Burada isə ətəkdə kənddir. Həmin kənd hazırda özəl sektor tərəfindən turizm obyekti kimi tikilir.

Prezident İlham Əliyev: Orada mehmanxana da olacaq.

Aydın Kərimov: Bu yaxınlarda cənab Prezident bizim rayonda Şuşa ilə Laçın arasında tikiləcək ilk qəsəbənin təməlini qoydu, buradan 18 kilometr məsafədədir. Turşsu qəsəbəsi. Çox gözəl mənzərəli yerdir, 323 ev, yəni ailə. İlk 50 ailə artıq noyabr ayında köçəcək.

Prezident İlham Əliyev: Bu il.

***

Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına Mərkəz və sərgi barədə məlumat verdi.

Bildirildi ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidələri siyahısındadır. “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Məlumat verildi ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonları ilə təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

***

Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar.

Mia.az-ın xəbərinə görə, Prezident Aleksandr Lukaşenkoya məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

Daha sonra dövlət başçıları Şuşa qala divarlarını ziyarət etdilər.

Belarus Prezidentinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verildi. Bildirildi ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq rəmzi olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar etdilər.

Qeyd edək ki, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı verir.

Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub.

***

Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib.

Mia.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxdılar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Mia.az-ın məlumatna görə, bildirilib ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

Aydın Kərimov: Qıraqdakı iki heykəldən birincisi Azərbaycan klassik musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinindir. Sonuncu isə Polad Bülbüloğlunun atası, məşhur xanəndə Bülbülün heykəlidir. Ortadakı isə xan qızı Natəvandır. O, Qarabağ xanının sonuncu varisidir. Baxın, bu heykəllər 1992-ci ilədək burada – Mədəniyyət evinin qarşısındakı bağın yaxınlığında yerləşirdi.

Prezident İlham Əliyev: Mədəniyyət evi dağıdılıb.

Aydın Kərimov: Mədəniyyət evi yerlə-yeksan edilib, heykəllər isə vandalizmə məruz qalıb. Siz onların üzərində güllə yerlərini görə bilərsiniz. Onları gülləbaran ediblər.

Prezident Aleksandr Lukaşenko: Qoy, elə bu cür də qalsın.

Prezident İlham Əliyev: Bəli, məhz bu cür də qalır.

Prezident Aleksandr Lukaşenko: Qoy, hamı görsün.

Prezident İlham Əliyev: Bax, görürsünüz, mən bunları 2021-ci ilin yanvarında buraya gələndə gətirtmişəm. Onları əridilməyə göndərmişdilər, sonra isə Polad Bülbüloğlu heykəllərin əridilmək üçün ermənilər tərəfindən Gürcüstana göndərildiyini öyrəndi. Onda o atama müraciət etdi və biz onları satın aldıq, ölkəyə gətirtdik, şəhərin mərkəzindəki İncəsənət Muzeyinin həyətində yerləşdirdik, onlar demək olar ki, 30 il orada qaldı.

Prezident Aleksandr Lukaşenko: “5-45” avtomatıdır.

Aydın Kərimov: Daha sonra isə Polad Bülbüloğlu cənab Prezidentə müraciət etdi ki, onlar orada daha nə qədər qalacaqlar, gəlin onları Bakı şəhərindəki gözəl parklardan birinə qoyaq. Prezident bildirdi ki, qəti surətdə olmaz, biz onları Şuşadakı öz yerlərinə qaytaracağıq.

Prezident Aleksandr Lukaşenko: Düzdür.

Aydın Kərimov: Bu, 11-12 il bundan əvvəl olub.

Prezident İlham Əliyev: Şuşaya ilk dəfə gələndə mən onları buraya gətirtdim və olduqları yerə qoydurdum. O, (Üzeyir Hacıbəyli – red.) bizim himnimizin müəllifidir. Baxın, indi səslənən həmin himn budur. Ən maraqlısı odur ki, bu, 1918-ci il Azərbaycan Demokratik Respublikasının himnidir, bu dahi bəstəkar həm də sovet Azərbaycanının himninin müəllifidir. O, çox istedadlı bəstəkar, bənzəri olmayan insan olub. Üzeyir Hacıbəyli iki himn bəstələyib, həm Azərbaycan Demokratik Respublikası üçün, həm də Azərbaycan Sovet Sosialist Respublikası üçün. O, əslən Şuşa şəhərindəndir.

Aydın Kərimov: Onların hamısı Şuşa şəhərindəndir. Şuşa bir çoxlarının, onlarla məşhur insanın vətənidir.

Prezident İlham Əliyev: Bu, Qarabağın qurucusunun nəticəsi şairə Natəvandır. Onun həm də barmağını sındırmışdılar. Arxadakı bina isə onun sarayıdır, vaxtilə yaşadığı kompleksdir. O, dağıdılıb. Bu isə bizim məşhur müğənnimiz Bülbüldür, ona bülbül quşunun adı verilib.

Prezident Aleksandr Lukaşenko: Bülbül?

Prezident İlham Əliyev: Bu onun təxəllüsüdür. Onun da heykəli vandalizmə məruz qalıb. O da Şuşada doğulub.

Aydın Kərimov: Şuşada doğulub və böyüyüb.

Prezident Aleksandr Lukaşenko: Bunlar danışan heykəllərdir. Maraqlı şəhərdir.

Prezident İlham Əliyev: Bəli, qaya üzərində yerləşir.

Aydın Kərimov: Dəniz səviyyəsindən 1400-1600 metr hündürlükdədir. Aşağıda qala divarının və Natəvanın sarayının qalıqları görünür.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.

