NATO-nun Baş katibi Bakıda: "Cənubi Qafqaz regionunda sülh çox vacibdir" - İlham Əliyevlə görüş olub (FOTOLAR) - Yenilənib
17-03-2024 [22:31]
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib:
-Hörmətli cənab Baş katib.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Hörmətli cənab Baş katib, xoş gəlmisiniz, Sizi Azərbaycanda görməyimə çox şadam. Mənim dəvətimi qəbul edib səfərə gəldiyinizə görə təşəkkür edirəm. İki il əvvəl Brüsseldəki son görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Bu gün isə biz dialoqumuzu davam etdiririk.
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.
Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.
Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq.
Bu gün biz cənab Baş katiblə, həmçinin enerji təhlükəsizliyi məsələsini müzakirə etdik. Mən ona məlumat verdim ki, Brüsseldəki son görüşümüzdən bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlət bizim tərəfdaşımız oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.
Həmçinin mən cənab Baş katibi bizim yaşıl keçid gündəliyi haqqında məlumatlandırdım. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.
Cənab Baş katib, səfərə gəldiyinizə görə təşəkkürümü bildirirəm və Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.
Sonra NATO-nun Baş katibi bəyanatla çıxış edib:
- Çox sağ olun, cənab Prezident.
Cənab Prezident Əliyev, Bakıda yenidən olmaq çox xoşdur. Bu, mənim NATO-nun Baş katibi kimi Azərbaycana, Bakıya etdiyim ilk səfərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlirəm, çünki mən Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olmuşam. Həmin səfərlər xatirimdədir, çünki ölkənizdə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi fürsətini əldə etmək məqsədilə buraya yenidən gəlmək çox xoşdur.
Mən Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam.
Beləliklə, Siz cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayırsınız. Mən, həmçinin NATO-nun Baş katibi kimi burada, Bakıda olmağımdan məmnunam. Çünki Siz də qeyd etdiyiniz kimi, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. Biz uzun illərdir bir yerdə çalışırıq. Biz Kosovoda KFOR qüvvələrimizə verdiyiniz dəstəyi çox yüksək dəyərləndiririk, o cümlədən təbii ki, Prezident olduğunuz dövrdə Əfqanıstanda missiyamıza uzun illər verdiyiniz töhfə çox vacib idi. Siz tam haqlısınız. Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub. Çünki Siz hava limanının mühafizəsinə görə cavabdeh idiniz və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi.
Beləliklə, bu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.
Uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı var. Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm. Bundan əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır.
Mən, həmçinin Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözləyirəm. İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız.
Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz.
COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir. Bu axşam və sabah məni və nümayəndə heyətimi qəbul etdiyinizə görə çox minnətdaram. Görüşləri və müzakirələri səbirsizliklə gözləyirəm.
Çox sağ olun.
***
Martın 17-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
***
NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.
Mia.az xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Suriya prezidenti Azərbaycana gəlib - Şaraa belə qarşılandı
Sabah isti hava olacaq
Mətbuat Şurası "Sputnik Azərbaycan"la bağlı açıqlama yaydı: "Faktlar kobud şəkildə təhrif edilib, bu da..."
Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
Azərbaycan neftinin qiyməti 76 dollara qalxıb
“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir - Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?
Sumqayıtda kürəkən qayınatasını öldürüb - Açıqlama (YENİLƏNİB)
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
İsmayıllıda zəlzələ olub
Anar Abdullayev həbs olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Kristal Pelas” UEFA Avropa Liqasından kənarlaşdırıldı - Konfrans Liqasına niyə düşürüldü?
QHT.az saytının 10 yaşı tamam olub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
Aİ-nin 27 ölkəsinin əhalisi 450 milyonu ötüb - Statistika
Ərdoğanla Baxçalı telefonda müzakirə aparıblar
Röya Ayxanın xalası qızı: "Biləndə ki, onun xalası qızıyam..."
İstanbulda "Casperlar" kriminal dəstəsinə qarşı əməliyyat: 70 nəfər saxlanıldı, lideri isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Qəzzada yardım gözləyənlər atəşə tutulub
İranın şimalındakı hava limanı xarici reyslər üçün açılıb
Zelenski: "Rusiya Xarkovda doğum evini vurub"
"Adam söyüş söyür..." - Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: "Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da..."
Əliyev - Paşinyan görüşü: vasitəçisiz müzakirə və... - TƏHLİL
Qarşıda 3 günlük isti hava gəlir - Xəbərdarlıq
Azərbaycan əhalisi artıb
Azərbaycan I Liqasının başlama tarixi açıqlanıb
Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
Dövlət Baxçalıdan PKK-nın silahlarını yandırmasına reaksiya: "Türkiyə terror bəlasından qurtulur"
Xocalı soyqırımı vaxtı girov götürülmüş qadın məhkəmədə elə faktları açdı ki... - Ermənilər Bakıda hakim qarşısında
"Fənərbağça" 18 yaşlı seneqall yarımmüdafiəçi ilə anlaşdı - 5 illik müqavilə imzalandı
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
PKK 41 ildən sonra silahlarını bu mağarada yerə qoydu: 4 lider, 30 nəfərlik qrup silahını yandırdı - VİDEO, FOTOLAR
Ərdoğan: "Srebrenitsa soyqırımı tarixdə qaranlıq bir ləkədir"
Sabah hava necə olacaq? - Proqnoz
Unun satış qiyməti dəyişməyib
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
Pambıqçılıqla bağlı yeni fərman verildi
Prezident bələdiyyələrlə bağlı yeni qanunları təsdiqlədi
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
Ərdoğanın baş müşaviri vəfat edib - Sabiq DİN başçısı açıqladı
Prezident İlham Əliyev gürcüstanlı naziri qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)