Mia.az xəbər verir ki, muzey barədə məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

Polad Bülbüloğlu: Aleksandr Qriqoryeviç, sovet dövründə Heydər Əliyevin göstərişinə əsasən burada Bülbülün muzeyi yaradılıb. Atam SSRİ-nin Xalq artisti, ümumittifaq mükafatları laureatı olub.

Prezident Aleksandr Lukaşenko: Bilirəm, mənə artıq bu barədə deyilib.

Polad Bülbüloğlu: Təsəvvür edirsiniz, belə bir vandallıq törədilib və güllələr heykəlin çənə hissəsində qalıb.

Prezident Aleksandr Lukaşenko: İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər.

Polad Bülbüloğlu: Onlar bizim görkəmli şairəmiz Natəvanın, bəstəkarımız Üzeyir Hacıbəylinin heykəllərini sürüyə-sürüyə aparmışdılar, daha sonra Heydər Əliyev bununla bağlı lazımi tədbirlər gördü, onları geri qaytarmağa nail oldu. Sonra İlham Heydər oğlu onları gətirdərək öz yerlərinə qoydurdu. Xudmani evdir. Bu evdə mənim atam anadan olub. Evin divarlarının qalınlığına baxın. Divarlar qalın olduğuna görə, ev qışda isti, yayda sərin olur. Burada ötən illərin xatirələri toplanıb. İnsanlar bax, belə yaşayıblar. Bu, sadəcə, etnoqrafik nöqteyi-nəzərdən də maraqlıdır.

Prezident İlham Əliyev: Fotoşəkillərdə həmin dövrün ruhu əks olunub.

Polad Bülbüloğlu: Baxın, bu qardaşımdır, bunlar isə qohumlardır. Bu şəkildə isə atam 7-8 yaşındadır, onu artıq şənliklərə mahnı oxumağa dəvət edirdilər. Həmin məclislərdən sonra o, müğənnilik etməyə başlayıb. Daha sonra onu Gəncəyə dəvət edirdilər. Sonra isə Tbilisiyə. Beləliklə, o, çox məşhur müğənni oldu. Burada biz beş dildə yazılmış belə bir lövhə hazırlamışıq. Atama mərkəzi küçədə abidə ucaltmışıq.

Prezident İlham Əliyev: Onun adını daşıyan küçədə.

Polad Bülbüloğlu: Aleksandr Qriqoryeviç, qeyd etmək istərdim ki, 1926-cı ildə Bakıda artıq rus dilində afişalar var idi. Bu, bizim dahi bəstəkarımız Üzeyir Hacıbəylidir. Bu şəkildəki isə başqa bir məşhur Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğludur, o, 80 yaşına qədər zil səslə oxuyub. O, məşhur xalq mahnılarının və muğamlarının bilicisi olan bənzərsiz insan idi. Bu abidə İlham Heydər oğlunun sayəsində Bakıda onun xatirəsini yad etmək məqsədilə ucaldılıb. Baxın, burada elə soyadlar var ki, onların hamısını bütün dünya tanıyır, hətta onlar Bülbül haqqında xoş sözlərini ifadə ediblər. Budur, Şostakoviç, Rostropoviç və dünyada məşhur olan digər incəsənət xadimləri.

Prezident İlham Əliyev: Stanislavski.

Polad Bülbüloğlu: Bəli, Stanislavski. Onlar sovet dövrünün elitası idi. Bu isə yeri gəlmişkən, atamın Böyük Teatrda 1959-cu ildəki sonuncu çıxışıdır. Moskvada Azərbaycan dekadası keçirilirdi. Bu isə xalq qəhrəmanımız Koroğlunun obrazıdır. O vaxt Heydər Əlirza oğlu da çıxışlarının birində qeyd etmişdi ki, biz Koroğlu deyəndə gözlərimizin önünə Bülbül gəlir, Bülbülün adı çəkiləndə isə mütləq gözlərimizin önündə böyük xalq qəhrəmanımızın obrazı canlanır.

Bu isə çox nadir əl yazısıdır, mən belə deyərdim, Heydər Əliyevin avtoqrafına tez-tez rast gəlmək mümkün olsa da, İlham Heydər oğlunun anası Zərifə Əziz qızı Əliyevanın imzası olduqca nadirdir. Çox gözəl əl yazısıdır. Onlar Bülbülün ev-muzeyində ayrı-ayrı vaxtlarda olsalar da, hər ikisi öz xatirə yazısını qeyd etməyi unutmayıblar və mən hər zaman İlham Heydər oğluna deyirəm ki, biz bu yazıları göz bəbəyimiz kimi qoruyuruq. O, hər zaman mənə və Müslümə (Maqomayev – red.) himayədarlıq edib. Eləcə də, yaradıcılıqla məşğul olmağa başlayan hər kəsə kömək göstərib. Özü fortepianoda çox gözəl ifa edirdi. Mən canlı şahidiyəm, Zərifə xanım ifa edirdi, Heydər Əlirza oğlu isə oxuyurdu.

***

Azərbaycan Prezidenti İlham Əliyev və onun belaruslu həmrakı Aleksandr Lukaşenko mayın 17-də Şuşa şəhərinə səfər ediblər.

Mia.az xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar

***

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Mia.az xəbər verir ki,  Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonra dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

***

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.

Mia.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə məlumat verdi.

Bildirildi ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinə xidmət etməyə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşasının bu il tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanları bölgəyə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verməklə, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

img img img img img img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR